Hadi Kərkük. İRANIN QUZEY AZƏRBAYCAN SİYASƏTİNƏ BAXIŞ
Mesiha Mart 8, 2008 11:36Bu məqalədə İranın Güney Qafqaz bölgəsində yürütdüyü siyasət təhlil olunur. Amma məsələyə bir qədər geniş baxsaq, görərik ki, İranın bu bölgədəki siyasəti prinsipcə və əsas etibarilə Azərbaycan Respublikasına yönəlmişdir. Burada Gürcüstan nisbətən uzaqlığı, strateji və geopolitik mövqeyinin az əhəmiyyətə malikliyi üzündən o qədər də önəm daşımır. Bölgənin üçüncü ölkəsinə, yəni Ermənistana gəldikdə isə, demək lazımdır ki, İranın bu ölkəyə dair siyasəti (statistik rəqəmlərə əsasən, nəzərə alınmaması mümkün olan iqtisadi maraqlar istisna edilməklə) Azərbaycan Respublikasına yönəlik siyasəti çərçivəsində yer alır. İranın Quzey Azərbaycan siyasətini iki başlıca aspektdə araşdırmaq lazımdır:
1. Quzey Azərbaycanın strateji, geopolitik mövqeyi və Qərb dövlətləri ilə münasibətləri;
2. Güney Azərbaycana dair məsələlər.
Güney Qafqaz bölgəsinə ilk baxışda diqqəti cəlb edən məsələ onun üç regional güclə, yəni İran, Türkiyə və Rusiya ilə əhatələnməsidir. Vaxtilə bu güclərlə çeşidli əlaqələrdə olmuş Güney Qafqaz ölkələri 1991-ci ildən bəri həmin dövlətlərin rəqabət meydanına çevrilmişdir. Digər tərəfdən, regionda ABŞ və Avropa Birliyi kimi supergüclərin mövcudluğu bu rəqabətə özünəməxsus bir forma vermişdir və bəzi ölkələrin mənafelərində kəsişmə nöqtələri olsa da, onların hər biri bölgədə öz nüfuzunun artırılmasına çalışır.
İranın nüvə məsələsi son dövrlərdə həm daxildə, həm də beynəlxalq səviyyədə bu ölkə üçün ciddi və əsaslı problemlər doğurmuşdur. Bu məsələnin nə ilə bitəcəyi o qədər də aydın deyil və bu barədə deyilən bütün fikirlər yalnız bir proqnoz səciyyəsi daşıyır. Lakin burada mühüm nöqtə bu ölkənin gələcəyidir ki, sözügedən rəqabətə və təbii olaraq, superguclərin regiondakı mövqeyinə böyük təsir göstərir.
Keçmiş SSRİ-nin dağılmasından sonra bölgədəki vəziyyət İran üçün yeni imkanlar və təhlükələr doğurdu. Bunun ardınca İran öz regional siyasətini Ermənistan və Quzey Azərbaycan üzərində cəmləşdirdi. Baş verən dəyişikliklər İran üçün müsbət və mənfi cəhətlərə malik idi. Qeyd olunası ilk müsbət cəhət İranla Rusiyanın coğrafi sərhədlərinin aradan götürülməsi idi. Belə ki, öncəki 300 il ərzində İran üçün ən böyük təhlükə sayılan Rusiyanın yerini onunla müqayisəyə gəlməyən bir neçə kiçik dövlət tutdu.
İran Qafqazda və Orta Asiyada yeni dövlətlərin yaranmasını beynəlxalq təşkilatlardan yayınmaq üçün bir fürsət bildi və bu ölkələrdə öz nüfuzunu artırmağa çalışdı. Güney Qafqazdakı dəyişikliklər bir çoxlarının beynində "Böyük İran", "Şimali İran" kimi irqçi düşüncələri dirçəltdi və bu fikirlər nəinki İran mətbuatında, hətta bəzi dövlət rəhbərlərinin çıxışlarında da öz əksini tapdı. Lakin əlifbanın dəyişilməsi bu düşüncəyə ilk zərbə oldu. İran rəhbərliyi çox çalışdı ki, Quzey Azərbaycanda kiril əlifbası ərəb əlifbası ilə əvəzlənsin, lakin sonda buna müvəffəq ola bilmədi.
İran Güney Qafqaza nüfuz etmək üçün tarix, mədəniyyət və islamdan ibarət üç amili öz proqramlarının əsasına çevirdi. Bölgədəki dəyişikliklər kommunizmin iflası və bir ideoloji boşluq yaranması ilə müşayiət olunmuşdu. İran rəhbərlərinin fikrincə, islam bu boşluğun doldurulması üçün münasib seçim idi. Xüsusən əhalisinin 65%-dən çoxu şiə müsəlman olan Azərbaycan Respublikası bu iş üçün əlverişli sayılırdı. İran İslam Respublikasının rəhbərləri bu ölkənin müxtəlif bölgələrində öz düşüncələrini yaymaq üçün kitab və qəzet nəşrindən, ümumiyyətlə desək, bütün mümkün vasitələrdən istifadə edirdilər. Bu arada Qərb ölkələri İranın teokratik (dini) rejiminin bölgənin yenicə müstəqillik qazanmış dövlətləri üçün model ola biləcəyindən qorxub Türkiyəni dəstəkləməyə başladılar və layik (dünyəvi) Türkiyəni region ölkələri üçün münasib nümunə kimi təqdim etdilər.
Qərb dövlətlərinin təsiri və sekulyar düşüncənin güclənməsi İranın bu ölkədəki nüfuzunu azaltdı. Bundan sonra İran uzunmüddətli siyasəti öz proqramlarının prioritetinə çevirdi və bu gün "islamın yüksəlişi" adlandırılan şey həmin siyasətin nəticəsidir. Bu yüksəlişin hansı formada baş verməsi və onun parametrlərinin nədən ibarət olması başqa bir söhbətin mövzusudur, lakin bütövlükdə dörd amilin Quzey Azərbaycan əhalisinin dini ideologiyaya kütləvi yönəlməsinə təsir göstərdiyini söyləmək olar:
Birinci amil Qarabağ problemidir. Bəzi ölkə rəhbərlərinin din məsələsini qabartması və erməniləri dəstəkləməsi, eyni zamanda müsəlmanlara mənfi münasibət sərgiləməsi əhalinin islama daha çox meyl etməsinə səbəb olmuşdur. İkinci amil ölkənin ictimai və qeyri-hökumət təşkilatlarının fəaliyyətidir. Bu fəaliyyətin səmərəsizliyi əks nəticə verərək, əhalinin dinə daha çox meyllənməsinə gətirib çıxarmışdır. Üçüncü amil ölkənin iqtisadi və sosial vəziyyətidir. Dördüncü, sonuncu amil kimi isə Türkiyə və İranın dini qurumlarının fəaliyyətini qeyd etmək olar.
İranın coğrafi mövqeyi bölgə ölkələrinin münasibətlərində bir sıra təsir faktorlarını şərtləndirir. Bu faktorlardan birincisi ikitərəfli iqtisadi əlaqələrin qurulmasıdır. İran bölgə ölkələrinin iqtisadiyyatını EKO kimi təşkilatlara bağlamaqla, onların siyasi və iqtisadi strukturlarına nüfuz etmək istəyir. Müstəqillik qazandıqdan sonra həmin ölkələr iqtisadi böhranla üzləşmişdilər, bu da onların iqtisadi sistemində baş verən dəyişikliklərlə əlaqədar idi. Belə ki, sosialist iqtisadi sistemi süquta uğramış, azad bazar və liberal iqtisadiyyat onun yerini tutmağa başlamışdı. Bu vəziyyət Tehran rəhbərləri üçün əlverişli fürsət yaratmışdı, lakin buna baxmayaraq, onlar sözügedən sahədə elə bir uğur qazana bilmədilər. Bunun başlıca səbəblərindən biri Türkiyənin həmin ölkələrdəki hədsiz nüfuzu idi. Digər bir səbəb kimi İran mallarının qiymətcə ucuz olmasına rəğmən, aşağı keyfiyyətə malik olmasını vurğulamaq olar. Misal üçün, 2006-cı ildə İranla Azərbaycan Respublikası arasında mal dövriyyəsinin həcmi 381 milyon dollar olmuşdu ki, bu da həmin ildə Azərbaycanın məcmu iqtisadi mübadiləsinin cəmi 3.3%-ni təşkil edirdi. Eyni sözü Gürcüstan haqqında da söyləmək mümkündür. Son iki ildə iki ölkə arasında mal dövriyyəsinin həcmi vur-tut 43 milyon dollar olmuşdur. Ermənistana gəldikdə isə məsələ bir qədər başqa cürdür, bu da iqtisadi maraqlardan daha çox, siyasi səbəblərlə bağlıdır.
Coğrafi mövqeyin doğurduğu ikinci amil İranın bölgə ilə dünya arasında körpü rolunu oynaya bilməsidir, amma burada da İran öz regional rəqibindən, yəni Türkiyədən geridə qaldı və hazırda bu rolu Türkiyə-Gürcüstan-Azərbaycan marşrutu oynamaqdadır.
Üçüncü amil isə Xəzər dənizinə aid məsələlərdir.
İranın əsas etibarilə yararlana bilmədiyi, başqa sözlə, əhəmiyyətli uğur qazanmadığı bu fürsətlərlə yanaşı, bölgədə fars rejiminin başçıları üçün bir sıra yeni təhlükələr də meydana gəlmişdir. Bunlardan birincisi, Güney Azərbaycanda kimlik tələbi ilə ədalətli mübarizənin güclənməsi və Arazın iki sahilindəki xalqın bir-birinə daha artıq diqqət yetirməsidir. İkinci məsələ, ABŞ-ın və digər Qərb dövlətlərinin bölgəyə nüfuz etməsidir.
Birinci məsələ ilə əlaqədar İran Güney Azərbaycanda ictimai şüurun gəlişməsini əngəlləmək üçün həm Güney, həm də Quzey Azərbaycanda ciddi siyasət yürütməyə başladı. Güney Azərbaycana yönəlik siyasət aydındır və bu məqalənin mövzusundan kənardır. Quzey Azərbaycanda isə İran iki əsas xətti öz siyasətinin təməlinə çevirdi. İran bir yandan Quzey Azərbaycan daxilində sabitsizlik yaratmaqla ölkənin iç durumunu gərginləşdirməyə, o biri yandan da Ermənistanı himayə etməklə Azərbaycan Respublikasını zəiflətməyə çalışır.
İran rəhbərləri Qərbin bölgəyə nüfuzunu hiss etdikdə çarəni öz tarixi düşmənləri olan Rusiyanın qucağına sığınmaqda gördülər və bu ölkəni dəstəkləməklə, bölgədə münasib yer tutmağa çalışdılar. Beləcə regionda bir-birinin maraqlarını müdafiə etmək üçün Rusiya-İran-Ermənistan üçbucağı yaratdılar.
İran ilə Azərbaycan Respublikasının ikitərəfli münasibətlərinə gələk.
İranla Quzey Azərbaycan ikitərəfli əlaqələrdə daim ehtiyatlı olmuş və həmişə bir-birinə təhlükə mənbəyi kimi baxmışlar. Hökumətlərin başında müxtəlif şəxslərin dayanması bəzən iki ölkənin münasibətlərində yaxşılaşmaya, bəzən də gərginliyin artmasına səbəb olmuşdur.
İki ölkənin münasibətlərindəki böhran Əbülfəz Elçibəyin prezidentliyi və Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə öz zirvəsinə çatmış və dönməz xarakter almışdı. İran rəhbərliyi Elçibəy iqtidarının devrilməsi üçün əlindən gələn heç nəyi əsirgəmədi, Ayaz Mütəllibovun hakimiyyətə qayıdışına çox çalışdı və Elçibəy əleyhinə qiyamda Rusiya ilə əməkdaşlıq etdi. Heydər Əliyevin prezidentlik postuna yiyələnməsi ilə iki ölkənin münasibətləri yeni mərhələyə daxil oldu, amma çox çəkmədi ki, vəziyyət normal haldan çıxdı. Azərbaycan Respublikasının Qərblə əlaqələri genişləndikdən, xüsusən "Əsrin anlaşması" adlandırılan neft müqaviləsi imzalandıqdan sonra problemlər daha da artdı.
İlham Əliyevin hakimiyyətə gəlişi ilə mövcud ziddiyyətlərə baxmayaraq, ikitərəfli münasibətlərdə nisbi sakitlik bərqərar oldu. Bu sakitliyin səbəblərini: 1) İranın Quzey Azərbaycanda rəngli bir inqilabın baş verməsi ehtimalından qorxmasında; 2) İlham Əliyevin mötədil siyasətində; 3) İranın Azərbaycan Respublikasının Qərbə daha da çox yaxınlaşacağından çəkinməsində axtarmaq lazımdır.
İranın Azərbaycan Respublikası ilə münasibətləri daim enişli-yoxuşlu olduğu halda, bu ölkənin Ermənistanla əlaqələri həmişə yüksələn xətt üzrə inkişaf etməkdədir. İki ölkənin əməkdaşlığı iqtisadi, siyasi və hərbi sahələri əhatə edir və bu sırada nüvə fəaliyyətləri sahəsində iş birliyi xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, İranın Güney Qafqaz bölgəsindəki siyasətinin iki başlıca məqsədə yönəldiyini söyləmək olar:
1. Quzey Azərbaycanın zəiflədilməsi və Ermənistanın himayə olunması;
2. Rusiyanın dəstəklənməsi və bu ölkənin çətiri altında bölgədə öz nüfuzunun artırılması.
Məqalənin farsca mətni: http://www.mytabriz.com/news/?p=10380
