Reklam verin!

Əli Abbasi. MƏHNAZMI, SONAMI?!

DÜNYA ANA DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ BİR GÜZARİŞ

Çiynimdə əks maşını, əlimdə bir çanta yola düşürəm. Məqsədim bir ibtidai mədrəsədir (dəbistan). Mədrəsənin müdiri xanım K. ilə telefonlaşıb mədrəsədən bir güzariş alma izni almışam.
Yolda öz-özümlə düşünürəm: “Uşaqlarla necə danışacağam? Öz sorularımı necə onlara düşündürəcəyəm?”
Mədrəsənin önünə yetişirəm:
“Cümhuriye-İslamiye-İran
Vezarəte-Amuzeş-o-Pərvəreş
Edareye-Kolle-Amuzeş-o-Pərvəreşe-A.Şərği
Nahiye...
Dəbestane-doulətiye-doxtərane...” 1

ana_dili 


“ÇÖRƏK” DÜZDÜRMÜ, YOXSA “NAN”? “BƏRADƏR”, YA “QARDAŞ”?!

Mədrəsənin içinə girirəm. Bir qoca qadın mənə sarı gəlib: “Nə işiniz var?” – deyə mənə baxır. “Bağışlayın, xanım K. ilə qərarlaşmışam”. “Buyurun!” – deyə məni mədrəsənin müdiri otağına aparır.
Xanım K. mizin arxasından mənə baxıb: “Buyurun!” – deyir.
Özümü tanıtdırıram.
Xanım K. mədrəsənin müdiridir. Ondan əlavə birinci siniflərin bir kilasında nahardan sonra müəllimçilik edir.
Onunla çeşidli məsələlərə görə danışıram və o da mədrəsə və özünün adını aparmamağım şərtilə mənimlə danışığa razılığın bildirir. Çox sözdən sonra 21 fevral Dünya Ana Dili Günündən söz açıram.
Bu məsələdən əsla xəbəri olmamağını deyib artırır: “Yəqin bu günü bu ildən bizim ölkədə qərara alıblar, yoxsa biz ana dilimizə görə də bir iş görmərik”.
Ondan: “Birinci sinifdə ana dilinin tədris olması yaxşı olarmı?” – sorusunu soruşuram.
“Müəllimlər birinci sinifdə uşaqlara dərs verməkdə çox çətinliklərlə üz-üzə gəlirlər. Məfhumları və əlifbanı uşaqlara öyrətmək çox çətin olur. Uşaqlar bir paradoks arasında qalırlar. Birinci günlərdə onlar çoxlu suallarla üz-üzə gəlirlər. “Çörək” düzdürmü, yoxsa “nan”? “Bəradər”, ya “qardaş”?! Və bu sorular neçə il uşağın zehnində qalır, bunsuz ki, bunlara bir cavab tapa bilsin.
İndiki vəziyyətdə Azərbaycan uşaqları dərslikləri düşünmədən yalnız hifz edirlər. Bu da illər sırasında onların savadsızlığına səbəb olur”.
Xanım K. əlavə edir: “Bilmirəm, türkcə yazıb öyrətmək ola bilərmi, ya yox. Ancaq əgər belə bir iş ola bilərsə, müəllimlərin işi çox rahat olur”.
Soruşuram: “Sözlərinizdə uşaqlara rast gələn paradokslardan söz açdınız. Uşaqlar bunlardan sizə söz açıblarmı?”
“Niyə?! Bir gün bir kilasda uşaqlardan biri məndən soruşdu: “Xanım müəllim, mənim anam deyir ki, Tehrandakılar farsdılar. Vəli onlar da bizm kimi və televizyon kimi danışırlar?” Ona cavab deyə bilmədim. Uşaq elə elinə olmuşdu ki, belə bilirdi ki, farsların dili başqa bir dildir və televizyondakı dil fars dili yox, bizim dildir”.
Xanım K. sözlərinin ardında mədrəsələrdə, özəlliklə birinci sinifdə ana dilimizin tədrisini önəmli bilib bunu Azərbaycan uşaqlarının gələcək illərinə və onların yaxşı dərs oxumağına düzgün bir təməl bildi.
Xanım K.-dan izn alıb kilasa gedirəm. Bu kilasın müəllimi gəlməyibdir.
Kiçik qız uşaqları məni görüb bir az hoyuxurlar. Ancaq mədrəsə müdirin mənim yanımda gördükdə ayağa durub birgə salam verirlər:
- Səlam... sobh be xeyr... xanom modir... be kelase-ma... xoş amədid... 2
Xanım müdir məni uşaqlara tanıtdırıb onlardan mənim suallarıma cavab vermələrini istəyir.
Müdirdən izn alıb taxtada “Ana Dili – şirin dil” yazıb uşaqlara: “Hər kimsə bunu oxuya bilər, əlini qavzasın” – deyə baxıram.
Üç nəfər əl qavzayır. Birisini taxta qabağına çağırıb taxtada yazılanı oxumasını istəyirəm. Oxuyur:
- Ana Dili – şirin dil!
Kilasa baxıb deyirəm:
- Hamınız oxuyun!
Hamı oxuyur:
- Ana Dili – şirin dil!
Qəhər boğazımı biçir. Danışa bilmirəm, dinə bilmirəm. Kiçik qızların incə səsləri beynimdə dolanır, dəli oluram.

YAZ GƏLSƏ, “HƏŞTSALƏ” OLACAĞAM

Taxtanın önündəki qıza baxıb adının Sona olmasını düşünüb adını soruşuram.
- Mənim adım Məhnazdır.
(Öz-özümlə deyirəm: “Sən Sonasan, Məhnaz yox!”)
- Neçə yaşın var, Məhnaz?
- Yaz gəlsə, həştsalə olacağam.
- Məhnaz, səkkiz yaşın olacaq, yoxsa həşt yaşın?
Üzümə gülüb utancaqca deyir:
- Səkkiz yaşım!
Sona (Məhnaz) gedir yerində otursun. Uşaqlardan istəyirəm:
- Hər kimsə türkü şeir bacarır, gəlsin oxusun.
İki nəfər əl qavzayır. Üzlərinə baxıram. Bir-birinə oxşayırlar. Əkiz tayı olmalarını bilib ikisindən taxta qabağına gəlib şeirlərini oxumağı istəyirəm. Taxta qabağına gəldikdə adlarını soruram (öz-özümlə birinin adının Şeyda, o birisinin Lida olmasını düşünürəm). Səlis Azərbaycan ürkcəsində deyirlər:
- Mənim adım Lalədir. Dağlarda açan bir gül!
- Mənim adım Laçındır. Göylərdə uçan bir quş!
- Lalə, Laçın, oxuyun şeirinizi.
Oxuyurlar:

Azərbaycan mənim elim,
Azərbaycan mənim dilim!
Doğransa da dilim-dilim,
Mənim dilim ölən deyil,
Başqa dilə dönən deyil!..


Uşaqlar əl çalırlar... Xanım müdir gülür... Mən hoyuxmuşam...
Ürəyim odlanır. Gəçi əlimə götürürəm. Taxtada yazıram: “Mənim kiçik bacılarım, biz niyə öz ana dilimizi yazıb oxuya bilmirik?”
Uşaqlar mənim yazdıqlarımı oxumağa çətinlik çəkirlər. Kilasın bir guşəsində kiçik gövdəli və qara gözlü bir qız heyranca mənə baxır. O, yəqin Sonadır. O, sorğumun cavabını bilir. Yəqin bilir.
Kilasdan çıxıram. Müdirdən təşəkkür edib ayrılıram.
Hələ mədrəsədən çıxmamışam. Boğuluram... İxtiyarsız göz yaşlarım axır... Boğazım biçilir... Niyə sonalarımız məhnaz olmaqdadır?... 

mekteb 

İZAHLAR:

Güzariş – reportaj
Əks maşını – fotoaparat
1. İran İslam Respublikası – Təhsil Nazirliyi – Şərqi Azərbaycan Baş Təhsil İdarəsi – Rayon... - ... Dövlət Qızlar Məktəbi
Kilas – sinif
Hifz etmək – əzbərləmək
Vəli – ancaq, amma
Elinə - elinasiya
2. Salam, sabahınız xeyir, xanım müdir, bizim sinfimizə xoş gəlmisiniz.
Gəç – təbaşir

Ərəb əlifbasından çevirmə və izahlar: Məsiağa Məhəmmədi

Baxış sayı: 33
Açar sözlər:
Bookmark and Share

İRAN-ERMƏNİSTAN ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR

Özünü müsəlmanların hamisi və “qəmxar”ı kimi qələmə verməkdən usanmayan İran rejimi paralel olaraq, müsəlman torpaqlarını işğal etmiş Ermənistan Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini durmadan genişləndirməkdədir. Artıq bu əməkdaşlıq iri regional iqtisadi layihələr həddinə çatmışdır. İrəvan yaxınlığında İran, Ermənistan və Rusiyanın birgə səyləri ilə tikiləcək neftayırma zavodu bunun bariz nümunəsi sayıla bilər.
Layihə barədə məlumat verən Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsesyan bildirib ki, hələlik tikintiyə hazırlıq prosesi işçi qruplar səviyyəsində aparılır. Onun dediyinə görə, zavodun qurulması üçün bir neçə il vaxt və 2.5-3 milyard dollar vəsait tələb olunur.

neft_zavodu  


İlkin razılaşmaya əsasən, zavodun tikilməsi üçün lazım olan xərcləri İran, Ermənistan və Rusiya birlikdə ödəyəcək. Hazırda layihənin texniki qiymətləndirilməsi prosesi həyata keçirilir və bu məqsədlə birgə İran-Ermənistan-Rusiya işçi qrupu yaradılmışdır. A.Movsesyanın bildirdiyinə görə, birgə işçi qrupun növbəti toplantısı bu ilin sentyabr ayında keçiriləcəkdir.
Sözügedən zavodda İran nefti emal olunacaq və ağ neft məhsulları, o cümlədən, benzin və dizel yanacağı istehsal ediləcək. Bu məhsulların təqribən 1 milyon tonu Ermənistanda satılacaq, qalanı isə xarici ölkələrə ixrac olunacaq.

 

 

Baxış sayı: 156
Açar sözlər:
Bookmark and Share

BU GƏNCLƏRİN GÜNAHI NƏ?!

telebeler


Vədud Əsədi - Rəşt Azad Universiteti geologiya fakültəsinin tələbəsi; Həmid Valayi - ədliyyə vəkili; Aydın Xacei - Təbriz Universiteti hüquq fakültəsinin tələbəsi; Dariyuş Hatəmi - Tehran Universiteti kənd təsərrüfatı fakültəsinin aspirantı; Fəraz Zehtab - Təbriz Universiteti hüquq fakültəsinin tələbəsi; Səccad Radmehr - Təbriz Universiteti mexanika fakültəsinin magistri. Bunlar İran islam rejiminin yalnız son günlərdə zindanlara atdığı, fiziki və mənəvi işgəncələrə məruz qoyduğu Güney Azərbaycan gəncləridir...   

 

Baxış sayı: 42
Açar sözlər:
Bookmark and Share

Yalçın Qaradağlı. YERİMİZDƏ MÖHKƏM OTURUB «YOX!» DEYƏK

1950-ci illərin ortalarında adi bir axşamçağı təsiri uzun illər dünya əhalisinin yaddaşından getməyən və Qərbin ictimai quruluşunda böyük inqilaba səbəb olan bir hadisə baş verdi. Hadisənin mərkəzində ABŞ-ın Alabama ştatının Montqomeri şəhərində yaşayan orta yaşlı bir qadın dayanırdı: o, işlədiyi atelyedən evə qayıdarkən, elə bir hərəkət etdi ki, adı uzun müddət insan haqlarına dair kitab və yazıların səhifələrindən düşmədi.
Amerikada quldarlığın qadağan edilməsindən çox illər ötmüşdü, amma o vaxtlar hələ də müxtəlif formalarda özünü göstərən irqi ayrı-seçkilik Afrika mənşəli Amerika zəncilərinə əzab verirdi. Həmin illər Alabama ştatında qəribə bir qanun vardı: bu qanuna əsasən, əgər hər hansı avtobusda boş oturacaq olmazdısa, qaralar öz yerlərini ağlara verməli, özləri isə ayaq üstə getməliydilər. Bu, ABŞ-da yazılmış bir qanun idi.

parks_lisani  


Həmən o axşamçağı Roza Parks adlı o qaradərili qadın ağdərili bir kişinin avtobusdakı yerini ondan istəməsinə etiraz etdi, sonra isə sürücünün, ardınca da polisin bununla bağlı tələbini yerinə yetirmədi. Və həmin gün yuxarıda qeyd olunan qanunu pozduğuna görə həbs olunub məhkəmənin qərarı ilə cərimə edildi. Qadının bu cəsarət və itaətsizliyinin sorağı elə o gün təkcə şəhərə deyil, bütün ştata yayıldı. Tezliklə bu əhvalatdan Amerika zəncilərinin sivil hərəkatının liderlərindən biri olan Martin Lüter Kinq də xəbər tutdu. O, hərəkat rəhbərliyini inandırdı ki, Roza Parksı dəstəkləmək və onun mübarizə formasını davam etdirmək lazımdır. Beləcə bütün qaradərililər şəhər nəqliyyatını boykot etməyə başladılar. Əvvəlcə boykot Montqomeri şəhərini, sonra ştatı, daha sonra isə bütün ABŞ-ı bürüdü. 381 gün ABŞ-ın, xüsusən Alabama ştatının qaradərili əhalisi ictimai nəqliyyatdan istifadə etmədi və hər gün uzun yolu piyada getmək əzabına dözdü. Bu vəziyyət o qədər davam etdi ki, ABŞ-ın avtobus nəqliyyatı sistemi iflas həddinə çatdı. Həmin təzyiq irqçi qanunun ləğvinə gətirib çıxardı və bu qələbə bir sıra digər qələbələrin başlanğıcı oldu. Nəhayət, 1964-cü ildə mülki hüquq məcəlləsinə dəyişiklik olunaraq, Amerikada hər cür irqi ayrı-seçkilik qadağan edildi.
Parks bir neçə il bundan qabaq dünyasını dəyişmiş və ABŞ Konqresinin yerləşdiyi Kapitoli-hilldə dəfn olunmuşdur. Bu, Amerikada şəxsiyyətə göstərilən hörmətin nadir nümunəsidir və indiyədək ABŞ tarixində yalnız 21 nəfər bu cür ehtirama layiq görülmüşdür. Onun dəfn mərasimində Kondoliza Rays demişdi: «Əgər Roza Parks olmasaydı və o şücaəti göstərməsəydi, mən bu gün bu məqamda olmazdım».
Bu təcrübə aydın şəkildə göstərir ki, fərdlər ictimai hərəkatların dəstəyinə arxalanaraq, sivil mübarizə yolu ilə, heç bir zorakılığa əl atmadan hər hansı struktur zülmkarlığa son qoya bilərlər. Belə fərdlərə «dəyişiklik amili» (change agent) deyilir. O da gün kimi aydındır ki, mütəşəkkil bir ictimai hərəkatın dəstəyi olmazsa, bu fərdlər yalnız qəhrəmanlığı nəticəsiz qalan qurbanlara çevrilərlər. Bu cür dəyişiklik amilləri «Azərbaycan Milli Hərəkatı» adlandırdığımız öz ictimai hərəkatımızda da var ki, mənim üçün həmin fərdlərin ən bariz nümunəsi Abbas Lisanidir. Mütləqləşdirmədən deməliyəm ki, Lisani bənzəri az olan keyfiyyətləri özündə cəmləşdirir.
2003-cü ildə Lisani və Azərbaycan Milli Hərəkatının onlarla digər fəalı heç kəsin, hətta Ermənistanın Rusiya və Fransa kimi səmimi dostlarının belə rəsmən tanımadığı bir qonlarma dövlətin nümayəndələrinin səfərinə etiraz edəndə, polis qüvvələri və Azərbaycan şiələrindən başqa dünyanın hər yerindəki şiələrdən ötrü yaxasını cıran bir qrup məscid əhli tərəfindən döyülüb əzişdirilir. Lisani Ərdəbil məhkəməsində bir farsdilli qazı tərəfindən mühakimə olunur, amma o, fars dilində danışmaq və özünü müdafiə etmək istəmir, məhkəməyə tərcüməçi gətirilməsini tələb edir, çünki onun ana dili Azərbaycan türkcəsidir. Və bu ölkədə görünməyən bir hadisə baş verir: məhkəmədə tərcüməçi iştirak edərək, müttəhimin sözlərini hakim üçün türkcədən farscaya çevirir.
İkinci hadisə 2006-cı ildə baş verir. Lisani 2006-cı il May nümayişlərində iştirakla bağlı ilkin məhkəmənin çıxardığı qərara etiraz edir. Ostanın Apelyasiya məhkəməsi isə, Abbas Lisaninin vəkili cənab Fəqihinin sözləri ilə desək, bu ölkənin məhkəmə hakimiyyəti tarixində misli görünməmiş bir hökm verir, yəni Apelyasiya məhkəməsi ona verilmiş iki aylıq həbs müddətini artırır, halbuki ən pis halda Apelyasiya məhkəməsi onun barəsində çıxarılmış ilkin hökmü qüvvədə saxlamalı idi. Və bu il 18 aylıq həbs müddəti başa çatdıqdan sonra həmən hökmün əlavə cəzaları həyata keçirilməli olduqda, Lisani şallaq cəzasının yerinə yetirilməsinə imkan vermir, heç kəs də onu buna məcbur etməyə özündə cəsarət tapmır. Bu hadisə hakimiyyət orqanlarını elə bir qorxuya saldı ki, onu min kilometr uzağa – Yəzd zindanına sürgün etdilər, sanki Abbas Lisani həbsxana kamerasında da bu struktur zülmkarlığın dayaqlarını silkələməyə qadirdir.
Əgər Amerika zəncilərinin ictimai hərəkatı Roza Parksın addımını dəstək¬lə¬mə¬səydi, o nəticəsiz qalar və onun vətəndaş müqaviməti qaraların sonrakı sivil müba¬rizələrinin başlanğıcı olmazdı. Əgər igid dəyişdiricilərin şücaəti müəyyən bir toplumun dəstəyi ilə müşayiət olunmazsa, onlar müdafiəsiz qurbanlara çevrilər və onların qəhrəmanlığı həmin millət üçün əməli və obyektiv bir nəticə vermədən yalnız bir xatirə tək yaddaşlarda qalar. Bu gün biz də əgər Abbas Lisaniyə arxa durmaq istəyiriksə, əgər onun igidlik və fədakarlığının nəticəsiz qalmasını arzulamırıqsa, öz kimlikçi ictimai hərəkatımızın təkamülü və irəliləməsi üçün əlimizdən gələni etməliyik. Müasir dünyada yalnız güclü nəzəri təməllərə söykənən strukturlaşmış hərəkatlar ətrafdan çeşidli təzyiqlərə sinə gərib öz varlığını qoruya və zaman keçdikcə, fərqli şərait yetişdikdə öz ideallarına çata bilər. Elə isə gəlin, Azərbaycan Milli Hərəkatının bünövrəsini möhkəmlətməklə, şovinizm zindanında olan Abbas Lisaninin və onlarla digər lisanilərin səsini dünya ictimaiyyətinə çatdıraq.

Çevirəni: Məsiağa Məhəmmədi

Mətnin farscası: http://www.azadtabriz.net/news/archives/13350



Baxış sayı: 104
Açar sözlər:
Bookmark and Share

Şahnaz Qulami. BİR ÇAĞIRIŞ BARƏDƏ İZAHAT

Güney Azərbaycan Milli Hərəkatının, eləcə də qadın hərəkatının tanınmış fəallarından biri, müstəqil jurnalist Şahnaz xanım Qulami hələ 1989-1994-cü illərdə beş il öz milli-siyasi mübarizəsinə görə Təbriz həbsxanasında saxlanmış, ötən il isə May hadisələrinin ildönümü mərasimlərində iştirak etdiyi üçün tutularaq, təqribən bir ay müddətinə zindana salınmışdır. Xəbər verildiyi kimi, bu yaxınlarda Şahnaz xanım «quruluş əleyhinə təbliğat aparmaq» ittihamı ilə mühakimə olunmaq üçün Təbriz İnqilab məhkəməsinə çağrılmışdır. Həmin çağırışla bağlı onun yazısını farscadan çevirib sizə təqdim edirəm.

Mənə göndərilmiş çağırış vərəqəsinə əsasən, mən 13.06.87 (04.09.08) tarixində Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində «quruluş əleyhinə təbliğat» ittihamı ilə mühakimə olunmalıyam. Əlbəttə, dostlarımın repressiya və işgəncələrə məruz qalmasnın, zindana salınması və fiziki cəhətdən aradan götürülməsinin şahidi olan bir adam kimi mənim özüm üçün bu məsələ o qədər də mühüm və önəmli deyil, çünki bu, azad və həyatsevər bir insanın öz haqlı, bərabərlik və azadlığa yönəlik istəklərinə çatmaqdan ötrü verə biləcəyi ən kiçik ödəncdir:

Ey gözəllik aşiqi, həyat gözəldir –
Diri düşüncəlilər gözəlliyə çatarlar.
Bu geridönməz o qədər gözəldir ki,
Ondan ötrü candan keçmək olar.
                                              (Mövlana)


shahnaz_qulami 


Onu da deməliyəm ki, mənim siyasi-ictimai tənqidçi kimi mühakimə olunmaq üçün məhkəməyə çəkilməyim ilk dəfə deyil. Əvvəllər də, 1368-ci (1989-cu) ildə, məni beş nəfər həmfikrimlə birlikdə məhkəməyə aparmışdılar. Orada o zamankı hakim cənab Huşyar məni səkkiz il həbs cəzasına məhkum etdi və mən həmin müddətin yarıdan çoxu keçdikdən sonra Təbriz zindanından azad oldum. Həbsxanadan çıxdıqdan sonra da Universitetin inzibati komitəsi tərəfindən təhsil hüququndan məhrum edildim. Ondan sonra isə mənə hər hansı ictimai fəaliyyət göstərmək qadağan olundu. Həmən vaxtdan bu günə qədər mən siyasi mübarizəmə görə ağır və ədalətsiz bir şəraitdə yaşamaqdayam, amma heç bir problem və çətinlik mənim müstəqil və azad həyat sürməyimə və lazım gəldikdə müxtəlif üsullarla (bu üsullardan biri də yazmaqdır) öz etiraz səsimi ucaltmağıma mane ola bilməyib.
Bu çağırışın göndərilməsinin çoxsaylı səbəbləri ola bilər ki, onlardan aşağıdakı məqamlara işarə etmək mümkündür:
• Birinci məqam hakim dairələrin etiraz hərəkatlarına dair xəbərlərin yayılmasından qorxmasıdır. Bu mənada ki, onlar azadlıq, bərabərlik və kimlik tələb edənlərə qarşı yürüdülən repressiya, fiziki məhv, psixoloji və cismani işgəncə siyasətinə dair faktların heç bir daxili və xarici kütləvi informasiya vasitəsində əks olunmasını istəmirlər. Çünki müxtəlif şəhərlərdə baş verən bu faktların mahiyyətinin açıqlanması ana torpağımıza hakim kəsilmiş totalitar rejimə böyük Azərbaycan xalqının və ölkənin digər bölgələrindəki əhalinin nifrət bəsləməsinə, onun dünya ictimaiyyətinin qınağına tuş gəlməsinə və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən insan haqlarını pozmaqda ittiham edilməsinə səbəb ola bilər. Necə ki, son zamanlar Beynəlxalq Amnistiya Təşkilatı öz hesabatında bildirmişdir:
«Ötən il İranda hər həftə azı 24 nəfər edam olunmuş, 64 nəfərdən çox ölümə məhkum edilmişdir və İran həmin il 317 nəfəri edam etməklə, bu sahədə dünyada ikinci yeri tutur. Halbuki Beynəlxalq Amnistiya Təşkilatının hesabatına əsasən, əvvəlki ildə İranda edamların sayı 177 nəfər olmuş, bu il isə 317 nəfərə qədər artmışdır. İslam rejiminin edam siyasəti daim dünyanın hüquq müdafiə təşkilatlarının tənqidinə məruz qalmışdır. 2007-ci ilin sentyabrında BMT Baş Assambleyası səs çoxluğu ilə edam cəzasının yığışdırılması barədə qətnamə qəbul etmişdir. Lakin İran kimi bir çox ölkələr ona əməl etmirlər».
Əlbəttə, İslam rejimi məsullarının beynəlxalq konvensiyalara zidd davranışına dair onların əməllərinin qara siyahısından çoxlu misallar gətirmək olar.

chaqhirish_vereqi

  Şahnaz Qulamiyə göndərilmiş çağırış vərəqəsinin surəti 


• Bu çağırışa digər səbəb kimi tələbə, qadın və kimlik hərəkatları kimi müxtəlif hərəkatların fəalları arasında qorxu və xof mühitinin yaradılması məsələsini göstərmək olar. Belə ki, rejimin repressiya aparatı təqibləri, təzyiqləri, təhdidləri, həbsləri, edamları… artırmaq yolu ilə əhalinin sivil tələblərinin böyüyüb səmərə verməsinin qarşısını almaq və daha heç kəsin hər hansı sahədə bir istəkdə bulunmağa cürət etməməsinə nail olmaq istəyir.
Bu gün biz bütün ölkədə, xüsusən Azərbaycanda geniş həcmdə qeyri-insani repressiyalarla üz-üzəyik. Xordadın birindən – Azərbaycan xalqının «İran» qəzetinin təhqirinə etirazının ildönümündən – keçən ay ərzində Azərbaycan Milli Hərəkatı fəallarından bir neçəsi repressiya qüvvələri tərəfindən müxtəlif insidentlərdə, eləcə də Təbriz təhlükəsizlik idarəsinin («Ettelaat») işgəncə otaqlarında öldürülmüşdür:
Qadir Sədiqi Təbrizin Sento şossesində təhlükəsizlik və polis qüvvələri tərəfindən qətlə yetirilmiş, onun dostları isə ağır xəsarətlər almışlar.
Təcrübəli fəal Fərhad Möhsininin «Ettelaat» məmurlarının işgəncələri altında ürək ağrıdan ölümü və onun ailəsinin baş vermiş hadisə barədə məlumat yaymamaq yönündə hədələnməsi ötən bir neçə həftə ərzində Azərbaycanda baş vermiş ən faciəvi olaylardan biri sayılır. Ailə üzvlərindən birinin dediyinə görə, Fərhad çox böyük ehtimalla, etiraf alınması üçün tətbiq olunan elektroşok nəticəsində dünyasını dəyişmişdir.
Azərbaycan Milli Hərəkatının digər bir fəalı Hac Əfşin İrfan Xosrovşahiyə öz iş yerində çoxlu ağır işgəncələr vermiş və sonra da onu asmışlar.
Ərdəbil ostanında iki motosikletçi ölmüşdür ki, təhlükəsizlik səbəbindən onların ailələri övladlarının adını açıqlamaqdan çəkinirlər.
Azərbaycanda üzücü amansızlıqla həyata keçirilmiş son silsilə qətllərdən əlavə, bir çox fəallar rejimin zindanlarında mümkün olan ən ədalətsiz şəraitdə saxlanmaqdadırlar. Onlardan bəzisinin adları aşağıda verilir:
Əkbər Həsənzadə, Cəmşid Zarei, Əmir Bənayi Sabiq, Həsən Əsədi, Mehdi Nəccari, Məhəmməd Qaraməliki, Hamid Rzayi, Əli Sədiqi, Kamal Əşrəfi, Əhəd Rəzəvi, Əsgər Əkbərzadə, Həsən Hüseyni, İbrahim Cəfərzadə…
Ümumi bir yanaşma əsasında demək mümkündür ki, son həftələr ərzində Azərbaycanın müxtəlif bölgələrində siyasi fəallara, hüquq müdafiəçilərinə, jurnalistlərə qarşı qeyri-insani davranışın həcminin artması nəticəsində beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda insan haqlarının pozulması prosesini daha artıq narahatlıqla izləmişlər. Bu sivil qurumlardan biri olan Beynəlxalq Amnistiya Təşkilatı İslam rejimindən tələb etmişdir ki, narazı fəallara qarşı repressiyaların gücləndirilməsi prosesini dayandırsın.
Onu da demək lazımdır ki, bu hüquq müdafiə təşkilatları Təhlükəsizlik Nazirliyini və Ali Məhkəməni müttəhimlərə münasibətdə ədalətli araşdırma prosesini həyata keçirməməkdə ittiham edirlər.
Bizim böhranlı cəmiyyətimizdə bu cür faciələrin mövcudluğu müstəqil kütləvi informasiya vasitələrinin daha da təmərküzləşməsi zərurətini çox ciddi bir məsələ kimi ortaya qoyur.
Tanrı, xalq və azadlıq düşmənləri özlərinin naqis, bütövçülük və inhisarçılıq virusu ilə xəstələnmiş ağılları ilə belə güman edirlər ki, əgər qurtuluş və bərabərlik yolunun mübarizlərini təzyiq və əzablara məruz qoysalar, daha heç kəsin «yox» deməyə, etiraz və tənqid etməyə cəsarəti çatmayacaq; halbuki bu xam xəyal düşmənlərimizin bizim böyük millətimizə münasibətdə yol verdiyi strateji bir səhvdir. Belə ki, müxtəlif bölgələrdə təhlükəsizlik atmosferinin gücləndirilməsi nəticəsində əhalinin özbaşına rejimə nifrəti günbəgün artır. Onlar güman edirlər ki, seçdikləri bu repressiv metodlarla müxtəlif bölgələrdə böyük siyasi partlayışların qarşısını alacaqlar, halbuki siyasi zəlzələ bu ölkənin insan haqları fəalları və azadlıqsevərlərinin gözləntisidir; çoxdandır ki, o özünü göstərməkdədir.
Biz mübariz insanlarıq və öz tarixi təcrübəmizdən öyrəndiyimizə əsasən, heç zaman zülm, bərabərsizlik, dini və qeyri-dini istibdad önündə təslim olmarıq. Biz öz dinamik həyatımızı təhlükəli keçidlərdən keçməklə öyrənmişik, sərv kimi ayaq üstə yaşayar və sərv kimi ayaq üstə ölərik.

Biz əgər kəsilmiş başdan qorxsaydıq,
Aşiqlər məclisində rəqs etməzdik.


31 tir 1387 (22 iyul 2008)

Çevirəni: Məsiağa Məhəmmədi


Baxış sayı: 68
Açar sözlər:
Bookmark and Share

Zahir Əzəmət. MÜHACİRƏTDƏ GÜNEY DAVASI

və ya

DİDİŞMƏLƏR TEATRI

Bu yaxınlarda rəhbəri olduğum "Kultaz.com" - Mədəniyyət Portalında "Güney Azərbaycan Ədəbiyyatı" həftəsi keçirdik. Virtual festival xarakteri daşıyan layihə çərçivəsində bir çox güneyli yazarları oxuculara təqdim elədik. O taylı-bu taylı oxucu və yazarların iştirakı ilə maraqlı müzakirələr getdi. Amma az keçmədi ki, bu müzakirələr ədəbiyyat, mədəniyyət sərhədlərini aşdı, böyük mənada Güney Azərbaycan müzakirələrinə çevrildi. Bu da təbiidir və belə də olmalıydı. Müzakirələrin bir yerində güneyli soydaşlarımızdan biri maraqlı bir irad bildirdi: "Son vaxtlar Ankara və Bakıda bizə Güney məsələsində dərs vermək istəyənlərin sayı nədənsə, çoxalıb".

Mövzuya bu nöqtədən başlamağım boşuna deyil. Birincisi, Güney Azərbaycan məsələsi yalnız o tayın yox, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının problemidir. İkincisi, bütün türk dünyasına toxunan məsələdir. Ən nəhayət, Güney Azərbaycanda 30 milyonluq bir toplumun adi insani haqqlarından belə, məhrum olması bütün demokratik dünyanın, bütün insanlığın çiynində ağır bir yükdür.


Bu günkü qlobal dünyada insan haqqları, demokratiya və azadlıq mübarizəsi kimi anlayışların çoxdan bir şəxsin, bir qrupun, bir millətin daxili işi olmaqdan çıxdığını da xatırlatmağım, məncə yerinə düşər.
Amma bu konuda bir çox böyük dövlətlərin, beynəlxalq güclərin də kəsişən və kəsişməyən maraqları var. Bu maraqlar isə çox zaman bizim Güney Azərbaycanla bağlı istəklərimizlə üst-üstə düşmür. Bu mənada əlbəttə, güneyli soydaşımızın yuxarıda verdiyimiz iradını, narahatçılığını anlamaq çətin deyil. Lakin bu kimi narahatçılıqlar bizi müzakirələrdən, tənqidlərdən hürkütməməli, fərli fikirləri dinləməkdən uzaq tutmamalıdır. Bu mənada Güntay Gəncalpın "Alma"nın ötən sayında dərc olunan məqaləsində səslənən fikirlərə qatılıram. Dostumuz yazırdı: ""Güney Azərbaycan" söz birləşməsi artıq qəbul edilmiş bir anlayışdır. Bu anlayışın tarixi, coğrafi, siyasi boyutları var. Bu anlayış ətrafında bir xeyli müzakirələr aparılıb. Bu müzakirələr dialektik baxımdan istər-istəməz əqli imkanları da genişlədib. Əslində isə hədəfə çatana qədər bu doğrultuda tarixi, coğrafi, ədəbi, sosioloji, fəlsəfi və siyasi qavramlar o qədər zənginləşməlidir ki, onun təsirindən kənarda qalmaq mümkün olmasın."
* * *
Bu gün Güney Azərbaycan məsələsi ilə bağlı çoxsaylı qurumlar var. DAK-1, DAK-2... DAK-7, DAK-9,... DDAK, GAMOH, GunAzTv, BAB, Milli Partiya, Güney Azərbaycan Milli İstiqlal Partiyası, Güney Azərbaycan Öyrənci Hərəkatı, çoxsaylı dərnəklər, sayt və bloqlar... Hər birisinin hədəfləri demək olar ki, eynidir: Güney Azərbaycanın azadlığı. Bəs elə isə bütün bu təşkilatlar niyə bir dam altında birləşə bilmir kimi çeynənmiş bir sual yenidən ortaya çıxa bilər. Bu suala qısa cavab verim. Çünki azərbaycanlı olaraq, biz hələ də komanda oyunu oynamağa hazır deyilik. İstər Quzey, istər Güney olsun- hər iki tayda mənzərə eynidir. Getdikcə Güney Azərbaycanın azadlığı uğrunda xidmət etdiklərini deyən bu qurumlar da Quzeydə sayı 100-ü keçmiş partiyalara oxşamağa başlayır.
Burada partiyalar, qurumlar bir-birlərini hakimiyyətə, orada isə ETTELAAT-a işləməkdə ittiham edirlər. Quzeydə artıq hamıda bir yəqinlik var: bütün partiyalar hakimiyyətə işləyir- qurduqları bu Didişmələr Teatrı isə yalnız narazı insanların başını qatmağa, onların aqressiyasını boşaltmağa hesablanıb.
Umarım Güneylə bağlı eyni mənzərənin şahidi olmayacağıq.
Çöhrəqanlı, Əhməd Obalı, Sabir Rüstəmxanlı, Qulamrza Təbrizi, Cavad Derəxti və s. Bu insanlar həm Güneylə bağlı işləriylə, həm də bir-birlərinə olmazın ittihamlarıyla məşhurdurlar. Bizlərə bütün bunları məyusluqla izləmək qalır. İndi də aylardır bir bayraq dartışması atılıb ortaya: Mili Hərəkatın bayrağı hansı olsun- ADR-dən miras qalan və Azərbaycan Respublikasının hazırkı bayrağı, yoxsa GAMOH-un təklif etdiyi, eyni üç rəngin və ay-ulduzun kombinasiyasından ibarət, amma görünüşcə azacıq fərqli bayraq?
Bayraq məsələsi ətrafında dartışmalar artıq çoxdan təşkilat, liderlər arasında qarşıdurmaya yüksəlib. Yenə olmazın ittihamlar.
Məsələnin bu yerində, bir məqamı mütləq qeyd eləmək lazımdır. "Alma"nın ötən saylarının birində elə bu didişmələrin davamı olaraq səslənən bir ittiham jurnalistin və hamımızın məsuliyyətsizliyi üzündən səhifəyə getmiş və qanqaraçılığa səbəb olmuşdu. Söhbət GünAzTV-nin rəhbəri Əhməd Obalının ETTELAAT-a işləməsiylə bağlı səslənən ittihamdan gedir. Əlbəttə, bu hədsiz qeyri-ciddi bir ittihamdır. Hər şey bir tərəfə, adama deyərlər, qardaş, sən ETTELAAT-ın sədrisən, məmurusan, nəyisən ki, onun siyahısında olanlardan xəbərin var? Belə qeyri-ciddi ittihamın bir yanlışlıq və diqqətsizlik üzündən "Alma"nın səhifəsində səslənməsinə görə telefon söhbətimizdə şəxsən Əhməd bəydən üzr istədim, indi də bunu qəzet səhifəsindən təkrarlayıram. Çünki qəzetin rəhbərlərindən biri kimi, buna görə məsuliyyət daşıdığımı bilir və təəssüf hissi keçirirəm. Amma ən maraqlı hadisələr də bundan sonra baş verdi: özlərini təcrübəli liderlər adlandıran və böyük sayğı bəslədiyimiz bəzi şəxslər ortalığı elə qarışdırdılar ki, bizə yalnız təəssüf hissi keçirmək qaldı. Bir az da onların bu qədər zəif olmalarına üzüldüm.
Bununla belə, özümü bir neçə sualı verməkdən saxlaya bilmirəm:
1. Güney Azərbaycan Milli Hərəkatına daha çox nə zərbə vura bilər- bir jurnalistin kiçik yanlışlığı, yoxsa liderlərin bir-birinə söylədikləri küçə söyüşləri?
2. Sırasında olduğu bütün təşkilatların ikiyə bölünməsi ssenarilərində həmişə adı başda gələn şəxslərmi təhlükəlidir, yoxsa biz?
3. Avropada, ABŞ-da isti mənzillərdə oturub "milli hərəkatın lideriyəm" deyərkən, heç olmasa, illərdir zindanlarda çürüyən Abbas Lisanidən utanırlarmı?
Tamam, üzr istəyirəm, elə hesab edin ki, bu sualları vermədim, üstündən sükutla adlayaq və mövzumuza davam edək.
* * *
Güntay Gəncalp son yazısında çox doğru şəkildə bizi rusa, farsa əsrlər boyu qul olmağa məhkum edən bəzi dəyərlərimizdən də imtina etməyin vaxtı gəldiyini yazır.
Bu fikrin davamı kimi, mən də bəzi fikirlərimi bölüşmək istəyirəm:
- Gəlin azərbaycanlı yox, AZƏRBAYCANLI olaq;
- şəxslərə yox, ideyalara sadiq qalaq;
- Quzey Azərbaycanın tayfa-klan xəstəliyini Güneyin azadlığı uğrunda mübarizəyə daşımayaq;
- televiziya ekranlarına çıxıb, Güneydə mübarizə aparan şəxslərin ünvanlarını dəqiqliklə səsləndirib, ETTELAAT-a nişan verməyək;
- bir-birimizlə deyil, fars şovinizmiylə mübarizə aparaq;
- arvad kimi saçyolduya çıxmayaq, bir-birimizə qurşaqdan aşağı zərbələr vurmayaq, qeybətlərə uymayaq, bir-birimizə badalaq vurmaq əvəzinə dəstək olaq;
- Avropada, Amerikada oturub, amma bütün şərqlilərin xəstəliyi- şəxsiyyətə pərəstişə yoluxmayaq;
- ən nəhayət, adam olaq, kişi olaq.
* * *
"Alma" qəzetinin nə Çöhrəqanlı, nə Əhməd Obalı, nə də o biriləriylə bölmək istədiyi və ya bölə bilmədiyi heç nə yoxdur. "Güney Azərbaycan" adına iş görən hər kəsə böyük sayğılarımız var. Amma hər ikisinin unutmamaları gərəkən bir həqiqət də var: əgər onlar və bu cərgədə olan başqaları bir-birilərinə sayğı bəsləmirlərsə, bizdən də sayğı ummasınlar!
Sonda bayraq konusunda da 1-2 kəlmə deyib, yazını və mövzunu qapayım: hansı bayrağı qaldırırsınızsa, qaldırın, təki bu, ağ bayraq olmasın! Bir də məsələ bayrağın görünüşündə yox, ona yüklədiyin anlamdadır. Yetər ki, uğrunda meydana, mübarizəyə atılasan, qurban gedəsən! Mühacirətə yox...

Qaynaq: http://almaqezeti.com/?mod=view&id=3241


Baxış sayı: 195
Açar sözlər:
Bookmark and Share

ŞƏHRİYARIN ANASI

Məhəmməd Hüseyn Şəhriyarın Azərbaycan türkcəsində şeir yazmağa başlamasına anasının təsiri bəlli bir faktdır. Məhz anasının Tehrana gəlişindən sonra o vaxtadək, öz təbirincə, fars dilinin birinci dərəcəli şairi olan və bu dilə xidmət edən Şəhriyar doğma dilinə üz tutdu və çox keçmədən öz dilində "Heydərbabaya salam" və "Səhəndiyyə" kimi şah əsərlər yaratdı.
Şəhriyarın düşüncəsində və yaradıcılığında baş vermiş bu mühüm dönüş barədə onun öz danışığı, əlbəttə, çox önəmlidir, ədəbi-tarixi fakt kimi qiymətlidir. "Ana yurdum" adlı vebloqda Şəhriyarın vaxtilə bu mövzuda müsahibəsinin mətni və səs faylı yerləşdirilmişdir. Mətni səs faylından alan soydaşımız Şəhriyarın danışıq tərzini olduğu kimi saxlayaraq, mötərizələrdə bəzi sözlərin izahını vermişdir. Biz həmin mətni cüzi dəyişikliklə latın əlifbasına çevirib Quzey Azərbaycan oxucusunu nəzərə alaraq izahları bir qədər də artırmışıq. (Qara hərflərlə verilmiş cümlələr Şəhriyardan müsahibə götürmüş şəxsə aiddir).
Buyurun, oxuyun, yaxud dinləyin. Bu müsahibə dahi Şəhriyarın şəxsiyyəti barədə təsəvvürümüzü genişləndirməklə yanaşı, "ana dili" ifadəsinin mahiyyətini daha dərindən anlamağımıza şərait yaradır.

m_h_shahriyar 


- Vallah, bilirsiz ki, mən əslən türki ədəbiyyatına o qədər təbəhhürüm (dərin biliyim) yox idi. Bizim elə dilimiz türkidi da, danışığımız demək olar ki; yazımız da ki, türki dəyirdi! Mənim də ki, xub (yaxşı), tibb şagirdi idim, patolojinən (ilə) əlləşirdim, ondan sonra da ki, farsinin şairi-dərəceyi-əvvəli idim ki, mən onu ehya elirdim (dirçəldirdim). O vaxt, sonra ki, anam gəldi, genə tazadan türkləşdux (təzədən türkləşdik)! Qomiyyəti-Azərbaycani (Azərbaycan milliyyəti) gəldi ki, ta türkini də qatdım farsiyə, türkinən də şeir dedim, və illa (yoxsa) mənim heç türki şeirim yox idi təqribən; çox az idi. Amma da o vaxtdan elə qoşuldu mənim farsıma (farsca əsərlərimə) türki də. İndi elə türkilərim də özü bir divan olar.

Şəhriyarın anası 1325-də (1946-da) Tehrana gəldi. O, oğlunun şair olduğunu hiss edə bilmirdi. Şəhriyar keçmişi ilə doğmalaşıb anasının dilində bir şeir deməyə qərar verdi. O öz şeir dilini Təbriz şivəsi və Təbriz ədəbi məktəbi seçdi...

- Heyif olsun ki, siz sinniz (yaşınız) azdı, o qədim türki indi aradan gedib; büləsüz (biləsiniz) bizim türkilərdən nə qissələr (hekayətlər) var idi. Heyif olsun, mənim anam, hey dedim yazaram, himmətim olmadı (çalışmadım). O qədər şeir, əslən qisseyi-mənzum hifz idi (əzbər bilirdi) ki, belə dünya-dünya ləzzət adam aparardı, özlərinən apardılar; bizdə də o şüur olmadı. Yəni dilimizi əvvəldən qoymadıla təşviq ola...
Ağayi-Cəmalzadə1 yazmışdı ki, "Heydərbaba"nı, fəğət (yalnız) "Heydərbaba"nı qanmağa türki oxuram, türki örgəşirəm (öyrənirəm)..., biri Məliküşşüəra Bahar2 idi, mənnən (mənimlə) türki oxuyardı, türki örgədərdim.

Yavaş-yavaş müəyyən cəbhələr özünü "Heydərbaba" axınıyla üzbəüz gördülər. Birincisi, türk dilini qadağan edən şah hökuməti "Heydərbaba" ilə mübarizəyə başladı.

- Azərbaycan milləti ölməz bir millətdi, məyər (məgər) qabağın almağnan (almaqla) olar? Gördün ki, əlli il qabağını aldılar, bir az da şişdi! "Heydərbaba" kimin şeir verdi, "Səhəndiyyə" kimin şeir verdi. Bular (bunlar) hamısı o əksül-əməl (reaksiya) idi ki, türklux (türklük), bizim Azərbaycanlılıx, qomiyyətimiz görsətdi. O birisilər3 hamısı məhv olar gedər, amma "Heydərbaba" məhv olmaz, "Səhəndiyyə" məhv olmaz; bu cür gəlib və gedəcax (gedəcək)...

_______
1. Tanınmış fars yazıçısı Məhəmməd Əli Camalzadə (1892-1997).
2. XX əsr fars poeziyasının görkəmli nümayəndələrindən Məhəmməd Tağı Məliküşşüəra Bahar (1886-1951).
3. Şəhriyar burada digər əsərlərini, özəlliklə farsca yazdıqlarını nəzərdə tutur.

Qaynaq (ərəb əlifbasında): http://anayurdumla.blogspot.com/

Səs faylını mp3 formatda BURADAN yükləyə bilərsiniz.

Baxış sayı: 126
Açar sözlər:
Bookmark and Share

Hümmət Şahbazi. ŞEİRLƏR

ƏLİMİZ ÜST-ÜSTƏ

Hadi Qaraçay üçün

Gəl,
Uzadaq əlimizi tarixə doğru –
Yerə girsin utandığından barı.
Əlim əllərin kimi,
Ürəyim ürəyim kimi qabar-qabar.
Əlimiz üst-üstə
tarixi dikəltdi belə;
Duyğumuz
          duyğusuzları
                 yaşatdı belə.
Əlimdə iz salan həsrətimə bax!
Dişimdə boğulan harayıma bax!
Gözlərində izlənən həsrətə bənzər. 

picasso


Qollarını sən də aç!
Ağılarımızla yaşayaq.
Ürəyini sən də aç!
Dərdimizin süfrəsinə yayaq;
Boylanaq uc-bucaqdan
                mamır kimi,
Qabar-qabardır ürəyim
                ürəyin kimi.
Gəl, çürüməsin – deyə,
duz içində saxlayaq
ömrümüzün şirin ətini.

ÖLÜMLÜ YÜRÜŞ

Dedilər:
Get irəli!
Anlamsız gedişlə getdik
Və aldandıq
bu həyatın cənnət adında dərəsinə.
Nə bir içim içki,
və nə də güllərin qoxusu var orda.
Aldandıq bir içimlik həyata.
Və indi
yat biryolluq
ürəyinin duyğusunu duymadan.
Döyüş rəsmləri çəkir
            - canımdan iraq -
                        aldadıcı rəssam,
və ölüm toyu tutur insanlara.
Doğulduğu gündən
Ölübdür elə bil ki, insan.
Get irəli!
Anlamsız gedişlə.
Göyün şaqqıltısını,
qayaların uçmağını duymadan,
vaz keçdik bu həyatın şən döyüşündən
və ölüm zurnasıyla
ölümə doğru getdik.
Bu döyüş tanrıları
buraxmayacaq bizləri,
budur insanın taleyi.
Qan,
       qan,
            qandır dalğaların sapına düzülən.
Haydı, haydı!
İrəli get!
Anlamsız gedişlə,
və geri qayıtmadan.
Get irəli,
      ölümlü ölümə doğru.
Ölüm şərqisi ilə qurtarır
Ölüm simfoniyası.
Və al qan ilə sona çatır
Bu həyatın son naxışı.

İNSANLIQ HARAYI

Hey...!
İnsanlığın hay-harayı,
gözün görmür
dünya qədər xortlayan
min bir həyatı?
İçin duymur
həsrətin qoxusundan da acı
özgə bir göynəyi?
Dilin dinmir dilsizliyimə.
Səsin gəlmir səssizliyimə.
Bir sadəcə mahnı tək
               məni dinlə.
Qoxumuş bir leşəm
               məni iylə.
Məni dindir
bir dilsiz it balası tək.

Dağların ətəyindən qopan fırtına mənəm;
Tarixin əngində
çeynənən də mən.
Otlar kimi yaşıllığam.
Ancaq
əlim əsnəyir,
dilim dinməyir,
gözüm görməyir.
Keçmə bir ah kimi kandarımdan.
Məni duy!
Məni hiss et, ey...!
İnsanlığın hay-harayı,
Heç olmasa
tula nəslindən olan heyvanlığıma görə.


Baxış sayı: 91
Açar sözlər:
Bookmark and Share

Məhəmmədəli Hüseyni. "TƏSXİR EDİBDİ HƏR YERİ ƏŞARI MÖCÜZÜN..."

MİRZƏ ƏLİ MÖCÜZ YARADICILIĞININ TƏDQİQİ VƏ NƏŞRİ TARİXİNƏ DAİR  

Öz xalqının intibahı uğrunda yazıb-yaradan mütərəqqi dünyagörüşlü mübariz Azərbaycan şairi, əsərlərini əsasən ana dilində yazmış böyük satirik Mirzə Əli Möcüzün ədəbi irsi panfarsist hakimiyyət dövründə İranda təbii ki, çap edilə bilməzdi. Rza şah diktatorluğu devrildikdən sonra, Azərbaycanda Milli Hökumət fəaliyyət göstərdiyi bir dövrdə Möcüz əsərlərinin nəşri üçün əlverişli şərait yarandı. Şairin 252 səhifəlik ilk seçilmiş əsərləri 1945-ci ildə tədqiqatçı Qulam Məmmədlinin təşəbbüsü ilə SSRİ ilə İran arasında Mədəni Əlaqələr Cəmiyyəti Təbriz şöbəsinin nəşriyyatında çap edilir. Mətbuat səhifələrində Möcüzün məfkurə və yaradıcılığına dair məqalələr dərc edilməyə başlayır. O dövrdə istər Qulam Məmmədlinin, istərsə də digər müəlliflərin yazdığı bu məqalələrlə möcüzşünaslığın təməli qoyulur. Şairin əsərləri Şimali Azərbaycanda da Qulam Məmmədlinin tərtibçiliyi və ön sözu ilə 1948, 1954, 1982-cı illərdə nəşr edilir. Kitabdan-kitaba Möcüzün seçilmiş əsərlərinə daxil edilən şeirlərin sayı artır. 1963-cü ildə isə şairin seçilmiş əsərləri Pançenko familiyalı tərcüməçi tərəfindən rus dilinə çevrilərək çap edilir.

mirzeli_mocuz


Təxminən 1948-ci ildən etibarən Şimali Azərbaycanda Mirzə Əli Möcüzə dair tədqiqatlar geniş vüsət almağa başlayır. Məmməd Arif1 (1948), Məsud Vəliyev2 (1950), Mübariz Əlizadə3 (1954), Cəfər Xəndan (1955), Lətifə Ömərova (1958), Əziz Mirəhmədov (1959), Məmmədrza Afiyət4 (1964), Nazim Axundov5 (1968), Mir Cəlal Paşayev6 (1969), Tofiq Hacıyev (1977), Tərlan Novruzov (1992) və s. tədqiqatçılar bu barədə monoqrafiya, məqalə və oçerklər yazırlar. Möcüzün həyat və yaradıcılığı haqqında məlumatlar «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» kitabına, üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nə, orta məktəblərin 10-cu sinifləri üçün yazılan ədəbiyyat dərsliyinə daxil edilmişdir.
İlk növbədə Möcüzü mütəxəssislərə və geniş oxucu kütləsinə tanıtdıran Qulam Məmmədliyə, həmçinin yuxarıda adlarını çəkdiyimiz tədqiqatçılara dərin minnətdarlıq hissini ifadə etməklə bərabər, onların tədqiqatlarında yol verilmiş bəzi xəta və səhvləri nəzərdən keçirmək istərdik. Şimali Azərbaycan ədəbiyyatşünaslığında Möcüz yaradıcılığının tədqiqi və nəşri sahəsində nəzərə çarpan əsas səhvləri Sovet İttifaqında hakim olan ideologiyanın tələbləri ilə izah etmək lazımdır. Azərbaycan sovet ədəbiyyatşünaslığında şairin dünyagörüşünün formalaşmasını şərtləndirən əsas amillərdən biri kimi onun öz vətəni və mühitində baş verən tarixi, ictimai-siyasi hadisələrin təsiri az öyrənilmiş, Rusiya inqilabının təsiri isə şişirdilmişdir. Məlum məsələdir ki, hər hansı bir əsər hakim ideologiyanın təsiri altında tədqiq edilərsə, birtərəfli və ya kökündən yanlış nəticələrə gətirib çıxarar. Bu xüsusda bir neçə faktı gözdən keçirək.
Q.Məmmədli Möcüzün Rza şaha münasibəti barədə düzgün məlumat vermir. O, şairin Rza Şaha qarşı olduğunu və onun əleyhinə tənqidi şeirlər yazdığını göstərir.7 Bunu sübut etmək üçün şairin «Mən neyləyim» rədifli şeirində beytlərin ardıcıllığı pozulmuş (16-cı beyt 14-cü beytin yerinə qoyulub), şeirdə gedən «Şahi-cavan» ifadəsi «Şahi-Rza» ilə əvəz edilmişdir. Möcüzün öz əlyazmasında həmin hissə belədir:

Pəhləvizadə çıxıb taxta deyirlər, deyəsən,
Və qoyub başına taci-Qəcəri, mən neyləyim.

Bağladı Məclisi-Şuranı topa Məmdəli şah,
Düşdü öz canına axır şərəri, mən neyləyim.

Qəmər əqrəbdə qayıtdı vətənə şahi-cəvan,
Yaxşı saatda edibdi səfəri, mən neyləyim.

Gözü, qaşı, bədəni, hər yeri bənzər şahə,
Az imiş mədrəki, yoxmuş hünəri, mən neyləyim. 8

Göründüyü kimi, burada sadəcə olaraq Rza şahın səltənət taxtına çıxmasından danışılır. Məclisi-Şuranı topa tutan Məmmədəli şaha və 1299-cu il xordad ayının 13-də (1920-ci il mayın 3-də) Avropa səfərindən vətənə qayıdan «Şahi-cavan», yəni Əhməd şaha9 satirik münasibət bildirilir. Lakin Qulam Məmmədli:
Pəhləvizadə çıxıb taxta deyirlər deyəsən,
Və qoyub başına taci-Qəcəri, mən neyləyim

– beytindən sonra:

Gözü, qaşı, bədəni, hər yeri bənzər şahə,
Az imiş mədrəki, yoxmuş hünəri, mən neyləyim

– beytini verməklə əsərin məzmununu dəyişdirmiş, nəticədə satira Məmmədəli şah və Əhməd şahla bərabər Rza şaha da aid edilmişdir.
Cənubi Azərbaycan ədəbiyyatına dair bir sıra tədqiqat əsərlərinin müəllifi olan Cəfər Xəndan Möcüz yaradıcılığına xüsusi diqqət yetirmişdir. 1955-ci ildə çapdan çıxmış «XX əsr Azərbaycan ədəbiyyatı» adlı kitabında o, şairin həyat və yaradıcılığı, həmçinin dünyagörüşü barədə ətraflı mülahizələr söyləmişdir. Dəyərli məlumatlarla zəngin bu monoqrafiyada bəzi qeyri-elmi, tarixi gerçəklikləri əks etdirməyən fikirlərə də rast gəlirik. Müəllif yazır: «Cənubi Azərbaycan xalqının qarşısında duran ən mühüm vəzifə milli istiqlaliyyət idi. Bu vəzifəni yaxşı başa düşən Möcüz vətənpərvərlik mövzuunda şeirlər yazmağa başlayır».10 Cəfər Xəndan öz fikrini sübut etmək üçün şairin «Neçin ah eylədin, ey bülbüli-nalani-vətən» misrası ilə başlanan siyasi qəzəlindən bu iki beyti verir:

Vətəniz cismdi, siz də vətənə can kimisiz,
Razı olmun qala cansız vətən, ey can vətən.

Olmayıb şad, üzü gülməyib, əfsus, əfsus,
O zamandan ki, olub Möcüzə İran vətən.11

Vətənpərvər şairin yazdığı şeirlərdə təkrar-təkrar işlənən “vətən” sözünün anlayışı, ümumiyyətlə, İranla bağlıdır. Tədqiqatçının iddiasının əksinə olaraq, onun misal gətirdiyi beytlərdə də bu söz həmin mənada işlənmişdir. Söz yox ki, “vətən” deyilərkən İranın nəzərdə tutulduğu bir məqamda Azərbaycanın milli istiqlalından söhbət gedə bilməz. Müəllif monoqrafiyasının başqa bir yerində bir daha həmin mövzuya qayıdır və «Beyrəqi-ədalət» məcmuəsilə bağlı başqa bir tarixi səhvə yol verir: «Oktyabr sosialist inqilabından sonra Bakı inqilabi mətbuatında, İran sosial-demokratlarının nəşr etdirdikləri «Beyrəqi-ədalət» məcmuəsi… səhifələrində Azərbaycan xalqının milli istiqlalı mövzusunda yazılmış ciddi yazıları oxuyan Möcüz öz atəşin şeirləri ilə onlara səs verir…».12
Məsələ burasındadır ki, 1917-ci il Oktyabr inqilabından sonra Bakıda yaradılmış Ədalət Partiyasının orqanı olan «Beyrəqi-ədalət» məcmuəsini İran Demokrat Partiyasına aid etmək olmaz. O dövrdə bolşeviklər Şimali Azərbaycanda yaşayan minlərlə Cənubi Azərbaycan fəhlələrini Ədalət Partiyası ətrafında toplayaraq, onları Qızıl Ordunun sıralarına cəlb etməyi planlaşdırmışdılar. Cənubi Azərbaycan Demokrat Partiyası isə iranlıların Rusiyada gedən siyasi hadisələrdə iştirakını məsləhət görmürdü. «Beyrəqi-ədalət»in Cənubi Azərbaycan Demokrat Partiyasına münasibəti tənqidi olmuş, get-gedə bu tənqidi münasibət şiddətlənərək, düşmənçiliyə çevrilmişdir.13 Müəllif adı çəkilən əsərində Möcüzün «Beyrəqi-ədalət» məcmuəsini oxuduğuna dair heç bir mənbə göstərməmişdir.
Möcüz haqqında yazılan ilk namizədlik dissertasiyası şairin həyat və yaradıcılığını tədqiq edənlərin diqqətini cəlb etməyə bilməzdi. Tədqiqatçı Lətifə Ömərova bu mövzuda yazdığı elmi işini 1958-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap etdirmişdir. Qeyd etmək istərdik ki, L.Ömərova bu əsərində Möcüzə dair ona qədər yazanlardan irəli gedə bilməmişdir. Monoqrafiyanın «Möcüz yaradıcılığının bəzi sənətkarlıq xüsusiyyətləri» adlı bölümündə müəyyən maraqlı məqamlarla rastlaşsaq da, əsər əsasən partiyalı ədəbiyyat tələbləri əsasında yazılmış, müəllif bəzi mübaliğələrə də yol vermişdir.
Məlumdur ki, İkinci Dünya müharibəsinə qədər hələ Yaxın və Orta Şərq ölkələri, o cümlədən də İran, ABŞ-ın müstəmləkəçilik siyasətinə məruz qalmamışdı. Bu səbəbdən də həmin dövrə qədər, Möcüzün, mütərəqqi dünyagörüşlü digər şair və yazıçıların əsərlərində Amerika imperializminə qarşı bir söz-söhbətə rast gəlmirik. L.Ömərova İngiltərə, çar Rusiyası və Almaniya imperiyaları ilə bərabər, Amerikanı da Möcüzün mübarizə meydanına daxil etməyə çalışmışdır.14
Möcüz yaradıcılığında cümhuriyyət mövzusuna gəldikdə isə, qeyd etməliyik ki, 1924-cü ilin fevral ayında Tehranda və İranın digər şəhərlərində şahlıq üsul-idarəsinin dəyişdirilərək cümhuriyyət elan edilməsi məqsədilə böyük nümayişlər keçirilmişdi. Qısa fasilədən sonra İran parlamentində cümhuriyyət elanı üçün açıq iclas təşkil edildi.15 Möcüz bu cümhuriyyətçi hərəkatla ciddi surətdə maraqlanaraq, bu xüsusda bir neçə əsər, o cümlədən «Cümhuriyyətə» adlı məşhur siyasi lirik şeirini yazmışdır. L.Ömərova həmin şeirlə əlaqədar belə yazır: «Möcüz «Cümhuriyyətə» adlı şeirində yenə də Cənubi Azərbaycanda cümhuriyyət yaranması arzusunu ifadə edərək deyir: «Zərin qədrini zərgər bildiyi kimi, cümhuriyyətə hər kəs müştəri olmaz».16
Azərbaycan sovet elminin digər nümayəndələri də bu xüsusda oxşar çıxışlar etmişlər. Bu mənada görkəmli Azərbaycan alimi Əziz Mirəhmədovun Möcüzə həsr etdiyi əsər diqqəti çəkir. 1960-cı ildə üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nə salınmış bu tədqiqat möcüzşünaslıqda baş vermiş inkişaf və dərinləşməni əks etdirir. Alim burada şairin «Azərbaycan ədəbiyyatı tarixində bir çox cəhətdən orijinal sənətkar» olduğunu göstərir. Möcüzün dinə münasibətindən danışarkən, o, haqlı olaraq, şairin Sabirdən «xeyli irəli getdiyini» söyləyir.17 Möcüz yaradıcılığındakı bədii sənətkarlığa gəldikdə, onun Azərbaycan satirasında özünəməxsus dəst-xətti olduğunu qeyd edir.18 Ə.Mirəhmədovun tədqiqatında razılaşmadığımız bir mətləb varsa, o da haqqında danışdığımız Amerika imperializminin tənqidi ilə bağlı məsələdir.
Möcüz xalqının şüurunu, dərrakəsini buxovlayan «cəhalət divi»nə qarşı var qüvvəsi ilə, «şəmşiri-abdari-bəyanilə» ömrü boyu mübarizə aparmışdır. «Miskin qoyun» başlıqlı bir şeirində o, iti bəyan qılıncı ilə «divi-cəhalət»ə işarə edərək yazır:

Çün qüvvə verdi qəlbimə mey, söylədim ki, hey
Saqi, tez ol, gətir mənə şəmşiri-Heydəri.

Sordu: neçün? Dedim: a kişi, görmüsən məgər,
Eylir xərab divi-cəhalət Şəbüstəri?

Zənn etmə div birdi, dedi, bu diyardə,
Minlərcə div xəlq edib ağayi-Şüştəri!19

Qulam Məmmədlinin 1945-ci ilə aid ilk çapında «Şüştəri» sözü səhvən «Şüstəri» kimi getmişdir. Ehtimal ki, Q. Məmmədli bu sözü Möcüzün əlyazmasından olduğu kimi götürmüşdür. Məlumdur ki, əlyazma nüsxələrində sözlərin yazılışındakı imla müxtəliflikləri, nöqtələrin gözdən qaçırılması, digər səhvlər adi haldır. Əsər çap edilərkən həmin sözün «Şüstəri» kimi yazılması üzündən Ə.Mirəhmədov bunu amerikalı Morgan Şusterin adı kimi yozmuşdur.20 Tarixdən məlumdur ki, İranın bərbad maliyyə vəziyyətinin nizama salınması üçün 1911-ci ildə Morgan Şuster İran parlamentinin dəvəti ilə Amerikadan bu ölkəyə səfər etmişdi. Lakin İngiltərə və Rusiya hökumətləri bu səfərdən narahat olmuş və Rusiyanın bu xüsusda İrana verdiyi ultimatumdan sonra Morgan Şuster İranı tərk etmişdi. Qeyd etdiyimiz kimi, Amerikanın İrana qarşı imperialist siyasəti II Dünya müharibəsindən sonra özünü göstərməyə başlamışdı. Ə.Mirəhmədovun təhlilə cəlb etdiyi həmin şeirin məzmununun nə Amerika, nə də Morgan Şusterlə əlaqəsi vardır. Möcüz burada o dövrün tanınmış müctəhidlərindən biri olan Şeyx Cəfər Şüştərini21, ya da Seyid Əli Şüştərini nəzərdə tutmuşdur.22*
Prof. Firidun Hüseynov «XX əsr Azərbaycan ədəbiyyatı» kitabında müasir Cənubi Azərbaycan şairi Mirzə Hüseyn Kərimini Sabir və Mirzə Əli Möcüzün davamçısı kimi təqdim edir.23 Bu fikirlə heç cür razılaşmaq olmaz. Kəriminin əsərləri öz məzmunu etibarilə fikahi şeirlər və dini həcvlərdən ibarətdir.** Mürtəce, dini görüşdən çıxış edilən əsərlər, istər dini həcvlər, istərsə də kütlə üçün yazılmış, mənasız gülüş doğuran fikahi şeirlər olsun, satira və yumor hesab edilə bilməz. Pəhləvi rejimi dövründə milli-demokratik ədəbiyyatımızın görkəmli nümayəndələrinin, o cümlədən, Sabir və Möcüzün əsərlərinin nəşrinə qətiyyən icazə verilmədiyi halda, Kəriminin «Rəngarəng» adlı şeirlər kitabı, mərsiyələri dəfələrlə çap edilmişdi. Bunun da səbəbi ancaq hər iki şairin daban-dabana zidd olan dünyagörüşlərindən ibarətdir.
Görkəmli dilçi alim, prof. Tofiq Hacıyev «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» adlı dəyərli əsərində Möcüz satiralarının dil xüsusiyyətlərinə önəmli yer vermişdir. Həmin əsərdə Azərbaycan satira dilinin işlənib hazırlanmasında Möcüzün xeyli əməyi olmasından, Azərbaycan satira dilinin cənub variantının formalaşmasında onun böyük rolundan ətraflı bəhs edilir.24 Bu tədqiqat əsəri Möcüzün dilinə dair maraqlı materiallarla zəngindir.
Şimali Azərbaycanda Möcüzə tədqiqat həsr etmiş müəlliflərdən Kamran Məmmədov və Tərlan Novruzovun25 adlarını çəkmək istərdik. Bu tədqiqatçılar şairin dünyagörüşü və əsərlərinin bədii xüsusiyyətləri ilə bağlı bir sıra maraqlı və incə nöqtələrə toxunsalar da, bəzi səhvlərə yol vermiş, real faktlara əsaslanmayan fikirlər söyləmişlər. Məsələn, Kamran Məmmədov «Mirzə Əli Möcüz yaradıcılığında məişət satirası» adlı məqaləsində yazır: «… Möcüz məşhur inqilab qəhrəmanları Səttarxana, Ş.M.Xiyabaniyə, Heydər Əmioğluna, Həllacoğluna, xüsusən də dünya proletariatının rəhbəri V.İ.Leninə böyük rəğbət hissi ilə yanaşmış, onların haqq işi uğrundakı mübarizələrini alqışlamışdır».26 Möcüz əsərlərində (çap və əlyazmaları nəzərdə tutulur) adları yuxarıda çəkilən şəxslərdən yalnız Lenin və Xiyabaniyə əsər həsr etmişdir. Həllacoğluna isə Möcüzün münasibəti müsbət olmamışdır.

Xudadan qorxar Həllacoğlu, mey içməz şəbi-cumə,
Tökər məzlumların qanın yerə, bu kardən qorxmaz.27

Fikrimizcə, Möcüzün Həllacoğluna münasibətinin düzgün olub-olmadığı barədə ayrıca tədqiqat aparmaq lazımdır.
* * *
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu günə qədər İranda Azərbaycanın böyük humanist, satirik şairi Mirzə Əli Möcüzə layiq olduğu, samballı tədqiqat əsəri həsr edilməmişdir. Bunun əsas səbəbi İranda bir əsrə yaxın hökm sürmüş Pəhləvi və indiki islam rejiminin şovinist-irticaçı mahiyyəti ilə izah edilməlidir.
1946-cı ildən 1979-cu il İran inqilabına qədər mətbuat səhifələrində və bəzi kitablarda Möcüz haqqında bir-birindən çox da fərqlənməyən az sayda yazılar çap edilmişdir.
Pəhləvi hakimiyyəti devrildikdən sonra bu xüsusda yazılan əsərlərin sayı müəyyən qədər artmağa başlayır. Amma bu yazıların müəyyən qismini Qulam Məmmədlinin Möcüz əsərlərinə yazdığı müqəddimədən, Mir Cəlalın şairə həsr etdiyi monoqrafiyalardan alınmalar təşkil edir. Bəzi kompilyasiyaçılar (kitabsazlar) əsərlərində başqa müəllifə məxsus, heç də yeni olmayan məlumatları bir kəşf kimi təqdim etmişlər. Qeyd etməliyik ki, bu baxımdan Əlirza Nabdilin «Azərbaycan və məsəleyi-mili» əsərindəki Möcüzə dair hissə, həmçinin doktor Zehtabinin 1982-cı ildə Bakıda nəşr edilmiş Möcüz əsərlərinə dair tədqiqatı istisna təşkil edir. Nabdilin təhlili və düşüncələri ilə tam razılaşmasaq da, fikrimizcə, şair haqqında öz müstəqil mülahizələrini söylədiyinə görə dəyərləndirilməyə layiqdir.
1948-ci ildə Mehdi Müctəhidi nəşr etdirdiyi «Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət» adlı kitabında Möcüzə xüsusi yer ayırmışdır.28 Məqalənin sərlövhəsində şairin «Aşiqi-pərişan» şeirindən aşağıdakı beyt verilir:

«Gör al» rəsmdir, bəs «görmə al» nədir,
Əcəb nizam qoyub hökmdarı Tehranın.

Beyti açıqlayan müəllif «gör al» və «görmə al» ifadələrini yanlış olaraq «müstəqim və qeyri-müstəqim maliyyat» kimi izah edir. T.Hacıyevin sözləri ilə desək, şair «öz üslubuna, ideyasına uyğun yeni sözlər və ifadələr yaradır». «Gör al» və «görmə al» da onlardan biridir. Səranə – adambaşına vergi ilə əlaqədar yaranan bu iki ifadənin mənası əsərin özündən məlum olur. Şeirdə deyilir ki, başı bəlalı oğlum heç vətəndə yaşayırmı ki, mən onun səranəsini (dövlətə ödənilən adambaşına vergi) verim. Əgər onu görsən, alarsan!
Şairin məfkurəsi ilə əlaqədar, xüsusilə də onun dinə münasibəti barədə söylənilən ziddiyyətli fikirlər diqqəti daha çox cəlb edir.
Dini mövqedən çıxış edən Mehdi Müctəhidi yazır: «Möcüz bəzən tənqidlərində ifrata varır, öz dərk və fəhmindən uzaq mövzulara girişərək, etiqadsızlıqlara yol verir». Sonra müəllif bu dediklərinin tam əksinə olaraq yazır: «Möcüzün din xadimlərinə etdiyi hücumlara baxmayaraq, o qəlbən şiə olub imamın zühuruna etiqad edirdi». Sözsüz ki, Müctəhidi bu səhv mülahizəsini söylərkən şairin «Vəsiyyətnamə» adlı şeirinin son beytinə əsaslanıb.

Zühuri-həzrəti-Qaim yaxındır, ölmə, ya Möcüz,
Bulut altında qalmaz daima gün, xəlq zülmətdə!29

Möcüzə məxsus yumoristik üslubun bir xüsusiyyəti də ondan ibarətdir ki, o əsərini bəzən avam, mövhumatçı dilindən deyir, bəzən də özünü mənfi tiplərin təmsilçisi kimi apararaq kinayə, ironiya və eyhamlarını da özünə ünvanlayır. Şair oxucuya daha güclü təsir etmək üçün bu üsuldan xeyli istifadə etmişdir. Məsələn:

Möcüz utanır qırxmır saqqalı deyirlər,
Nə? Bizdə həya olsa, cəhalətdən utannux!30

Həqiqi bir mübariz, maarifpərvər şair kimi Möcüz yalnız ruhanilərin tənqidi ilə kifayətlənmir, xalqa dinin əsas mahiyyətini başa salmağa çalışır. Şairin yumorunun mahiyyətini anlamayan M.Müctəhidi onun misralarını yanlış istiqamətdə təhlil etmiş və eyni halda öz yazdığı ziddiyyətli mülahizələrində fərqinə vara bilməmişdir.
226 səhifə həcmində olan «Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət» kitabının nəşrindən əlli il sonra Qulamrza Təbatəbayi Məcd ona 400 səhifə əlavə edərək, kitabı yenidən çap etdirmişdir. Kompilyasiya məhsulu olan bu mənbənin əlavələr bölümündə, həmçinin izahlarda gedən səhv və qeyri-elmi mülahizələr ümumiyyətlə, mətnin özündən daha rəngarəng və zəngin olmuşdur! Tərtibçi Möcüzlə bağlı «izah»ında yazır: «Möcüz Şəbüstərdə sakin olduğu ilk çağlarda növhə yazmaqla məşğul olmuşdur».31
Artıq İstanbulda bir mütərəqqi, demokrat şair kimi dünyagörüşü formalaşan Möcüz 1905-ci ildə vətənə qayıtmışdı. Vətəninin maddi, mənəvi səfalətini, fəlakətli vəziyyətini görən şair ürək ağrısı ilə onun ağlar halını öz «növhə»lərində əks etdirmişdi. Bu barədə Möcüzün farsca yazdığı tərcümeyi-halında oxuyuruq: «…16 il orada (İstanbulda) qaldım, [sonra] Şəbüstərə gəldim. Vətənin ağlar halını gördükdə, növhəxanlığa başladım. [Lakin] axundlar mənim növhəxanlığımı bəyənmədilər. [Mənə] müharibə elan etdilər…».32
Heç bir şərhə ehtiyac olmayan bu sətirlərdə şairin kinayəli şəkildə dediyi «növhə» sözünün hansı mənada işləndiyi aydındır. Bu növhələr Təbatəbayinin və eləcə də onun səviyyəsində olan Ustadının başa düşdüyü növhələrdən tamamilə fərqlənir. Məhz buna görə də axundlar, mürtəcelər, qaragüruhçular Möcüzün "növhəxanlığ"ını nəinki bəyənmədilər, hətta ona qarşı müharibə elan etdilər. Maraqlıdır ki, Möcüzün bu bədii ifadəsinə təxminən səksən il sonra fars şairi Mehdi Əxəvanın şeirində rast gəlirik: «Mən mərsiyəquye-vətəne-mordeye-xişəm» («Mən ölmüş vətənimin mərsiyə (növhə) deyəniyəm».
Doğma yurduna qayıtmış Möcüzün vətənin ağlar halına yazdığı «Dedilər» rədifli şeirini, öz təbiri ilə desək, növhəsini bir misal olaraq nəzərdən keçirsək, yerinə düşər.

Çün yetişdim vətənə, «açma dəhanın», dedilər,
«Dinmə, danışma və tərpətmə zəbanın», dedilər.

«Məscidə daxil olan vəqtdə kürnuş eylə,
Ver səlam, öp əlin ağayi-Zəmanın», dedilər.

Buna bənzər bir neçə başqa beytlərə diqqət yetirək:

Oynama, çalma, danışma, gülmə, dinmə, lal otur,
Yaxşıdır min dəfə burdan bir məzar, ey dustan...

Yaxud:

Səkinə guşeyi-viranədə can verdi acından,
Eşitcək bu sözü başın vurar divarə iranlı.

Əcəb sahibi-mürüvvət, rəhmdil millətdi bu millət
Ki, ağlır min sənə əvvəl ölən aclarə iranlı.

Səkinə adlı çox qızlar yatır ac bu vilayətdə,
Çörəkçixanələr bağlı, qalıb avarə iranlı.

Yalandır bu nümayişlər, inanma hərgiz, ey Möcüz,
Yığır azuqəsin xəlqin qoyur anbarə iranlı.33

İranda çeriki (partizan) hərəkatının görkəmli nümayəndələrindən olan şair Əlirza Nabdil «Azərbaycan və milli məsələ» adlı əsərində Möcüzün ictimai-siyasi görüşlərinin təhlilinə xüsusi yer vermişdir. Ümumiyyətlə, Möcüz yaradıcılığını yüksək qiymətləndirən Nabdil onun barəsində bəzi tənqidi fikirlərini də söyləyir: «Onun (Möcüzün) əsas mübarizəsi yerli istismarçılara və onların himayədarları olan ruhanilərə qarşı idi. Şəhərlərdə müctəhidlərin hakimiyyətə qarşı müxalif olmaları və onlarla hər cür əməkdaşlığı haram elan etmələri Möcüzün rejimə qarşı sərt münasibət göstərməsinə mane olur. Möcüz din əleyhinə mübarizəsini (əlbəttə, materializm mövqeyindən deyil, özünəməxsus formada) sinfi mübarizədən ayırmamışdır... Bununla belə feodal militarizmi hakimiyyətə gəldikdən sonra bütün istismarçı qüvvələri ətrafına toplayıb özünə tabe etdirmək istədikdə, Möcüz günü-gündən artmaqda olan təzyiqlərə qarşı qətiyyətlə mübarizə aparmır. Əslində o, Rza şahın əks-inqilabçı mahiyyətini başa düşməkdə aciz idi...»34.
Nabdil dini rəhbərlərin həqiqi simasını lazımınca başa düşmədiyinə görə Möcüzü tənqid etmişdir. Hər şeydən əvvəl Möcüz irticaçı ruhanilərin mahiyyətini, onların ictimai-siyasi həyatda oynadıqları dəhşətli rolu yaxşı başa düşür, dərindən dərk edirdi. Məhz buna görə də o dönəmdə o, mollaların hərəkatı qarşısında şaha üstünlük verirdi. Onun «rejimə qarşı sərt münasibət göstərməməsi»nə müasir tarixin təcrübəsi də haqq qazandırır. Xalqın maarifləndirilməsi uğrunda bir mübariz şair kimi Möcüzün böyük əməyi, çəkdiyi zəhmətlər də Nabdil tərəfindən əhəmiyyətsiz kimi qələmə verilmişdir. Möcüzün istər dinə, istərsə də Rza şaha münasibəti barədə xüsusi olaraq ətraflı danışacağıq.
1982-ci ildə Qulam Məmmədlinin nəşr etdirdiyi Möcüz əsərləri barədə doktor Məhəmməd Tağı Zehtabinin «Varlıq» dərgisində (1368/1990-cı il, No. 75-4, s. 92-106) çap etdirdiyi tənqidi yazısı elmi səciyyəsi ilə seçilir. M.T.Zehtabi Qulam Məmmədlinin Möcüz əsərlərindən ibarət bu son nəşrində yol verilən çoxsaylı səhvləri göstərmiş, şairin Rza şaha münasibətini də bir neçə sətirdə olduqca düzgün və dolğun təhlil etmişdir. Həmin məqalədə tədqiqatçı «qaval» sözü ilə əlaqədar bir səhvə yol vermişdir. Möcüzün «Gündə» rədifli və başlıqlı şeirində belə bir beyt vardır.

Qoyun, quzu qarışar bir-birinə səhradə,
Qaval çalar, su içər, kef çəkər çoban gündə.

Doktor Zehtabiyə görə, "«qaval» və «su» sözləri buraya səhv olaraq düşmüşdür. Çoban qaval deyil, ney çalarsa, özü də su deyil, sud içərsə kef çəkə bilər".35 Məsələ burasındadır ki, Möcüzün şeirində «qaval» sözü ney mənasında işlədilir. Şairin yaradıcılığında işlənən türkizmlərdən bir də “qaval” sözüdür. Şəmsəddin Sami öz "Qamus"unda bu sözün izahını belə verir: «Qaval: düdük – çobanların çaldığı qalınca səsli böyük düdük (tütək)».36
Möcüzün iki müxtəlif fotoşəkli barədə doktor Zehtabinin verdiyi düzgün məlumat Qulam Məmmədlinin bu xüsusdakı səhvini aradan qaldırmışdır.
Rəhim Rəisniya 1995-cı ildə çap etdirdiyi «İran və Osmani dər astane-qərne-bistom» adlı əsərində İstanbulda mühacirətdə yaşamış ziyalılar sırasında Mirzə Əli Möcüz haqqında da məlumat vermişdir. Şairə həsr etdiyi 4-5 səhifəlik yazısında müəllif heç bir yeni söz deməmişdir. Burada R.Rəisniya istinad etdiyi mənbələrdəki bəzi kobud səhvləri təkrar etməklə bərabər, özü də bunlara bir neçə xırda yanlışlıqlar əlavə etmişdir.
Qulam Məmmədli Təbrizdə Möcüz əsərlərinin tərtibi və nəşri ərəfəsində şairin tərcümeyi-halını Hacı Məhəmməd ağa Naxçıvanidən və başqalarından öyrəndiyi zaman Möcüzün görkəmli mütəfəkkir Şeyx Mahmud Şəbüstəriyə dərin hörməti ilə əlaqədar belə bir məlumatı da eşitmişdi: «Möcüz vaxtının çoxunu Şeyx Mahmud Şəbüstəri türbəsinin mücavirətində keçirərmiş». Buradakı «mücavirət» sözünü səhv başa düşən Q.Məmmədli belə yazmışdır: «[Möcüz] böyük alimin məqbərəsində mücavirlik etmək və şeir yazmaqla məşğul olmuşdur».37 Şairi bir məqbərə xidmətçisi kimi qələmə verən bu sözlərin yazılmasından yarım əsr keçdikdən sonra Rəisniya bu yanlışlığı əsərində təkrar etmişdir.38 Bizdən öncə Qurbanəli Məhəmmədzadə bu məsələ ilə bağlı Qulam Məmmədliyə etirazını bildirmişdir.39 1982-ci ildə yazdığı «Azərbaycan şairi Mirzə Əli Möcüz Şəbüstəri və mənim xatirələrimdən» adlı əsərində Q.Məhəmmədzadə o dövrdə Şeyx Mahmud məqbərəsinin xüsusi xidmətçisi və yaxud mücaviri olan Rzaqulu adlı şəxsdən danışır, onun haqqında ətraflı məlumat verir.40
Möcüzün həyat və yaradıcılığı haqqında azacıq məlumatı olanlar bilirlər ki, dillərdə əzbər olmasına, əldən-ələ gəzməsinə baxmayaraq, sağlığında şairin əsərləri çap edilməyib. Öz qısa tərcümeyi-halında da şair bunu söyləmişdir. Rəisniya Möcüzün həmin tərcümeyi-halından bu hissəni yazısına köçürüb: «... Bu günə qədər [təxminən] üç min beyt yazmışam, rəfiqlərə vermişəm. Mən özüm [şeirlərimi] toplamamışam, bəziləri toplayıblar... Mənim şeirlərim fikahidir (gülməli, məzhəkəli), xalq tərəfindən bəyənilməsinin də səbəbi budur, yoxsa qabiliyyətinə görə deyil».41
Şairin böyük təvazökarlıqla yazılan bu sözlərini unudan Rəisniya Cavad Heyətin bu barədə yazdığını yeni bir kəşf kimi qələmə verir: «... Cavad Heyət xatırlatmışdır ki, bu xalq şairinin (Möcüzün) bir para şeirləri çap edilməmişdən öncə ağızdan-ağıza gəzərmiş».42
Möcüz «var» rədifli şeirlərindən birində əsərlərinin geniş miqyasda xalq arasında yayıldığını və artıq məşhur bir şair olduğunu göstərmişdir:

Təsxir edibdi hər yeri əşarı Möcüzün,
Zənn etməyin ki, bircə Şəbüstərdə namı var.43

Rəisniyanın məqaləsində yol verilmiş bir neçə başqa səhvləri də göstərmək istərdik. Burada XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış, 1907-ci ildə vəfat etmiş məşhur növhə və qəzəl şairi Hacı Rza Sərraf Təbrizi həcvgu şair kimi təqdim edilmişdir ki, bu da tamamilə səhv fikirdir.44 Yazıda nümunə gətirilən «Məktublaşma» başlıqlı şeirin birinci misrasındakı «əhvən» («ucuz») sözü «ərzan»la əvəz edilmişdir. Möcüz öz qısa tərcümeyi-halını ana dilində deyil, farsca yazmışdır.45
Möcüzə həsr edilmiş elə bir əsər yoxdur ki, orada Sabirin adı çəkilməsin, Sabirin Möcüzə təsirindən bəhs edilməsin, bu iki sənətkarın dünyagörüşü və yaradıcılığından danışılmasın. Mən məqaləmin bu məqamında ancaq bu iki böyük şairin ədəbi irsinin taleyi ilə bağlı müqayisəni aparmaq istərdim.
Hər iki şairin maddi vəziyyətinin ağırlığını, irticaçı qüvvələr tərəfindən mənəvi təzyiqlərə məruz qalmasını nəzərə alsaq, onların həyat şəraitinin təxminən oxşar olduğunu deyə bilərik. Lakin Sabirlə Möcüzün ədəbi irsinin taleyi, əsərlərinin nəşri və tədqiqinə gəldikdə aradakı böyük fərqi görməmək mümkün deyil. Sabir əsərlərinin taleyini xoşbəxt hesab etmək olarsa, Möcüzün ədəbi irsi barədə bunun tam əksini demək olar.
M.Ə.Sabir 1911-ci ildə vəfat etdikdən sonra C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Səhhət, Ə.Qəmküsar kimi görkəmli ədəbi-ictimai xadimlər onun əsərlərini toplayıb şairin gizli imzalarından birini nəzərə alaraq «Hophopnamə» adı ilə çap etdirmişlər. 1914-cü ildə isə, xalqdan toplanan maddi yardım və ianələr hesabına nəşr edilən nisbətən bu mükəmməl kitaba Azərbaycanın xalq rəssamı Əzim Əzimzadənin Sabir əsərlərinə çəkdiyi karikaturalar və təsvirlər də daxil edilmişdir. «Hophopnamə»nin bu çapı istər özünün mütərəqqi məzmunu ilə, istərsə də nəfislik etibarı ilə Şimali Azərbaycanın kitab nəşri tarixində əlamətdar hadisə kimi dəyərləndirilir. Bu nəşr bütün Azərbaycan ziyalılarının, maarifpərvərlərinin, xüsusilə də Cənubi Azərbaycan azadixahlarının son dərəcə qiymətli və əziz kitabı kimi şöhrət qazanıbdır. Kitabın ilk çapından bir əsrə yaxın vaxt keçsə də, o qiymətli bir cəvahir kimi hələ də əhəmiyyətini saxlamaqdadır. Sabir əsərlərinin onun adına layiq şəkildə nəşrini, təbii ki, Şimali Azərbaycanda mövcud şərait və atmosferlə izah etmək lazımdır. Belə bir şərait o zaman, hətta bu gün belə İranda, xüsusilə də onun tərkib hissəsi olan zavallı Cənubi Azərbaycanda olmamışdır. Möcüzün bəzi məqamlarda bir çox cəhətdən Şimali Azərbaycana qibtə etməsi də yersiz deyildir:

Qibtəmiz yersiz deyil, var illəti,
Orda toydur, burda matəm əl-əman.46

Qeyd etdiyimiz kimi, qatı fars millətçiliyi ideologiyasına əsaslanan Pəhləvi rejiminin apardığı siyasət ucbatından Möcüzün əsərləri şairin sağlığında çap edilmir. (Rza xanın hakimiyyətə gəlməsindən öncə Möcüzün 1920-ci ildə Təbrizdə çıxan «Molla Nəsrəddin» jurnalının nömrələrində dərc olunmuş iki şeiri istisna təşkil edir). Möcüzün vəfatından xeyli sonra, Cənubi Azərbaycanın Milli Hökuməti zamanında (1945) onun əsərlərinin müəyyən hissəsi nəşr edilir. Amerika, İngiltərə imperialistlərinin himayəsi altında Məhəmməd Rza şahın qoşunu irtica və yerli mülkədarlarla birgə Milli Hökumət tərəfdarlarını qan dəryasında qərq etdiyi zaman Möcüzün də nəşr edilmiş divanının əksər nüsxələri qalaq-qalaq yandırılan anadilli kitablar içində zəbanə çəkərək yanıb kül olur. 1979-cu ildə Pəhləvi hakimiyyəti devrildikdən sonra ana dilimizlə bağlı yaranmış nisbi azadlıq şəraitində Möcüz əsərləri də bəzi şəxslər tərəfindən nəşr edilir, vaxtaşırı olaraq mətbuat səhifələrində müxtəlif məqalələr dərc olunur. Lakin şairin şeirlərini və yaradıcılığına dair yazılan məqalələri Sabirlə bağlı görülən işlərlə müqayisə etmək mümkün deyil. Biz faktiki olaraq Möcüzə öz vətənində edilən zülmün şahidi oluruq. Sabir əsərlərinin tərtibçiləri Firidun bəy Köçərli, Abbas Səhhət, Məmməd Səid Ordubadi daha sonralar Abbas Zamanov, Həmid Məmmədzadə kimi şəxsiyyətlər olmuşdursa, tam ürək ağrısı ilə deyə bilərik ki, XX əsr Azərbaycan ədəbiyyatı tarixində tənqidi realizm cərəyanının inkişafında özünəməxsus yeri olan Möcüz kimi böyük bir şairin əsərlərinin tərtibçi və naşirləri adi həvəskar kompilyasiyaçı (kitabsaz) səviyyəli şəxslər olmuşlar! Xarici ölkələrdə yaşayan bəzi cənubi azərbaycanlıların da bu sahədə gördükləri işlər deyilənlərdən istisna təşkil etmir. Bu iddialı həvəskarlar primitiv surətdə tərtib etdikləri Möcüz əsərlərini əsasən bir-birindən köçürmüşlər. Həmin kitablar bir tərəfdən tərtibçi və naşirlərinin səviyyəsini göstərdiyi halda, digər tərəfdən tarixi bir sənəd kimi böyük Möcüzün ədəbi irsinə zülm və haqsızlıqları bariz surətdə nümayiş etdirir.

ƏDƏBİYYAT VƏ QEYDLƏR:
1. Məmməd Arif (Dadaşzadə): Müasir Ədəbiyyat. Orta məktəblərin 10-cu sinifləri üçün dərslik. Bak