MİRZƏ ƏLİ MÖCÜZ YARADICILIĞININ TƏDQİQİ VƏ NƏŞRİ TARİXİNƏ DAİR
Öz xalqının intibahı uğrunda yazıb-yaradan mütərəqqi dünyagörüşlü mübariz Azərbaycan şairi, əsərlərini əsasən ana dilində yazmış böyük satirik Mirzə Əli Möcüzün ədəbi irsi panfarsist hakimiyyət dövründə İranda təbii ki, çap edilə bilməzdi. Rza şah diktatorluğu devrildikdən sonra, Azərbaycanda Milli Hökumət fəaliyyət göstərdiyi bir dövrdə Möcüz əsərlərinin nəşri üçün əlverişli şərait yarandı. Şairin 252 səhifəlik ilk seçilmiş əsərləri 1945-ci ildə tədqiqatçı Qulam Məmmədlinin təşəbbüsü ilə SSRİ ilə İran arasında Mədəni Əlaqələr Cəmiyyəti Təbriz şöbəsinin nəşriyyatında çap edilir. Mətbuat səhifələrində Möcüzün məfkurə və yaradıcılığına dair məqalələr dərc edilməyə başlayır. O dövrdə istər Qulam Məmmədlinin, istərsə də digər müəlliflərin yazdığı bu məqalələrlə möcüzşünaslığın təməli qoyulur. Şairin əsərləri Şimali Azərbaycanda da Qulam Məmmədlinin tərtibçiliyi və ön sözu ilə 1948, 1954, 1982-cı illərdə nəşr edilir. Kitabdan-kitaba Möcüzün seçilmiş əsərlərinə daxil edilən şeirlərin sayı artır. 1963-cü ildə isə şairin seçilmiş əsərləri Pançenko familiyalı tərcüməçi tərəfindən rus dilinə çevrilərək çap edilir.

Təxminən 1948-ci ildən etibarən Şimali Azərbaycanda Mirzə Əli Möcüzə dair tədqiqatlar geniş vüsət almağa başlayır. Məmməd Arif1 (1948), Məsud Vəliyev2 (1950), Mübariz Əlizadə3 (1954), Cəfər Xəndan (1955), Lətifə Ömərova (1958), Əziz Mirəhmədov (1959), Məmmədrza Afiyət4 (1964), Nazim Axundov5 (1968), Mir Cəlal Paşayev6 (1969), Tofiq Hacıyev (1977), Tərlan Novruzov (1992) və s. tədqiqatçılar bu barədə monoqrafiya, məqalə və oçerklər yazırlar. Möcüzün həyat və yaradıcılığı haqqında məlumatlar «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» kitabına, üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nə, orta məktəblərin 10-cu sinifləri üçün yazılan ədəbiyyat dərsliyinə daxil edilmişdir.
İlk növbədə Möcüzü mütəxəssislərə və geniş oxucu kütləsinə tanıtdıran Qulam Məmmədliyə, həmçinin yuxarıda adlarını çəkdiyimiz tədqiqatçılara dərin minnətdarlıq hissini ifadə etməklə bərabər, onların tədqiqatlarında yol verilmiş bəzi xəta və səhvləri nəzərdən keçirmək istərdik. Şimali Azərbaycan ədəbiyyatşünaslığında Möcüz yaradıcılığının tədqiqi və nəşri sahəsində nəzərə çarpan əsas səhvləri Sovet İttifaqında hakim olan ideologiyanın tələbləri ilə izah etmək lazımdır. Azərbaycan sovet ədəbiyyatşünaslığında şairin dünyagörüşünün formalaşmasını şərtləndirən əsas amillərdən biri kimi onun öz vətəni və mühitində baş verən tarixi, ictimai-siyasi hadisələrin təsiri az öyrənilmiş, Rusiya inqilabının təsiri isə şişirdilmişdir. Məlum məsələdir ki, hər hansı bir əsər hakim ideologiyanın təsiri altında tədqiq edilərsə, birtərəfli və ya kökündən yanlış nəticələrə gətirib çıxarar. Bu xüsusda bir neçə faktı gözdən keçirək.
Q.Məmmədli Möcüzün Rza şaha münasibəti barədə düzgün məlumat vermir. O, şairin Rza Şaha qarşı olduğunu və onun əleyhinə tənqidi şeirlər yazdığını göstərir.7 Bunu sübut etmək üçün şairin «Mən neyləyim» rədifli şeirində beytlərin ardıcıllığı pozulmuş (16-cı beyt 14-cü beytin yerinə qoyulub), şeirdə gedən «Şahi-cavan» ifadəsi «Şahi-Rza» ilə əvəz edilmişdir. Möcüzün öz əlyazmasında həmin hissə belədir:
Pəhləvizadə çıxıb taxta deyirlər, deyəsən,
Və qoyub başına taci-Qəcəri, mən neyləyim.
Bağladı Məclisi-Şuranı topa Məmdəli şah,
Düşdü öz canına axır şərəri, mən neyləyim.
Qəmər əqrəbdə qayıtdı vətənə şahi-cəvan,
Yaxşı saatda edibdi səfəri, mən neyləyim.
Gözü, qaşı, bədəni, hər yeri bənzər şahə,
Az imiş mədrəki, yoxmuş hünəri, mən neyləyim. 8
Göründüyü kimi, burada sadəcə olaraq Rza şahın səltənət taxtına çıxmasından danışılır. Məclisi-Şuranı topa tutan Məmmədəli şaha və 1299-cu il xordad ayının 13-də (1920-ci il mayın 3-də) Avropa səfərindən vətənə qayıdan «Şahi-cavan», yəni Əhməd şaha9 satirik münasibət bildirilir. Lakin Qulam Məmmədli:
Pəhləvizadə çıxıb taxta deyirlər deyəsən,
Və qoyub başına taci-Qəcəri, mən neyləyim
– beytindən sonra:
Gözü, qaşı, bədəni, hər yeri bənzər şahə,
Az imiş mədrəki, yoxmuş hünəri, mən neyləyim
– beytini verməklə əsərin məzmununu dəyişdirmiş, nəticədə satira Məmmədəli şah və Əhməd şahla bərabər Rza şaha da aid edilmişdir.
Cənubi Azərbaycan ədəbiyyatına dair bir sıra tədqiqat əsərlərinin müəllifi olan Cəfər Xəndan Möcüz yaradıcılığına xüsusi diqqət yetirmişdir. 1955-ci ildə çapdan çıxmış «XX əsr Azərbaycan ədəbiyyatı» adlı kitabında o, şairin həyat və yaradıcılığı, həmçinin dünyagörüşü barədə ətraflı mülahizələr söyləmişdir. Dəyərli məlumatlarla zəngin bu monoqrafiyada bəzi qeyri-elmi, tarixi gerçəklikləri əks etdirməyən fikirlərə də rast gəlirik. Müəllif yazır: «Cənubi Azərbaycan xalqının qarşısında duran ən mühüm vəzifə milli istiqlaliyyət idi. Bu vəzifəni yaxşı başa düşən Möcüz vətənpərvərlik mövzuunda şeirlər yazmağa başlayır».10 Cəfər Xəndan öz fikrini sübut etmək üçün şairin «Neçin ah eylədin, ey bülbüli-nalani-vətən» misrası ilə başlanan siyasi qəzəlindən bu iki beyti verir:
Vətəniz cismdi, siz də vətənə can kimisiz,
Razı olmun qala cansız vətən, ey can vətən.
Olmayıb şad, üzü gülməyib, əfsus, əfsus,
O zamandan ki, olub Möcüzə İran vətən.11
Vətənpərvər şairin yazdığı şeirlərdə təkrar-təkrar işlənən “vətən” sözünün anlayışı, ümumiyyətlə, İranla bağlıdır. Tədqiqatçının iddiasının əksinə olaraq, onun misal gətirdiyi beytlərdə də bu söz həmin mənada işlənmişdir. Söz yox ki, “vətən” deyilərkən İranın nəzərdə tutulduğu bir məqamda Azərbaycanın milli istiqlalından söhbət gedə bilməz. Müəllif monoqrafiyasının başqa bir yerində bir daha həmin mövzuya qayıdır və «Beyrəqi-ədalət» məcmuəsilə bağlı başqa bir tarixi səhvə yol verir: «Oktyabr sosialist inqilabından sonra Bakı inqilabi mətbuatında, İran sosial-demokratlarının nəşr etdirdikləri «Beyrəqi-ədalət» məcmuəsi… səhifələrində Azərbaycan xalqının milli istiqlalı mövzusunda yazılmış ciddi yazıları oxuyan Möcüz öz atəşin şeirləri ilə onlara səs verir…».12
Məsələ burasındadır ki, 1917-ci il Oktyabr inqilabından sonra Bakıda yaradılmış Ədalət Partiyasının orqanı olan «Beyrəqi-ədalət» məcmuəsini İran Demokrat Partiyasına aid etmək olmaz. O dövrdə bolşeviklər Şimali Azərbaycanda yaşayan minlərlə Cənubi Azərbaycan fəhlələrini Ədalət Partiyası ətrafında toplayaraq, onları Qızıl Ordunun sıralarına cəlb etməyi planlaşdırmışdılar. Cənubi Azərbaycan Demokrat Partiyası isə iranlıların Rusiyada gedən siyasi hadisələrdə iştirakını məsləhət görmürdü. «Beyrəqi-ədalət»in Cənubi Azərbaycan Demokrat Partiyasına münasibəti tənqidi olmuş, get-gedə bu tənqidi münasibət şiddətlənərək, düşmənçiliyə çevrilmişdir.13 Müəllif adı çəkilən əsərində Möcüzün «Beyrəqi-ədalət» məcmuəsini oxuduğuna dair heç bir mənbə göstərməmişdir.
Möcüz haqqında yazılan ilk namizədlik dissertasiyası şairin həyat və yaradıcılığını tədqiq edənlərin diqqətini cəlb etməyə bilməzdi. Tədqiqatçı Lətifə Ömərova bu mövzuda yazdığı elmi işini 1958-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap etdirmişdir. Qeyd etmək istərdik ki, L.Ömərova bu əsərində Möcüzə dair ona qədər yazanlardan irəli gedə bilməmişdir. Monoqrafiyanın «Möcüz yaradıcılığının bəzi sənətkarlıq xüsusiyyətləri» adlı bölümündə müəyyən maraqlı məqamlarla rastlaşsaq da, əsər əsasən partiyalı ədəbiyyat tələbləri əsasında yazılmış, müəllif bəzi mübaliğələrə də yol vermişdir.
Məlumdur ki, İkinci Dünya müharibəsinə qədər hələ Yaxın və Orta Şərq ölkələri, o cümlədən də İran, ABŞ-ın müstəmləkəçilik siyasətinə məruz qalmamışdı. Bu səbəbdən də həmin dövrə qədər, Möcüzün, mütərəqqi dünyagörüşlü digər şair və yazıçıların əsərlərində Amerika imperializminə qarşı bir söz-söhbətə rast gəlmirik. L.Ömərova İngiltərə, çar Rusiyası və Almaniya imperiyaları ilə bərabər, Amerikanı da Möcüzün mübarizə meydanına daxil etməyə çalışmışdır.14
Möcüz yaradıcılığında cümhuriyyət mövzusuna gəldikdə isə, qeyd etməliyik ki, 1924-cü ilin fevral ayında Tehranda və İranın digər şəhərlərində şahlıq üsul-idarəsinin dəyişdirilərək cümhuriyyət elan edilməsi məqsədilə böyük nümayişlər keçirilmişdi. Qısa fasilədən sonra İran parlamentində cümhuriyyət elanı üçün açıq iclas təşkil edildi.15 Möcüz bu cümhuriyyətçi hərəkatla ciddi surətdə maraqlanaraq, bu xüsusda bir neçə əsər, o cümlədən «Cümhuriyyətə» adlı məşhur siyasi lirik şeirini yazmışdır. L.Ömərova həmin şeirlə əlaqədar belə yazır: «Möcüz «Cümhuriyyətə» adlı şeirində yenə də Cənubi Azərbaycanda cümhuriyyət yaranması arzusunu ifadə edərək deyir: «Zərin qədrini zərgər bildiyi kimi, cümhuriyyətə hər kəs müştəri olmaz».16
Azərbaycan sovet elminin digər nümayəndələri də bu xüsusda oxşar çıxışlar etmişlər. Bu mənada görkəmli Azərbaycan alimi Əziz Mirəhmədovun Möcüzə həsr etdiyi əsər diqqəti çəkir. 1960-cı ildə üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nə salınmış bu tədqiqat möcüzşünaslıqda baş vermiş inkişaf və dərinləşməni əks etdirir. Alim burada şairin «Azərbaycan ədəbiyyatı tarixində bir çox cəhətdən orijinal sənətkar» olduğunu göstərir. Möcüzün dinə münasibətindən danışarkən, o, haqlı olaraq, şairin Sabirdən «xeyli irəli getdiyini» söyləyir.17 Möcüz yaradıcılığındakı bədii sənətkarlığa gəldikdə, onun Azərbaycan satirasında özünəməxsus dəst-xətti olduğunu qeyd edir.18 Ə.Mirəhmədovun tədqiqatında razılaşmadığımız bir mətləb varsa, o da haqqında danışdığımız Amerika imperializminin tənqidi ilə bağlı məsələdir.
Möcüz xalqının şüurunu, dərrakəsini buxovlayan «cəhalət divi»nə qarşı var qüvvəsi ilə, «şəmşiri-abdari-bəyanilə» ömrü boyu mübarizə aparmışdır. «Miskin qoyun» başlıqlı bir şeirində o, iti bəyan qılıncı ilə «divi-cəhalət»ə işarə edərək yazır:
Çün qüvvə verdi qəlbimə mey, söylədim ki, hey
Saqi, tez ol, gətir mənə şəmşiri-Heydəri.
Sordu: neçün? Dedim: a kişi, görmüsən məgər,
Eylir xərab divi-cəhalət Şəbüstəri?
Zənn etmə div birdi, dedi, bu diyardə,
Minlərcə div xəlq edib ağayi-Şüştəri!19
Qulam Məmmədlinin 1945-ci ilə aid ilk çapında «Şüştəri» sözü səhvən «Şüstəri» kimi getmişdir. Ehtimal ki, Q. Məmmədli bu sözü Möcüzün əlyazmasından olduğu kimi götürmüşdür. Məlumdur ki, əlyazma nüsxələrində sözlərin yazılışındakı imla müxtəliflikləri, nöqtələrin gözdən qaçırılması, digər səhvlər adi haldır. Əsər çap edilərkən həmin sözün «Şüstəri» kimi yazılması üzündən Ə.Mirəhmədov bunu amerikalı Morgan Şusterin adı kimi yozmuşdur.20 Tarixdən məlumdur ki, İranın bərbad maliyyə vəziyyətinin nizama salınması üçün 1911-ci ildə Morgan Şuster İran parlamentinin dəvəti ilə Amerikadan bu ölkəyə səfər etmişdi. Lakin İngiltərə və Rusiya hökumətləri bu səfərdən narahat olmuş və Rusiyanın bu xüsusda İrana verdiyi ultimatumdan sonra Morgan Şuster İranı tərk etmişdi. Qeyd etdiyimiz kimi, Amerikanın İrana qarşı imperialist siyasəti II Dünya müharibəsindən sonra özünü göstərməyə başlamışdı. Ə.Mirəhmədovun təhlilə cəlb etdiyi həmin şeirin məzmununun nə Amerika, nə də Morgan Şusterlə əlaqəsi vardır. Möcüz burada o dövrün tanınmış müctəhidlərindən biri olan Şeyx Cəfər Şüştərini21, ya da Seyid Əli Şüştərini nəzərdə tutmuşdur.22*
Prof. Firidun Hüseynov «XX əsr Azərbaycan ədəbiyyatı» kitabında müasir Cənubi Azərbaycan şairi Mirzə Hüseyn Kərimini Sabir və Mirzə Əli Möcüzün davamçısı kimi təqdim edir.23 Bu fikirlə heç cür razılaşmaq olmaz. Kəriminin əsərləri öz məzmunu etibarilə fikahi şeirlər və dini həcvlərdən ibarətdir.** Mürtəce, dini görüşdən çıxış edilən əsərlər, istər dini həcvlər, istərsə də kütlə üçün yazılmış, mənasız gülüş doğuran fikahi şeirlər olsun, satira və yumor hesab edilə bilməz. Pəhləvi rejimi dövründə milli-demokratik ədəbiyyatımızın görkəmli nümayəndələrinin, o cümlədən, Sabir və Möcüzün əsərlərinin nəşrinə qətiyyən icazə verilmədiyi halda, Kəriminin «Rəngarəng» adlı şeirlər kitabı, mərsiyələri dəfələrlə çap edilmişdi. Bunun da səbəbi ancaq hər iki şairin daban-dabana zidd olan dünyagörüşlərindən ibarətdir.
Görkəmli dilçi alim, prof. Tofiq Hacıyev «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» adlı dəyərli əsərində Möcüz satiralarının dil xüsusiyyətlərinə önəmli yer vermişdir. Həmin əsərdə Azərbaycan satira dilinin işlənib hazırlanmasında Möcüzün xeyli əməyi olmasından, Azərbaycan satira dilinin cənub variantının formalaşmasında onun böyük rolundan ətraflı bəhs edilir.24 Bu tədqiqat əsəri Möcüzün dilinə dair maraqlı materiallarla zəngindir.
Şimali Azərbaycanda Möcüzə tədqiqat həsr etmiş müəlliflərdən Kamran Məmmədov və Tərlan Novruzovun25 adlarını çəkmək istərdik. Bu tədqiqatçılar şairin dünyagörüşü və əsərlərinin bədii xüsusiyyətləri ilə bağlı bir sıra maraqlı və incə nöqtələrə toxunsalar da, bəzi səhvlərə yol vermiş, real faktlara əsaslanmayan fikirlər söyləmişlər. Məsələn, Kamran Məmmədov «Mirzə Əli Möcüz yaradıcılığında məişət satirası» adlı məqaləsində yazır: «… Möcüz məşhur inqilab qəhrəmanları Səttarxana, Ş.M.Xiyabaniyə, Heydər Əmioğluna, Həllacoğluna, xüsusən də dünya proletariatının rəhbəri V.İ.Leninə böyük rəğbət hissi ilə yanaşmış, onların haqq işi uğrundakı mübarizələrini alqışlamışdır».26 Möcüz əsərlərində (çap və əlyazmaları nəzərdə tutulur) adları yuxarıda çəkilən şəxslərdən yalnız Lenin və Xiyabaniyə əsər həsr etmişdir. Həllacoğluna isə Möcüzün münasibəti müsbət olmamışdır.
Xudadan qorxar Həllacoğlu, mey içməz şəbi-cumə,
Tökər məzlumların qanın yerə, bu kardən qorxmaz.27
Fikrimizcə, Möcüzün Həllacoğluna münasibətinin düzgün olub-olmadığı barədə ayrıca tədqiqat aparmaq lazımdır.
* * *
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu günə qədər İranda Azərbaycanın böyük humanist, satirik şairi Mirzə Əli Möcüzə layiq olduğu, samballı tədqiqat əsəri həsr edilməmişdir. Bunun əsas səbəbi İranda bir əsrə yaxın hökm sürmüş Pəhləvi və indiki islam rejiminin şovinist-irticaçı mahiyyəti ilə izah edilməlidir.
1946-cı ildən 1979-cu il İran inqilabına qədər mətbuat səhifələrində və bəzi kitablarda Möcüz haqqında bir-birindən çox da fərqlənməyən az sayda yazılar çap edilmişdir.
Pəhləvi hakimiyyəti devrildikdən sonra bu xüsusda yazılan əsərlərin sayı müəyyən qədər artmağa başlayır. Amma bu yazıların müəyyən qismini Qulam Məmmədlinin Möcüz əsərlərinə yazdığı müqəddimədən, Mir Cəlalın şairə həsr etdiyi monoqrafiyalardan alınmalar təşkil edir. Bəzi kompilyasiyaçılar (kitabsazlar) əsərlərində başqa müəllifə məxsus, heç də yeni olmayan məlumatları bir kəşf kimi təqdim etmişlər. Qeyd etməliyik ki, bu baxımdan Əlirza Nabdilin «Azərbaycan və məsəleyi-mili» əsərindəki Möcüzə dair hissə, həmçinin doktor Zehtabinin 1982-cı ildə Bakıda nəşr edilmiş Möcüz əsərlərinə dair tədqiqatı istisna təşkil edir. Nabdilin təhlili və düşüncələri ilə tam razılaşmasaq da, fikrimizcə, şair haqqında öz müstəqil mülahizələrini söylədiyinə görə dəyərləndirilməyə layiqdir.
1948-ci ildə Mehdi Müctəhidi nəşr etdirdiyi «Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət» adlı kitabında Möcüzə xüsusi yer ayırmışdır.28 Məqalənin sərlövhəsində şairin «Aşiqi-pərişan» şeirindən aşağıdakı beyt verilir:
«Gör al» rəsmdir, bəs «görmə al» nədir,
Əcəb nizam qoyub hökmdarı Tehranın.
Beyti açıqlayan müəllif «gör al» və «görmə al» ifadələrini yanlış olaraq «müstəqim və qeyri-müstəqim maliyyat» kimi izah edir. T.Hacıyevin sözləri ilə desək, şair «öz üslubuna, ideyasına uyğun yeni sözlər və ifadələr yaradır». «Gör al» və «görmə al» da onlardan biridir. Səranə – adambaşına vergi ilə əlaqədar yaranan bu iki ifadənin mənası əsərin özündən məlum olur. Şeirdə deyilir ki, başı bəlalı oğlum heç vətəndə yaşayırmı ki, mən onun səranəsini (dövlətə ödənilən adambaşına vergi) verim. Əgər onu görsən, alarsan!
Şairin məfkurəsi ilə əlaqədar, xüsusilə də onun dinə münasibəti barədə söylənilən ziddiyyətli fikirlər diqqəti daha çox cəlb edir.
Dini mövqedən çıxış edən Mehdi Müctəhidi yazır: «Möcüz bəzən tənqidlərində ifrata varır, öz dərk və fəhmindən uzaq mövzulara girişərək, etiqadsızlıqlara yol verir». Sonra müəllif bu dediklərinin tam əksinə olaraq yazır: «Möcüzün din xadimlərinə etdiyi hücumlara baxmayaraq, o qəlbən şiə olub imamın zühuruna etiqad edirdi». Sözsüz ki, Müctəhidi bu səhv mülahizəsini söylərkən şairin «Vəsiyyətnamə» adlı şeirinin son beytinə əsaslanıb.
Zühuri-həzrəti-Qaim yaxındır, ölmə, ya Möcüz,
Bulut altında qalmaz daima gün, xəlq zülmətdə!29
Möcüzə məxsus yumoristik üslubun bir xüsusiyyəti də ondan ibarətdir ki, o əsərini bəzən avam, mövhumatçı dilindən deyir, bəzən də özünü mənfi tiplərin təmsilçisi kimi apararaq kinayə, ironiya və eyhamlarını da özünə ünvanlayır. Şair oxucuya daha güclü təsir etmək üçün bu üsuldan xeyli istifadə etmişdir. Məsələn:
Möcüz utanır qırxmır saqqalı deyirlər,
Nə? Bizdə həya olsa, cəhalətdən utannux!30
Həqiqi bir mübariz, maarifpərvər şair kimi Möcüz yalnız ruhanilərin tənqidi ilə kifayətlənmir, xalqa dinin əsas mahiyyətini başa salmağa çalışır. Şairin yumorunun mahiyyətini anlamayan M.Müctəhidi onun misralarını yanlış istiqamətdə təhlil etmiş və eyni halda öz yazdığı ziddiyyətli mülahizələrində fərqinə vara bilməmişdir.
226 səhifə həcmində olan «Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət» kitabının nəşrindən əlli il sonra Qulamrza Təbatəbayi Məcd ona 400 səhifə əlavə edərək, kitabı yenidən çap etdirmişdir. Kompilyasiya məhsulu olan bu mənbənin əlavələr bölümündə, həmçinin izahlarda gedən səhv və qeyri-elmi mülahizələr ümumiyyətlə, mətnin özündən daha rəngarəng və zəngin olmuşdur! Tərtibçi Möcüzlə bağlı «izah»ında yazır: «Möcüz Şəbüstərdə sakin olduğu ilk çağlarda növhə yazmaqla məşğul olmuşdur».31
Artıq İstanbulda bir mütərəqqi, demokrat şair kimi dünyagörüşü formalaşan Möcüz 1905-ci ildə vətənə qayıtmışdı. Vətəninin maddi, mənəvi səfalətini, fəlakətli vəziyyətini görən şair ürək ağrısı ilə onun ağlar halını öz «növhə»lərində əks etdirmişdi. Bu barədə Möcüzün farsca yazdığı tərcümeyi-halında oxuyuruq: «…16 il orada (İstanbulda) qaldım, [sonra] Şəbüstərə gəldim. Vətənin ağlar halını gördükdə, növhəxanlığa başladım. [Lakin] axundlar mənim növhəxanlığımı bəyənmədilər. [Mənə] müharibə elan etdilər…».32
Heç bir şərhə ehtiyac olmayan bu sətirlərdə şairin kinayəli şəkildə dediyi «növhə» sözünün hansı mənada işləndiyi aydındır. Bu növhələr Təbatəbayinin və eləcə də onun səviyyəsində olan Ustadının başa düşdüyü növhələrdən tamamilə fərqlənir. Məhz buna görə də axundlar, mürtəcelər, qaragüruhçular Möcüzün "növhəxanlığ"ını nəinki bəyənmədilər, hətta ona qarşı müharibə elan etdilər. Maraqlıdır ki, Möcüzün bu bədii ifadəsinə təxminən səksən il sonra fars şairi Mehdi Əxəvanın şeirində rast gəlirik: «Mən mərsiyəquye-vətəne-mordeye-xişəm» («Mən ölmüş vətənimin mərsiyə (növhə) deyəniyəm».
Doğma yurduna qayıtmış Möcüzün vətənin ağlar halına yazdığı «Dedilər» rədifli şeirini, öz təbiri ilə desək, növhəsini bir misal olaraq nəzərdən keçirsək, yerinə düşər.
Çün yetişdim vətənə, «açma dəhanın», dedilər,
«Dinmə, danışma və tərpətmə zəbanın», dedilər.
«Məscidə daxil olan vəqtdə kürnuş eylə,
Ver səlam, öp əlin ağayi-Zəmanın», dedilər.
Buna bənzər bir neçə başqa beytlərə diqqət yetirək:
Oynama, çalma, danışma, gülmə, dinmə, lal otur,
Yaxşıdır min dəfə burdan bir məzar, ey dustan...
Yaxud:
Səkinə guşeyi-viranədə can verdi acından,
Eşitcək bu sözü başın vurar divarə iranlı.
Əcəb sahibi-mürüvvət, rəhmdil millətdi bu millət
Ki, ağlır min sənə əvvəl ölən aclarə iranlı.
Səkinə adlı çox qızlar yatır ac bu vilayətdə,
Çörəkçixanələr bağlı, qalıb avarə iranlı.
Yalandır bu nümayişlər, inanma hərgiz, ey Möcüz,
Yığır azuqəsin xəlqin qoyur anbarə iranlı.33
İranda çeriki (partizan) hərəkatının görkəmli nümayəndələrindən olan şair Əlirza Nabdil «Azərbaycan və milli məsələ» adlı əsərində Möcüzün ictimai-siyasi görüşlərinin təhlilinə xüsusi yer vermişdir. Ümumiyyətlə, Möcüz yaradıcılığını yüksək qiymətləndirən Nabdil onun barəsində bəzi tənqidi fikirlərini də söyləyir: «Onun (Möcüzün) əsas mübarizəsi yerli istismarçılara və onların himayədarları olan ruhanilərə qarşı idi. Şəhərlərdə müctəhidlərin hakimiyyətə qarşı müxalif olmaları və onlarla hər cür əməkdaşlığı haram elan etmələri Möcüzün rejimə qarşı sərt münasibət göstərməsinə mane olur. Möcüz din əleyhinə mübarizəsini (əlbəttə, materializm mövqeyindən deyil, özünəməxsus formada) sinfi mübarizədən ayırmamışdır... Bununla belə feodal militarizmi hakimiyyətə gəldikdən sonra bütün istismarçı qüvvələri ətrafına toplayıb özünə tabe etdirmək istədikdə, Möcüz günü-gündən artmaqda olan təzyiqlərə qarşı qətiyyətlə mübarizə aparmır. Əslində o, Rza şahın əks-inqilabçı mahiyyətini başa düşməkdə aciz idi...»34.
Nabdil dini rəhbərlərin həqiqi simasını lazımınca başa düşmədiyinə görə Möcüzü tənqid etmişdir. Hər şeydən əvvəl Möcüz irticaçı ruhanilərin mahiyyətini, onların ictimai-siyasi həyatda oynadıqları dəhşətli rolu yaxşı başa düşür, dərindən dərk edirdi. Məhz buna görə də o dönəmdə o, mollaların hərəkatı qarşısında şaha üstünlük verirdi. Onun «rejimə qarşı sərt münasibət göstərməməsi»nə müasir tarixin təcrübəsi də haqq qazandırır. Xalqın maarifləndirilməsi uğrunda bir mübariz şair kimi Möcüzün böyük əməyi, çəkdiyi zəhmətlər də Nabdil tərəfindən əhəmiyyətsiz kimi qələmə verilmişdir. Möcüzün istər dinə, istərsə də Rza şaha münasibəti barədə xüsusi olaraq ətraflı danışacağıq.
1982-ci ildə Qulam Məmmədlinin nəşr etdirdiyi Möcüz əsərləri barədə doktor Məhəmməd Tağı Zehtabinin «Varlıq» dərgisində (1368/1990-cı il, No. 75-4, s. 92-106) çap etdirdiyi tənqidi yazısı elmi səciyyəsi ilə seçilir. M.T.Zehtabi Qulam Məmmədlinin Möcüz əsərlərindən ibarət bu son nəşrində yol verilən çoxsaylı səhvləri göstərmiş, şairin Rza şaha münasibətini də bir neçə sətirdə olduqca düzgün və dolğun təhlil etmişdir. Həmin məqalədə tədqiqatçı «qaval» sözü ilə əlaqədar bir səhvə yol vermişdir. Möcüzün «Gündə» rədifli və başlıqlı şeirində belə bir beyt vardır.
Qoyun, quzu qarışar bir-birinə səhradə,
Qaval çalar, su içər, kef çəkər çoban gündə.
Doktor Zehtabiyə görə, "«qaval» və «su» sözləri buraya səhv olaraq düşmüşdür. Çoban qaval deyil, ney çalarsa, özü də su deyil, sud içərsə kef çəkə bilər".35 Məsələ burasındadır ki, Möcüzün şeirində «qaval» sözü ney mənasında işlədilir. Şairin yaradıcılığında işlənən türkizmlərdən bir də “qaval” sözüdür. Şəmsəddin Sami öz "Qamus"unda bu sözün izahını belə verir: «Qaval: düdük – çobanların çaldığı qalınca səsli böyük düdük (tütək)».36
Möcüzün iki müxtəlif fotoşəkli barədə doktor Zehtabinin verdiyi düzgün məlumat Qulam Məmmədlinin bu xüsusdakı səhvini aradan qaldırmışdır.
Rəhim Rəisniya 1995-cı ildə çap etdirdiyi «İran və Osmani dər astane-qərne-bistom» adlı əsərində İstanbulda mühacirətdə yaşamış ziyalılar sırasında Mirzə Əli Möcüz haqqında da məlumat vermişdir. Şairə həsr etdiyi 4-5 səhifəlik yazısında müəllif heç bir yeni söz deməmişdir. Burada R.Rəisniya istinad etdiyi mənbələrdəki bəzi kobud səhvləri təkrar etməklə bərabər, özü də bunlara bir neçə xırda yanlışlıqlar əlavə etmişdir.
Qulam Məmmədli Təbrizdə Möcüz əsərlərinin tərtibi və nəşri ərəfəsində şairin tərcümeyi-halını Hacı Məhəmməd ağa Naxçıvanidən və başqalarından öyrəndiyi zaman Möcüzün görkəmli mütəfəkkir Şeyx Mahmud Şəbüstəriyə dərin hörməti ilə əlaqədar belə bir məlumatı da eşitmişdi: «Möcüz vaxtının çoxunu Şeyx Mahmud Şəbüstəri türbəsinin mücavirətində keçirərmiş». Buradakı «mücavirət» sözünü səhv başa düşən Q.Məmmədli belə yazmışdır: «[Möcüz] böyük alimin məqbərəsində mücavirlik etmək və şeir yazmaqla məşğul olmuşdur».37 Şairi bir məqbərə xidmətçisi kimi qələmə verən bu sözlərin yazılmasından yarım əsr keçdikdən sonra Rəisniya bu yanlışlığı əsərində təkrar etmişdir.38 Bizdən öncə Qurbanəli Məhəmmədzadə bu məsələ ilə bağlı Qulam Məmmədliyə etirazını bildirmişdir.39 1982-ci ildə yazdığı «Azərbaycan şairi Mirzə Əli Möcüz Şəbüstəri və mənim xatirələrimdən» adlı əsərində Q.Məhəmmədzadə o dövrdə Şeyx Mahmud məqbərəsinin xüsusi xidmətçisi və yaxud mücaviri olan Rzaqulu adlı şəxsdən danışır, onun haqqında ətraflı məlumat verir.40
Möcüzün həyat və yaradıcılığı haqqında azacıq məlumatı olanlar bilirlər ki, dillərdə əzbər olmasına, əldən-ələ gəzməsinə baxmayaraq, sağlığında şairin əsərləri çap edilməyib. Öz qısa tərcümeyi-halında da şair bunu söyləmişdir. Rəisniya Möcüzün həmin tərcümeyi-halından bu hissəni yazısına köçürüb: «... Bu günə qədər [təxminən] üç min beyt yazmışam, rəfiqlərə vermişəm. Mən özüm [şeirlərimi] toplamamışam, bəziləri toplayıblar... Mənim şeirlərim fikahidir (gülməli, məzhəkəli), xalq tərəfindən bəyənilməsinin də səbəbi budur, yoxsa qabiliyyətinə görə deyil».41
Şairin böyük təvazökarlıqla yazılan bu sözlərini unudan Rəisniya Cavad Heyətin bu barədə yazdığını yeni bir kəşf kimi qələmə verir: «... Cavad Heyət xatırlatmışdır ki, bu xalq şairinin (Möcüzün) bir para şeirləri çap edilməmişdən öncə ağızdan-ağıza gəzərmiş».42
Möcüz «var» rədifli şeirlərindən birində əsərlərinin geniş miqyasda xalq arasında yayıldığını və artıq məşhur bir şair olduğunu göstərmişdir:
Təsxir edibdi hər yeri əşarı Möcüzün,
Zənn etməyin ki, bircə Şəbüstərdə namı var.43
Rəisniyanın məqaləsində yol verilmiş bir neçə başqa səhvləri də göstərmək istərdik. Burada XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış, 1907-ci ildə vəfat etmiş məşhur növhə və qəzəl şairi Hacı Rza Sərraf Təbrizi həcvgu şair kimi təqdim edilmişdir ki, bu da tamamilə səhv fikirdir.44 Yazıda nümunə gətirilən «Məktublaşma» başlıqlı şeirin birinci misrasındakı «əhvən» («ucuz») sözü «ərzan»la əvəz edilmişdir. Möcüz öz qısa tərcümeyi-halını ana dilində deyil, farsca yazmışdır.45
Möcüzə həsr edilmiş elə bir əsər yoxdur ki, orada Sabirin adı çəkilməsin, Sabirin Möcüzə təsirindən bəhs edilməsin, bu iki sənətkarın dünyagörüşü və yaradıcılığından danışılmasın. Mən məqaləmin bu məqamında ancaq bu iki böyük şairin ədəbi irsinin taleyi ilə bağlı müqayisəni aparmaq istərdim.
Hər iki şairin maddi vəziyyətinin ağırlığını, irticaçı qüvvələr tərəfindən mənəvi təzyiqlərə məruz qalmasını nəzərə alsaq, onların həyat şəraitinin təxminən oxşar olduğunu deyə bilərik. Lakin Sabirlə Möcüzün ədəbi irsinin taleyi, əsərlərinin nəşri və tədqiqinə gəldikdə aradakı böyük fərqi görməmək mümkün deyil. Sabir əsərlərinin taleyini xoşbəxt hesab etmək olarsa, Möcüzün ədəbi irsi barədə bunun tam əksini demək olar.
M.Ə.Sabir 1911-ci ildə vəfat etdikdən sonra C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Səhhət, Ə.Qəmküsar kimi görkəmli ədəbi-ictimai xadimlər onun əsərlərini toplayıb şairin gizli imzalarından birini nəzərə alaraq «Hophopnamə» adı ilə çap etdirmişlər. 1914-cü ildə isə, xalqdan toplanan maddi yardım və ianələr hesabına nəşr edilən nisbətən bu mükəmməl kitaba Azərbaycanın xalq rəssamı Əzim Əzimzadənin Sabir əsərlərinə çəkdiyi karikaturalar və təsvirlər də daxil edilmişdir. «Hophopnamə»nin bu çapı istər özünün mütərəqqi məzmunu ilə, istərsə də nəfislik etibarı ilə Şimali Azərbaycanın kitab nəşri tarixində əlamətdar hadisə kimi dəyərləndirilir. Bu nəşr bütün Azərbaycan ziyalılarının, maarifpərvərlərinin, xüsusilə də Cənubi Azərbaycan azadixahlarının son dərəcə qiymətli və əziz kitabı kimi şöhrət qazanıbdır. Kitabın ilk çapından bir əsrə yaxın vaxt keçsə də, o qiymətli bir cəvahir kimi hələ də əhəmiyyətini saxlamaqdadır. Sabir əsərlərinin onun adına layiq şəkildə nəşrini, təbii ki, Şimali Azərbaycanda mövcud şərait və atmosferlə izah etmək lazımdır. Belə bir şərait o zaman, hətta bu gün belə İranda, xüsusilə də onun tərkib hissəsi olan zavallı Cənubi Azərbaycanda olmamışdır. Möcüzün bəzi məqamlarda bir çox cəhətdən Şimali Azərbaycana qibtə etməsi də yersiz deyildir:
Qibtəmiz yersiz deyil, var illəti,
Orda toydur, burda matəm əl-əman.46
Qeyd etdiyimiz kimi, qatı fars millətçiliyi ideologiyasına əsaslanan Pəhləvi rejiminin apardığı siyasət ucbatından Möcüzün əsərləri şairin sağlığında çap edilmir. (Rza xanın hakimiyyətə gəlməsindən öncə Möcüzün 1920-ci ildə Təbrizdə çıxan «Molla Nəsrəddin» jurnalının nömrələrində dərc olunmuş iki şeiri istisna təşkil edir). Möcüzün vəfatından xeyli sonra, Cənubi Azərbaycanın Milli Hökuməti zamanında (1945) onun əsərlərinin müəyyən hissəsi nəşr edilir. Amerika, İngiltərə imperialistlərinin himayəsi altında Məhəmməd Rza şahın qoşunu irtica və yerli mülkədarlarla birgə Milli Hökumət tərəfdarlarını qan dəryasında qərq etdiyi zaman Möcüzün də nəşr edilmiş divanının əksər nüsxələri qalaq-qalaq yandırılan anadilli kitablar içində zəbanə çəkərək yanıb kül olur. 1979-cu ildə Pəhləvi hakimiyyəti devrildikdən sonra ana dilimizlə bağlı yaranmış nisbi azadlıq şəraitində Möcüz əsərləri də bəzi şəxslər tərəfindən nəşr edilir, vaxtaşırı olaraq mətbuat səhifələrində müxtəlif məqalələr dərc olunur. Lakin şairin şeirlərini və yaradıcılığına dair yazılan məqalələri Sabirlə bağlı görülən işlərlə müqayisə etmək mümkün deyil. Biz faktiki olaraq Möcüzə öz vətənində edilən zülmün şahidi oluruq. Sabir əsərlərinin tərtibçiləri Firidun bəy Köçərli, Abbas Səhhət, Məmməd Səid Ordubadi daha sonralar Abbas Zamanov, Həmid Məmmədzadə kimi şəxsiyyətlər olmuşdursa, tam ürək ağrısı ilə deyə bilərik ki, XX əsr Azərbaycan ədəbiyyatı tarixində tənqidi realizm cərəyanının inkişafında özünəməxsus yeri olan Möcüz kimi böyük bir şairin əsərlərinin tərtibçi və naşirləri adi həvəskar kompilyasiyaçı (kitabsaz) səviyyəli şəxslər olmuşlar! Xarici ölkələrdə yaşayan bəzi cənubi azərbaycanlıların da bu sahədə gördükləri işlər deyilənlərdən istisna təşkil etmir. Bu iddialı həvəskarlar primitiv surətdə tərtib etdikləri Möcüz əsərlərini əsasən bir-birindən köçürmüşlər. Həmin kitablar bir tərəfdən tərtibçi və naşirlərinin səviyyəsini göstərdiyi halda, digər tərəfdən tarixi bir sənəd kimi böyük Möcüzün ədəbi irsinə zülm və haqsızlıqları bariz surətdə nümayiş etdirir.
ƏDƏBİYYAT VƏ QEYDLƏR:1. Məmməd Arif (Dadaşzadə): Müasir Ədəbiyyat. Orta məktəblərin 10-cu sinifləri üçün dərslik. Bakı, 1948 – (Azərbaycan Sovet ədəbiyyatşünaslığı 1920-1975. Biblioqrafiya. Bakı, Elm, 1983, s. 86.)
2. Vəliyev, Məsud: Məfkurə dostları. – Azərbaycan jurnalı, № 9, 1950. s. 115-128.
3. Əlizadə, Mübariz: İran Azərbaycanının görkəmli demokrat şairi – Ədəbiyyat və incəsənət qəzeti. 18 sentyabr, 1954. (Göstərilən biblioqrafiya, s. 263).
4. Afiyət, Məmmədrza: Möcüz bu gün də yaşayır – Azərbaycan qəzeti. Bakı, 30 sentyabr, 1964.
5. Axundov, Nazim: Azərbaycan satira jurnalları (1906-1920), Bakı, Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı, 1968, s. 329-330.
6. Paşayev, Mir Cəlal, Hüseynov, Firidun: XX əsr Azərbaycan ədəbiyyatı, Bakı, "Maarif", 1982, s. 219-220.
7. Mirzə Əli Möcüz: Seçilmiş əsərləri. Müqəddimə və tərtib Qulam Məmmədli, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1954. s. 11, 168-169.
8. Möcüz əsərlərinin əlyazması. Məqalə müəllifinin arxivi.
9. Aqili, Bağır:. Ruzşomare-tarixe-İran (Əz Məşrute ta enqelabe-eslami). Cild 1. Tehran, "Qoftar", 1369, s. 96.
10. Hacıyev, Cəfər (Xəndan): XX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, ADU nəşriyyatı, 1955, s. 290.
11. Yenə orada, s. 290.
12. Yenə orada, s. 292.
13. Əhmədi, Həmid (Naxuda Ənvər): Negahi be tarixe hezbe Ədalət, Berlin, 1994, s. 23-24.
14. Ömərova, Lətifə: Mirzə Əli Möcüz, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1958, s.4 və 20.
15. Aqili Bağır. Göstərilən əsəri, s. 131.
16. Ömərova Lətifə. Göstərilən əsəri, s. 30.
17. Mirəhmədov, Əziz: Mirzə Əli Möcüz – Azərbaycan ədəbiyyatı tarixi. II cild, Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1960, s. 748.
18. Yenə orada. S. 745, 759.
19. Mirzə Əli Möcüz: Seçilmiş əsərləri. Tərtib və müqəddimə: Qulam Məmmədli. Təbriz, 1324/1945, s. 153-155.
20. Mirəhmədov, Əziz: Göstərilən əsəri, s. 749.
21. Bax: Bamdad, Mehdi: Şərhe-hale-ricale-İran, cild I. Tehran, "Zəvvar", 1378. 5-ci çap, s. 240-241.
22*. Xanım Beyzayi yazır: «Tahirə Qürrətüleynin vəfatından yarım əsr sonra Bibixanım Vəzirova İranda ilk dəfə olaraq qız məktəbi təsis etdi. Lakin ilk gündən Şeyx Əli Şüştəri və Şeyx Fəzlullah Nuri bu təşəbbüsə qarşı çıxmağa başladılar. Onlar təklifnamələr çap etdirib xalq arasında yaydılar. Nəhayət, Bibixanım məktəbi bağlamağa məcbur oldu». – (Beyzayi, Nilufər: Zənane–azadixahe-İran əz Qürrətüleyn ta Pərvin Etisamı, "Təlaş", Almaniya, sale-çəharom, № 20, şəhrivər 1383/2004, s. 160.)
23. Hüseynov Firidun. Göstərilən əsəri, s. 57.
** Satira və yumordan fərqli olaraq fikahi oxucu və dinləyicidə ancaq keçici, ani gülüş doğurur. Fikahi əsərləri (nəsr və şeir) tənqidi və mənalı gülüşlə yanaşı qoymaq olmaz.
Dini həcvdə şair öz dini əqidə və məzhəbindən çıxış edərək, başqa dini əqidə və məzhəblərə qarşı mənfi münasibətini və ya nifrətini bildirir. Klassik ədəbiyyatda şiə və sünni şairlərin bir-birinin məzhəbinə qarşı yazdıqları həcvlərə rast gəlmək olar. Bəzən də dindar şair xalqının dini ehkamlara laqeyd olduğunu, həyatda meydana çıxan əsaslı və ya zahiri dəyişikliklərin dinə, şəriətə müğayir olduğunu düşündükdə, adamları istehzalı və ya ciddi şəkildə həcv edir. Hacı Hüseyn Səhhaf Təbrizinin «Kəsrəvinamə»si, Həddad Təbrizi və Kərimi Marağayinin bir sıra şeirləri dini həcvlərdir.
24. Hacıyev, Tofiq: XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili (dərs vəsaiti), Bakı, "Maarif", 1977, s. 65-83.
25. Novruzov, Tərlan: Sabir ədəbi məktəbi. Bakı, Yazıçı, 1992.(əksər səhifələrdə Möcüzlə bağlı mülahizələr var)
26. Məmmədov, Kamran: Mirzə Əli Möcüz yaradıcılığında məişət satirası – XX əsr Azərbaycan ədəbiyyatı məsələləri (elmi-tənqidi məqalələr). Bakı, "Elm", 1989.
27. Möcüz əsərlərinin əlyazması. Məqalə müəllifinin arxivi.
28. Müctəhidi, Mehdi: Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət, Bekuşeşe-Qulamrza Təbətəbai Məcd, s.254-255.
29. Mirzə Əli Möcüz: Seçilmiş əsərləri. Tərtib və müqəddimə: Qulam Məmmədli. Təbriz, 1324/1945, s. 235
30. Yenə orada, s. 54, və Nəxcuvani nüsxəsi.
32. Müctəhidi, Mehdi: Göstərilən əsəri. S. 518-519.
32. Möcüz əsərlərinin əlyazması. Məqalə müəllifinin arxivi.
33. Yenə orada, və Naxcivani nüsxəsi.
34. Nabdil ,Əlirza: Azərbaycan və məsəleye-milli, s. 16-17.
35. Zehtabi, Məhəmmədtağı: Mirzə Əli Möcüzün Bakı çapı – Varlıq jurnalı, 1360 (1981), sayı 75-4 s. 103.
36. Şəmsəddin Sami: Qamusi-türki. H.1317.
37. Mirzə Əli Möcüz: Seçilmiş əsərləri. Tərtib və müqəddimə: Qulam Məmmədli. Təbriz, 1324/1945, s. 4.
38. Rəisniya, Rəhim: İran və Osmani dər astane-qərne-bistom, cild II. Təbriz, Situdə, 1374/1995, s. 847.
39. Məhəmmədzadə Şəbüstəri, Qurbanəli: Azərbaycan şairi Mirzə Əli Möcüz və mənim xatirələrimdən. Əlyazma. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Şifr: s-1074, s. 50.
40 Yenə orada.
41. Möcüz əsərlərinin əlyazması, Məqalə müəllifinin arxivi.
42. Rəisniya, Rəhim: Göstərilən əsəri, s. 848.
43. Möcüz əsərlərinin əlyazması, Məqalə müəllifinin arxivi.
44. Rəisniya, Rəhim: Göstərilən əsəri, s. 844.
45. Yenə orada, s. 844.
46. Şəfəq jurnalı, Təbriz, 1324, № 4, s. 21.