Cavanşir Yusifli. "BAKI-TƏBRİZ" YOLA DÜŞDÜ
Mesiha Aprel 3, 2008 4:14(Bu məqalə 2006-cı ildə müəyyən fasilədən sonra yeni yaradıcı heyətlə və tam yeni yöndə nəşrə başlayan "Bakı-Təbriz" dərgisinin ilk (sıra baxımından dördüncü) sayı barədə yazılıb və elə o vaxt "525-ci qəzet"də çap olunub)
Dünya azərbaycanlılarının dərgisi olan «Bakı-Təbriz» yola düşdü, yükü - bütöv, vahid Azərbaycan idealı. Dərginin builki birinci sayı əvvəlki saylarından kəskin şəkildə fərqlənir, mözusu, münədricəsi, açıq-aydın konsepsiyası, Azərbaycan məsələsinə daha dürüst münasibət bəsləməsiylə. Bu sayın çapıyla həm də, mübaliğəli görünməsin, Güney Azərbaycan məsələsinə vahid elmi baxışın formalaşması yönündə çox ciddi bir addım atılmışdır. Sonrakı saylar da bu istiqamətdə davam etsə, çox ciddi taleyüklü araşdırmaların nəticələrinin şahidi olacağıq. Dərginin baş yazarı, görkəmli naşir Məsiağa Məhəmmədi salamlama yazısında elə bil ki, bu zərurətə işarə vuraraq yazır: «...Məqsədimiz ümumiyyətlə, o taylı-bu taylı Azərbaycanın tarixinə, mədəniyyətinə, məişətinə, düşüncəsinə güzgü tutmaq, sözün tam mənasında dünya azərbaycanlılarının dərgisi olmaqdır. Məşhur misralara azacıq dəyişiklik etsək, Azərbaycan heç kimin deyil, həm də hamımızındır. Biz hamımızın dərdlərindən yazacığıq». 
...Biz Azərbaycan Respublikasının əhalisini «türk» adlandırmaqla, pantürkist ideyaların yayılmasına kömək edirik. Azərilər də ermənilər kimi ari irqdəndirlər və İran sivilizasiyasına mənsubdur». Bu və digər məqalələrdən «İran sivilizasiyası» sözünün başında tutdurulan bütün oyunların ən ağlagəlməyən çalarlarını da görmək mümkündür. «Kontekst» elədir ki, siyasi güzgüdə yalnız özünə baxan tərəf oyun meydanında özündən başqa heç kəsi görməyi arzulamır, hər şeyi özününküləşdirmək məqsədi ilə artıq bölünmüş zərrələri də bölməyə, ayırmağa – özününküləşdirməyə cəhd edir: tarixçi Kavə Bayat Qarabağın itirilməsinin Azərbaycan Respublikasındakı siyasi proseslərə təsirindən danışıb və deyib ki, iyirminci əsrin son onilliyində Bakıda baş verən hakimiyyət dəyişikliklərinə Qarabağ münaqişəsi həlledici təsir gösətrib. Onun fikrincə, pantürkizmin gələcəyi Qafqazdakı yeni münaqişələr (Çeçenistan və Dağıstan), Qırğızıstan və Özbəkistandakı dəyişikliklər, Azərbaycan Respublikasındakı müxtəlif partiyaların hərəkətləri və eləcə də Türkiyənin Avropa Birliyinə qoşulma imkanı üzündən olduqca mürəkkəbdir və regionda onun güclənməsi ehtimalı mövcuddur.
Adı çəkilən taleyüklü məsələ həm də islam dünyası və Qərb kontekstində araşdırılır. Samuel Hantinqtonun eyni adlı məqaləsində diqqət belə bir ayrıntının üzərinə salınır ki: çağdaş dünyamızda millətlər arasındakı «ayırıcı xətlər» daha ideologiya əsasında «çəkilmir». İndi millətləri bir-birindən ayıran cəhət mədəni fərqlərdir. Məqalədən çıxan nəticə budur ki, siyasi gedişatın indiki mənzərəsində eyni sivilizasiya və mədəni çevrəyə malik tayfalar, qəbilələr arasında hansı qanlı toqquşma baş verməsindən asılı olmayaraq, dünyanın «mədəni durumu» bir elə dəyişmir, ancaq müxtəlif mədəni dəyərlərin və sivil ölçülərin daşıyıcıları olan millətlər arasında ayrı-seçkiliyin qızışdırılması dünyada seçilən siyasi güc mərkəzlərinin oyuna qatılmasına gətirib çıxarır, bu isə öz növbəsində sivilizasiyanın ayrı-ayrı cəhətləri üzrə dava-dalaşın əsl qanlı toqquşmalara çevrilməsinə səbəb olur. Əhali artımı, gənc əhalinin tərkibinin nisbi üstünlüyü... və sair bu kimi faktorlar demoqrafik qısqanclığın və partlayışın özünü müharibə şəkilində göstərməsinə stimul verir. Dillər ünsiyyət və kommunikasiya vasitəsi olmaqdan bezir, insanın danışdığı dillə canlı əlaqələri o qədər utilitarlaşır ki, böyük və qanlı müharibələr də okeanın o tayında ixtira edilən kompüter oyunu təsiri bağışlayır. Kompüterdə müharibə oynamaqla, qan tökmək arasında əsaslı bir fərq qalmır. «Qloballaşma müharibəsi» bu mənada əslində millətçiliyə, milli özünüdərkə, millətlərin müstəqillik arzularına qarşı çevrilmişdir. Bu baxımdan R.Rzayevanın «Qloballaşma və modernləşmə» məqaləsində irəli sürülən tezislərə əsaslanmaq olar: «...şərti olaraq «ənənəvi» və «müasir» adlandırılan cəmiyyətlərin hər ikisində ziddiyyətlər, daxili natamamlıq vardır... Çox zaman Türkiyədə modernləşmənin müvəffəqiyyətlərinin türk cəmiyyətinin psixoloji arxetipik xassələrindən irəli gəldiyini söyləyirlər. Bu da dünyagörüş xüsusiyyətləri, Türkiyə toplumunun və eləcə də bütün türk cəmiyyətinin dəyişikliklərə açıq olması ilə izah edilir». Total modernləşmə, total qloballaşma əslində mədəniyyətlərə, sivilizasiyalara, milli dəyərlərə qarşı elan edilməmiş «müharibə»dir və bu savaşdan kimin salamat çıxması onun hazırlıq səviyyəsindən çox, mövcud kontekstdə seçdiyi, üstünlük verdiyi davranış tipindən asılıdır. Məsələ texniki yox, texnoloji səciyyə daşıyır. Bu mənada indiki mənəzərədə gənc müstəqil dövlətlərin seçdikləri mövqelərin araşdırılması maraq doğurur: siyasi proseslər burulğanında çaşan bir ölkə öz mövqeyni «permanent» təkziblər üzərində qurur, mədəni sahədə siyasi-ideoloji proseslərə münasibət zahiri-eklektik səciyyə daşıyır – qloballaşma haqqında yazılan əksər yazıların «dili» yoxdur, bu müəlliflər avam və möhtəkir müəllim mövqeyni seçiblər: fransız dilini öyrənmək üçün onu tədris etmək lazımdır.
İranşünaslıq sahəsində çox ciddi müəllif kimi tanınan Vidadi Mustafayevin «İranda etnomilli şərait» məqaləsində İran əhalisinin etnik tərkibi müfəssəl şərh edilir. Məqalədə obyektiv tətdqiqatçı münasibəti özünü qabarıq şəkildə göstərir. Bu heç də az əhəmiyyət kəs etmir, çünki İran əhalisinin milli və dil mənsubiyyəti bu cəmiyyətin gələcəyini müəyyənləşdirəcək faktorlar sırasındadır.
Dərginin builki ilk sayında mövzusu etibarilə bir-birindən maraqlı məqalələrə rast gələcəksiniz: «Yabançı adlar» (məqalədə vaxtilə İranda yaradılan dil komissiyasının bölgədə bütün türk adlarını dəyişməsindən və bu sahədə yürüdülən dövlət siyasətindən bəhs edilir), «İran ostanlarının sosial-iqtisadi və humanitar durumu», «Güney Acərbaycanda milli hərəkatın tarixi təməlləri» (Arif Kəskin), «Varlığımız, kimliyimiz, yolumuz» (Yaşar Təbrizli – fars dilindən çevrinəi Atilla Maralanlı), «Cəncə hadisələrinin poetik səlnaməsi» (...Yığdı ləşkər, girdi meydana, ədavət qıldılar, Qırdılar ədanı ol dəmdə fərağət qıldılar, Xub döyüşdü Gəncə xalqı, bir rəşadət qıldılar, Haqq yolunda bəzi kəs ol dəm şəhadət qıldılar, Döndü geri, girdilər ol qələyə naçardan...), Sabir Nəbioğlunun təqdimatında Gəncəli Səbahinin «Ötən günlərim» əsəri, «Farslarla ermənilərin qohumluğu barədə «tədqiqat» (Əkrəm Rəhimli), «1920-40-cı illərdə Güney Azərbaycanda teatr» (İ.Qəribli), Həbib Sahir haqqında Esmira Fuadın «Əsir ellərin taleyini yazan şair» məqaləsi və s.
Dərgidə məqalələrin, elmi və publisitik, habelə bədii yazıların sırası və düzülüşü elədir ki, istər-istəməz səbirsizliklə onun növbəti sayının işıq üzü görəcəyi günü gözləyirsən, şübhəsiz, bu, öz-özünə yaranan bir ovqat yox, redaktor zövqü ilə yaradılan bir təəssüratdır. Dərginin təsisçisi xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır, bu adı dərgidə görəndə yola düşən qatarın bir daha dayanmayacağına, növbəti sayların daha maraqlı olacağına inandıq.
