1950-ci illərin ortalarında adi bir axşamçağı təsiri uzun illər dünya əhalisinin yaddaşından getməyən və Qərbin ictimai quruluşunda böyük inqilaba səbəb olan bir hadisə baş verdi. Hadisənin mərkəzində ABŞ-ın Alabama ştatının Montqomeri şəhərində yaşayan orta yaşlı bir qadın dayanırdı: o, işlədiyi atelyedən evə qayıdarkən, elə bir hərəkət etdi ki, adı uzun müddət insan haqlarına dair kitab və yazıların səhifələrindən düşmədi.
Amerikada quldarlığın qadağan edilməsindən çox illər ötmüşdü, amma o vaxtlar hələ də müxtəlif formalarda özünü göstərən irqi ayrı-seçkilik Afrika mənşəli Amerika zəncilərinə əzab verirdi. Həmin illər Alabama ştatında qəribə bir qanun vardı: bu qanuna əsasən, əgər hər hansı avtobusda boş oturacaq olmazdısa, qaralar öz yerlərini ağlara verməli, özləri isə ayaq üstə getməliydilər. Bu, ABŞ-da yazılmış bir qanun idi.
Həmən o axşamçağı Roza Parks adlı o qaradərili qadın ağdərili bir kişinin avtobusdakı yerini ondan istəməsinə etiraz etdi, sonra isə sürücünün, ardınca da polisin bununla bağlı tələbini yerinə yetirmədi. Və həmin gün yuxarıda qeyd olunan qanunu pozduğuna görə həbs olunub məhkəmənin qərarı ilə cərimə edildi. Qadının bu cəsarət və itaətsizliyinin sorağı elə o gün təkcə şəhərə deyil, bütün ştata yayıldı. Tezliklə bu əhvalatdan Amerika zəncilərinin sivil hərəkatının liderlərindən biri olan Martin Lüter Kinq də xəbər tutdu. O, hərəkat rəhbərliyini inandırdı ki, Roza Parksı dəstəkləmək və onun mübarizə formasını davam etdirmək lazımdır. Beləcə bütün qaradərililər şəhər nəqliyyatını boykot etməyə başladılar. Əvvəlcə boykot Montqomeri şəhərini, sonra ştatı, daha sonra isə bütün ABŞ-ı bürüdü. 381 gün ABŞ-ın, xüsusən Alabama ştatının qaradərili əhalisi ictimai nəqliyyatdan istifadə etmədi və hər gün uzun yolu piyada getmək əzabına dözdü. Bu vəziyyət o qədər davam etdi ki, ABŞ-ın avtobus nəqliyyatı sistemi iflas həddinə çatdı. Həmin təzyiq irqçi qanunun ləğvinə gətirib çıxardı və bu qələbə bir sıra digər qələbələrin başlanğıcı oldu. Nəhayət, 1964-cü ildə mülki hüquq məcəlləsinə dəyişiklik olunaraq, Amerikada hər cür irqi ayrı-seçkilik qadağan edildi.
Parks bir neçə il bundan qabaq dünyasını dəyişmiş və ABŞ Konqresinin yerləşdiyi Kapitoli-hilldə dəfn olunmuşdur. Bu, Amerikada şəxsiyyətə göstərilən hörmətin nadir nümunəsidir və indiyədək ABŞ tarixində yalnız 21 nəfər bu cür ehtirama layiq görülmüşdür. Onun dəfn mərasimində Kondoliza Rays demişdi: «Əgər Roza Parks olmasaydı və o şücaəti göstərməsəydi, mən bu gün bu məqamda olmazdım».
Bu təcrübə aydın şəkildə göstərir ki, fərdlər ictimai hərəkatların dəstəyinə arxalanaraq, sivil mübarizə yolu ilə, heç bir zorakılığa əl atmadan hər hansı struktur zülmkarlığa son qoya bilərlər. Belə fərdlərə «dəyişiklik amili» (change agent) deyilir. O da gün kimi aydındır ki, mütəşəkkil bir ictimai hərəkatın dəstəyi olmazsa, bu fərdlər yalnız qəhrəmanlığı nəticəsiz qalan qurbanlara çevrilərlər. Bu cür dəyişiklik amilləri «Azərbaycan Milli Hərəkatı» adlandırdığımız öz ictimai hərəkatımızda da var ki, mənim üçün həmin fərdlərin ən bariz nümunəsi Abbas Lisanidir. Mütləqləşdirmədən deməliyəm ki, Lisani bənzəri az olan keyfiyyətləri özündə cəmləşdirir.
2003-cü ildə Lisani və Azərbaycan Milli Hərəkatının onlarla digər fəalı heç kəsin, hətta Ermənistanın Rusiya və Fransa kimi səmimi dostlarının belə rəsmən tanımadığı bir qonlarma dövlətin nümayəndələrinin səfərinə etiraz edəndə, polis qüvvələri və Azərbaycan şiələrindən başqa dünyanın hər yerindəki şiələrdən ötrü yaxasını cıran bir qrup məscid əhli tərəfindən döyülüb əzişdirilir. Lisani Ərdəbil məhkəməsində bir farsdilli qazı tərəfindən mühakimə olunur, amma o, fars dilində danışmaq və özünü müdafiə etmək istəmir, məhkəməyə tərcüməçi gətirilməsini tələb edir, çünki onun ana dili Azərbaycan türkcəsidir. Və bu ölkədə görünməyən bir hadisə baş verir: məhkəmədə tərcüməçi iştirak edərək, müttəhimin sözlərini hakim üçün türkcədən farscaya çevirir.
İkinci hadisə 2006-cı ildə baş verir. Lisani 2006-cı il May nümayişlərində iştirakla bağlı ilkin məhkəmənin çıxardığı qərara etiraz edir. Ostanın Apelyasiya məhkəməsi isə, Abbas Lisaninin vəkili cənab Fəqihinin sözləri ilə desək, bu ölkənin məhkəmə hakimiyyəti tarixində misli görünməmiş bir hökm verir, yəni Apelyasiya məhkəməsi ona verilmiş iki aylıq həbs müddətini artırır, halbuki ən pis halda Apelyasiya məhkəməsi onun barəsində çıxarılmış ilkin hökmü qüvvədə saxlamalı idi. Və bu il 18 aylıq həbs müddəti başa çatdıqdan sonra həmən hökmün əlavə cəzaları həyata keçirilməli olduqda, Lisani şallaq cəzasının yerinə yetirilməsinə imkan vermir, heç kəs də onu buna məcbur etməyə özündə cəsarət tapmır. Bu hadisə hakimiyyət orqanlarını elə bir qorxuya saldı ki, onu min kilometr uzağa – Yəzd zindanına sürgün etdilər, sanki Abbas Lisani həbsxana kamerasında da bu struktur zülmkarlığın dayaqlarını silkələməyə qadirdir.
Əgər Amerika zəncilərinin ictimai hərəkatı Roza Parksın addımını dəstək¬lə¬mə¬səydi, o nəticəsiz qalar və onun vətəndaş müqaviməti qaraların sonrakı sivil müba¬rizələrinin başlanğıcı olmazdı. Əgər igid dəyişdiricilərin şücaəti müəyyən bir toplumun dəstəyi ilə müşayiət olunmazsa, onlar müdafiəsiz qurbanlara çevrilər və onların qəhrəmanlığı həmin millət üçün əməli və obyektiv bir nəticə vermədən yalnız bir xatirə tək yaddaşlarda qalar. Bu gün biz də əgər Abbas Lisaniyə arxa durmaq istəyiriksə, əgər onun igidlik və fədakarlığının nəticəsiz qalmasını arzulamırıqsa, öz kimlikçi ictimai hərəkatımızın təkamülü və irəliləməsi üçün əlimizdən gələni etməliyik. Müasir dünyada yalnız güclü nəzəri təməllərə söykənən strukturlaşmış hərəkatlar ətrafdan çeşidli təzyiqlərə sinə gərib öz varlığını qoruya və zaman keçdikcə, fərqli şərait yetişdikdə öz ideallarına çata bilər. Elə isə gəlin, Azərbaycan Milli Hərəkatının bünövrəsini möhkəmlətməklə, şovinizm zindanında olan Abbas Lisaninin və onlarla digər lisanilərin səsini dünya ictimaiyyətinə çatdıraq.
Mətnin farscası: http://www.azadtabriz.net/news/archives/13350





