VAXTINDA YAZILMIŞ MƏKTUB
Mesiha Mart 29, 2008 4:58Biz necə iş görürük? Vaxtilə Üzeyir bəy öz məşhur felyetonunda buna çox dəqiq cavab vermişdi. O zamandan çox az şey dəyişib. Qısaca deyək: biz vacib işlərdə adətən gecirik. Daldan atılan daş isə bir qayda olaraq topuğa dəyir. Sonra da başlayırıq dünyadakı haqsızlıqdan, beynəlxalq təşkilatların tərəfkeşliyindən, ikili standartlardan və s. gileylənməyə. Halbuki vaxtında təşəbbüsü ələ almaqla milli mənafelərimizə zidd olan bir çox şeylərin qarşısını kəsmək mümkündür. Nə yaxşı ki, son vaxtlar bu tipli addımların şahidi oluruq. Söhbət Güney Azərbaycandan olan bir qrup ziyalının ABŞ-dakı Beynəlxalq Dilçilik Mərkəzinə müraciətindən gedir. "Etnologiya" adlı nəşrin və http://ethnologue.com/ ünvanlı saytın redaktoru Raymond Qordona yazılmış bu açıq məktub bir neçə baxımdan önəmlidir.
Məsələn, ötən il ABŞ Konqresi üçün hazırlanmış "İranda etnik və dini azlıqlar" adlı hesabatda azərbaycanlıların ölkə əhalisinin 24%-ni (təqribən 16,5 milyon nəfər) təşkil etdiyi göstərilmiş, farsların isə çoxluqda olduğu (51%) qeyd olunmuşdu. Həmin rəqəmlər ABŞ Dövlət Departamentinin rəsmi saytında və Mərkəzi Kəşfiyyat İdarəsinin "Faktlar kitabı"nda da əksini tapmışdır. Bu rəqəmlərə hamının istifadə etdiyi açıq ensiklopediya – "Wikipedia"da da rast gəlmək mümkündür. 2003-cü ildə Moskvada rus dilində nəşr olunmuş "İran tarixi" adlı kitabda farsların ölkə əhalisinin yarısını, azərbaycanlıların isə 16,8%-ni (!) təşkil etdiyi qeyd olunur. Nüfuzlu "The Atlantic Monthly" dərgisinin 2006-cı il dekabr sayında İran əhalisinin çoxunun farslardan, təqribən dörddə birinin isə (24-33%) azərbaycanlılardan ibarət olduğu göstərilmişdir. Belə bir mənzərədə İranda azərbaycanlıların sayca farslardan çox olduğunu birmənalı şəkildə göstərən "Etnologiya"nın bizim üçün nə qədər əhəmiyyətli olduğunu izah etməyə, fikrimizcə, lüzum yoxdur. Belə ki, "Etnologiya"nın on beşinci redaksiyası olan 2005-ci il nəşrində azərbaycanlıların sayı 23,5 milyon, farsların sayı isə 22 milyon kimi verilmişdir.
Məsələnin əhəmiyyəti təkcə bunda deyil. İş orasındadır ki, göstərilən və burada qeyd olunmayan qaynaqların əksəriyyətində bu və ya digər dərəcədə siyasi yön və bağlılıq tapmaq mümkündür. "Etnologiya" isə sırf akademik mənbədir. Yer kürəsində mövcud olan 7000-ə yaxın canlı dil barədə məqalələri, 200-dən artıq xəritəni ehtiva edən 1272 səhifəlik bu ensiklopedik əsər sözügedən məktubda deyildiyi kimi, "dünya dilləri haqqında ən obyektiv elmi biliklər qaynağı"dır. Bu, bütün dünyada dilçi alimlərin, tarixçilərin, etnoqrafların, eləcə də rəsmi qurumların müraciət etdiyi və mötəbər saydığı bir mənbədir. Yəni burada hansısa maraqdan və qərəzdən söhbət gedə bilməz. Şovinist fars alimlərinin yuxusunu qaçıran da budur. Və onlar "Etnologiya"nın növbəti redaksiyasında özlərinə münasib dəyişikliyin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməkdədirlər.
Belə bir məqamda "Etnologiya"nın İrandakı Azərbaycan türklərinin gerçək sayını əks etdirmədiyini əsas tutaraq ziyalılarımızın təşəbbüsünün əhəmiyyətini azaltmaq cəhdlərinə heç cür bəraət qazandırmaq olmaz. Bir daha qeyd edim ki, məktubun xüsusi önəmi onun qabaqlayıcı, preventiv xarakter daşımasındadır və bu, bir nümunə kimi çox dəyərlidir. Söhbət mövcud nailiyyətin qorunmasından gedir, onu inkişaf etdirmək, genişləndirməksə başqa məsələdir. Bunu edənlər, edə bilənlər yalnız millətin alqışını qazanmış olacaqlar.
Belə bir zəruri müqəddimədən sonra aşağıda məktubun tam mətnini veririk:
"Etnologiya"nın redaktoru
cənab Raymond G. Qordona
(Beynəlxalq Dilçilik Mərkəzi
7500 West Camp Wisdom Road
Dallas, Texas 75236 ABŞ)
Əziz cənab Qordon!
İranın və Azərbaycanın bir qrup alimi və insan hüquqları müdafiəçisi olaraq biz, aşağıda imza edənlər, sizə və dünya dilləri haqqında ən obyektiv elmi biliklər qaynağı kimi "Etnologiya"nın nəşrində və saxlanmasında iştirakı olan bütün insanlara öz dərin minnətdarlığımızı bildirmək istərdik.
Son aylar biz İrandakı azərbaycanlı-türk əhalinin (həmçinin azəri, azərbaycanlı, türk və türkdilli kimi tanınır) "Etnologiya"nın hazırkı buraxılışında qeydə alınmış sayının azaldılması yönündə "Etnologiya"nın redaktorlarına təzyiq göstərilməsinə dair bəzi şübhəli cəhdlərdən xəbər tutmuşuq. Deməyə ehtiyac yoxdur ki, biz bu cür cəhdlərə görə dərin narahatlıq keçirir və üzülürük. Alimlər, akademiklər, insan hüquqları müdafiəçiləri olaraq biz öz səlahiyyətimiz daxilində sizi əmin etmək istərdik ki, İranın azərbaycanlı və türkcə danışan əhalisi barədə "Etnologiya"nın hazırkı qiymətləndirməsi (İnternet redaksiyası, 2005) ən obyektiv təxmini qiymətdir və yerdəki real faktlara uyğun gəlir. Biz ümid edirik ki, "Etnologiya"nın redaktorları və tədqiqatçıları çeşidli fars ifrat millətçilərinin təbliğatına uymayacaq və ideoloji mahiyyətli yalan məlumatlarla "Etnologiya"nın elmi nüfuzuna kölgə salınmasına imkan verməyəcəklər. Sonuc olaraq, sizin diqqətinizə aşağıdakıları çatdırmaq istərdik:
1) Bu, yaxşıca bəlli olan bir faktdır ki, İranın bütün tarixi boyu əhalinin say tərkibini etnik mənsubiyyət, milliyyət və daha mühümü, dil baxımından açıqlayan hər hansı siyahıyaalma keçirilməmişdir. Bu sahədəki bütün təsəvvürlər və rəqəmlər sübutsuz mənbələrə və ədəbiyyata söykənən təxmini qiymətləndirmələrdir. Eləcə də hər hansı etnik birliyin sayını qiymətləndirərkən, həmin birlik liderlərinin, alimlərinin və insan hüquqları müdafiəçilərinin baxışlarının tam şəkildə qəbul olunmasına ehtiyatla yanaşılmalıdır. Xüsusən, obyektiv tədqiqatçı bu faktı bilməlidir ki, İranda iqtidarda olan hər iki hökumətin insan haqlarına və azlıqların hüquqlarına sayğısız yanaşması ucbatından hakim farsdilli qrupun bir çox alimləri ölkədəki hüquqsuz etnik birliklərin sayı və statusu barədə həmişə təhrif olunmuş məlumatlar yaymışlar. Təəssüf ki, onlar hələ də bunu davam etdirirlər.
2) Müasir İranda azərbaycanlı-türk əhalinin əhəmiyyətli hissəsinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində yaşamasına baxmayaraq, bütün əhali qətiyyən göstərilən dörd əyalətlə məhdudlaşmır. Bu əyalətlər şübhəli hökumət tədbirlərinə və anlaşılmaz inzibati məqsədlərə əsasən yaxın vaxtlarda yaradılmışdır. Onlar Azərbaycan coğrafiyasının nüvəsini təşkil etsələr də, nə tarixi Azərbaycan torpaqlarına uyğun gəlir, nə də çağdaş İranda azərbaycanlıların məskunlaşdığı əraziləri əks etdirirlər. İranın Azərbaycan əhalisi barədə istənilən araşdırma bunu nəzərdə tutmalıdır ki, Azərbaycan türkləri İranın şimal-qərbindəki Azərbaycan əyalətlərindən şərqə və mərkəzə doğru Tehran, Xorasan, Mərkəzi, Həmədan, Qəzvin və s. əyalətlərinə qədər bütün ölkə ərazisində yaşayırlar. Bu mühüm cəhətə lazımi diqqət yetirilməsi təkcə sosial araşdırmada obyektivlik məsələsi deyildir, həm də xüsusilə ikinci dərəcəli kimi baxılan etnik birliklərə yanaşmada mənəviyyat və əxlaqı gözləmək məsələsidir.
Biz əminik ki, "Etnologiya"nın səriştəli tədqiqatçıları yuxarıda göstərilən amillərə diqqət yetirəcək və həmişəki kimi "Etnologiya"nın gələcək buraxılışında (nəşrində) da İranın azərbaycanlı və türk əhalisinin ən obyektiv sayını təqdim edəcəklər. Xahiş edirik, daha geniş məlumat və ya istənilən yardım üçün bizimlə əlaqə yaratmaqdan çəkinməyin. Biz sizin tədqiqatçılarınızı bu mövzu ilə əlaqədar tarixi və müasir ədəbiyyatla təmin etməkdən məmnun olacağıq.
Hörmətlə:
Faxtə Zamani – tədqiqatçı-mühəndis, İranda Azərbaycanlı Siyasi Dustaqların Müdafiəsi Assosiasiyasının (ADAPP) direktoru.
Dr. Əlirza Əsgərzadə – sosioloq, York Universiteti
Dr. Ziya Sədrül-Əşrafi – sosioloq, Federal İran uğrunda Milliyyətlər Konqresinin azərbaycanlı üzvü
Əhməd Geybi – Sidneydəki Azərbaycanlılar Assosiasiyasının prezidenti, Avstraliya
İsmayıl Cəmili – şair və sənətçi
Dr. Almas Şüar Qafari – Fransa Botanika Cəmiyyətinin üzvü
Professor Rza Bərahəni – İran yazıçısı və şairi, Kanada PEN-klubunun keçmiş prezidenti və Toronto Universitetinin müqayisəli ədəbiyyatşünaslıq üzrə təqaüddə olan professoru
Seyfəddin Hatəmluy – yazıçı və naşir
Şəhruz Türfəx – memar
Dr. Şəhriyar Rəhnəmayan – Saymon Frezer Universitetinin əməkdaşı, Vankuver, Kanada
Sədiqə Ədaləti – PH.D., sosioloq
Səməd Purmusəvi – memar və sənətçi
Əlirza Ərdəbili – jurnalist və naşir
Dr.Əli Qaracalu – PH.D., siyasi araşdırıcı
Dr. Fərhad Qabusi – həkim, Konstans Universiteti
Lalə Cavanşir – yazıçı və sənətçi
Məhəmməd Azadgər – yazıçı və insan haqları müdafiəçisi
Hadi Sultan-Qürrayi – müqayisəli ədəbiyyatşünaslıq üzrə PH.D.
Hidayət Sultanzadə – vəkil, yazıçı, insan haqları müdafiəçis
Professor Yunis Benab – Vaşinqtondakı Strayer Universitetinin siyasi elmlər üzrə professoru
