AĞIR İTKİ
Mesiha Aprel 11, 2008 2:49Səməd Sərdariniya dünyasını dəyişdi
Azərbaycan elminə, o taylı-bu taylı millətimizə sağalmaz itki üz verib. Aprelin 10-da səhər görkəmli tarixçi və yazıçı doktor Səməd Sərdariniya Təbriz xəstəxanasında qan xərçəncindən dünyasını dəyişib. Bu üzdən dərin kədər hissi ilə mərhumun ailəsinə və qohumlarına, elmi və ədəbi ictimaiyyətə, bütün xalqımıza başsağlığı veririk.
Səməd Sərdariniya 1940-cı ildə Təbrizdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə Təbriz universitetinin tarix, sonra isə Tehran universitetinin hüquq fakültəsini bitirib. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. Onun yaradıcılığının çiçəklənməsində məşhur "Varlıq" dərgisindəki fəaliyyətinin mühüm rolu olub. Həmin dərginin ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib.
"Azərbaycan Məşrutə dönəmində", "Azərbaycanın məşhurları" (2 cilddə), "İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur", "Təbriz – birincilər şəhəri", "Təbriz – İranda çap sənətinin beşiyi", "Arazın hər iki tayında müsəlmanların soyqırımı", "Molla Nəsrəddin Təbrizdə", "Məşrutə dönəmində Azərbaycan qəzetləri", «Təbriz Tənbəki üsyanı illərində», «Əli Müsyo», «Azərbaycan teatrının tarixi», «Bağır xan Salari-Milli», "Qarabağ müharibəsi", "Qarabağ tarixin gedişində", "İstiqlal qəhrəmanı Siqqətülislam" və s.
Səməd Sərdariniya Güney Azərbaycanda tariximizə yeni baxış təqdim edən, onu təhriflərdən, qərəzlərdən təmizləyib elmi təməl üzərində qurmağa çalışan tarixçilər nəslinin görkəmli nümayəndəsi idi. Araşdırmalarında daim Azərbaycanı bütöv, vahid götürürdü. Buna görə onun əsərləri Quzeydə də diqqətlə izlənilir və layiqincə qiymətləndrilirdi. 2002-ci ildə o, Bakıdakı Azərbaycan Universitetinin "Fəxri doktoru" adına layiq görülmüşdü. 2006-cı ildə alimin ""Arazın hər iki tayında müsəlmanların soyqırımı" adlı dəyərli əsəri AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə "Elm" nəşriyyatı tərəfindən (farscadan tərcümə edəni Atilla Maralanlı, elmi redaktoru Əkrəm Rəhimli) nəşr edilmiş və böyük maraqla qarşılanmışdı.
Görkəmli alim Səməd Sərdariniyanı cismən itirsək də, gərgin axtarışlarının məhsulu olan əsərləri, kitablarında əksini tapmış düşüncələri bizimlədir. Bu əsərlər və düşüncələr bundan sonra da xalqımızın haqq işinə xidmət göstərəcək, onların müəllifi daim milli mübarizlərin sıralarında olcaqdır.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
