Reklam verin!

Əli Məhəmmədi. ERMƏNİSTAN SƏFƏRİNDƏN QEYDLƏR

BİR GÜNEYLİ SOYDAŞIMIZIN İŞĞALÇI ÖLKƏDƏ GÖRÜB-EŞİTDİKLƏRİ

Bu ilin aban (oktyabr-noyabr) ayında xidməti ezamiyyətlə iki həftəliyə Ermənistana yollandıq. Biz İrəvandakı «Hrazdan» otelində qalırdıq, amma hər gün Ermənistanın 60 kilometr uzunluğu olan yeganə magistral yolu ilə Göyçə gölünə gedirdik. Gölün ətrafındakı ən mühüm yaşayış məntəqələri Sevan, Qavar, Martuni, Vardenis (Basarkeçər) və əsasən gölün cənubunda yerləşən bir neçə kiçik kənddən ibarətdir. Gölə irili-xırdalı 28 çay tökülür və ondan Hrazdan adlı bir çay çıxır; həmin çay Hrazdan və İrəvan şəhərlərindən keçərək, Araz çayına tökülür.

Ermənistan…

Azərbaycan torpağının 22%-ni işğal edən və 1 milyondan artıq müsəlman azərbaycanlını qaçqın salan bu qəsbkar düşmən bir gecəlik çörəyə möhtacdır! İllik gəliri Azərbaycanın gəlirinin 1/10-dən də az olan Ermənistan 18 ildir ki, Azərbaycan torpaqlarını işğalda saxlayır…

və ermənilər…

Geoloji araşdırmalar üçün nümunələrin götürülməsi məqsədilə həyata keçirilən bu ezamiyyət dövründə bizi müşayiət edən Ermənistan Elmlər Akademiyasının alimləri Ermənistanın İran, Türkiyə, Azərbaycan və s. ölkələrlə münasibətləri barədə mübahisələrdə öz həqiqi mahiyyətlərini (fitri daşnak olmalarını) göstərirdilər. Bu erməni ziyalılarının hamısı (!) təkcə Dağlıq Qarabağı deyil, ona daxil olmayan, lakin işğal etdikləri yeddi Azərbaycan rayonunu (Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Kəlbəcər) da Ermənistanın ayrılmaz hissəsi sayırdılar. «İndiyədək Ermənistandan başqa bütün dövlətlərin Qarabağı Ermənistan torpağı bilmədiyi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir şəraitdə bu işğalın davam etməsi necə mümkün olacaq?» - sualına onların hamısı istisnasız olaraq, belə cavab verirdi: «Dünya ölkələrinin bu məsələyə necə baxdığının qətiyyən əhəmiyyəti yoxdur. Mühüm olan budur ki, əhali (işğalçı ermənilər) Qarabağda normal həyat sürür və Qarabağı Ermənistanın bir parçası bilir». 

uydurma_boyuk_ermenistan 


Bu ziyalılar Türkiyənin şimal-şərq bölgələrini (Qars, Zeytun, Van, Doğu Bayazid, İqdır, Aralıq, Ərzurum və s. şəhərləri) Ermənistan torpağı sayır, Böyük Ağrı və Kiçik Ağrı (Ararat) dağlarını özlərinin simvolu hesab edirlər. Bu üzdən İrəvan şəhərində elə bir küçə yoxdur ki, mağazaların, şirkətlərin, barların, kafelərin… üzərində «Ararat» adına rast gəlməyəsən. Hətta bu ölkənin giriş və çıxış vizasında da Ararat ştampından istifadə olunur. Ermənilərin dediyinə görə, bu dağların qədim adı Masis (Böyük Ağrı) və Sis (Kiçik Ağrı) olmuşdur. İranda sosiska və kolbasa istehsalı ilə məşğul olan «Masis» erməni şirkətinin adı da buradan götürülmüşdür.
Bu erməni alimləri hamılıqla guya 24 aprel 1915-ci ildə türklər tərəfindən törədilmiş qondarma erməni soyqırımını bəşər tarixinin ən böyük, hətta holokostdan da böyük faciəsi sayır və deyirdilər ki, dünya ictimaiyyəti onu rəsmən tanımalı, Türkiyə dövləti isə buna təəssüfləndiyini bildirib cərimə ödəməlidir!!! «Bəs Türkiyənin bu məsələyə münasibəti necədir?» - sualının müqabilində onlar Türkiyə höküməti və xalqının ünvanına nalayiq sözlər işlədir və bizi İrəvandakı erməni soyqırımı muzeyinə (!!!) baxmağa dəvət edirdilər, amma vaxtın darlığından biz ora baş çəkə bilmədik. Maraqlıdır ki, maşının sürücüsü erməni dilində Akademiyanın aliminə dedi ki, ASALA terrorçu qrupunun əməllərindən bizə danışsın, amma həmin alim bu barədə bir söz söyləmədi. ASALA (Ermənistan Azadlıq Ordusu) bir erməni terrorçu təşkilatıdır ki, Beyrutda yaradılıb və indiyədək dünyanın müxtəlif ölkələrində Türkiyənin bir neçə səfirini terrora məruz qoyub, Türkiyənin daxilində isə ictimai yerlərdə partlayışlar törətməklə minlərlə günahsız qadın və uşağın ölümünə səbəb olub. Bu təşkilat Ermənistan hökuməti tərəfindən tam və hərtərəfli şəkildə dəstəklənir.
Ezamiyyət günlərinin birində Ermənistanla Kəlbəcər (Azərbaycanın işğal olunmuş rayonu) sərhədinin 2 kilometrliyində yerləşən Zod (Dzod) kəndinə getmişdik. Erməni alimləri bizim qrupdan ayrılıb nümunə götürməyə (çox güman ki, 33 əyarlı (ppm) qızılı ilə dünyanın ən yüksək əyarlı qızıl mədəni olan Kəlbəcər mədənindən) getdilər və bizim Kəlbəcərə daxil olmağımıza (dediklərinə görə, təhlükəsizlik məsələsi ilə əlaqadar olaraq) imkan vermədilər.

turist_xeritesi

Ermənistanın adi adamları alimlərindən də daşnakdırlar!

Orada istirahət günü sayılan bazar günündə İrəvan şəhərini gəzirdik. Bir restoranın qarşısında dönər-kabab gördüm. Satıcıdan (bir xanım idi) soruşdum ki, dönər-kabab neçəyədir. Cavabında çox yaxşı bildiyi İstanbul türkcəsində dedi ki, bu Qars-kababdır! Mən dedim: «Qars ki Türkiyədə bir şəhərdir». O isə belə cavab verdi: «Qars ermənilərin yaşadığı şəhər olub və Ermənistanın bir parçasıdır, hətta Türkiyədə yerləşsə belə!»
İrəvandakı əksər restoranların işçiləri İstanbul türkcəsini bilirlər, amma qalan şəhərlərdə, xüsusən Göyçə gölü ətrafında Azərbaycan türkcəsində yaxşı danışırlar. İstanbul türkcəsini bilənlər əsasən qadınlardır və onlar bir müddət Türkiyədə işləmişlər. Məsələn, onlardan biri əvvəllər 3 il İstanbuldakı bir restoranda çalışıb. Başqa biri 2 il İzmirdə uşaq bağçasında işləyib və sonra Ermənistana qayıdıb. Azərbaycan türkcəsində danışa bilənlərin çoxu əvvəllər Azərbaycan şəhərlərində yaşamış və Qarabağ münaqişəsi başlanandan sonra Ermənistana gəlmiş şəxslərdir. Şəhərdəki mağazaların əksəriyyətində də satıcılar İstanbul türkcəsini bilirlər. Onlardan birinin dediyinə görə, Ermənistanda elə işədüzəltmə mərkəzləri vardır ki, erməni qadınlarını Türkiyəyə işləməyə göndərməklə məşğul olurlar. İrəvan avtovağzalından Tehran-İrəvan marşrutu ilə gündə 1 avtobus yola çıxır və avtobus sürücüsünün dediyinə görə, yaz-yay mövsümündə bunların sayı 4-5-ə çatır. Halbuki Ermənistandan Türkiyəyə gündə 10 avtobus yola düşür. Bütün mağazalar Türkiyə malları ilə doludur. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər olmasa da (əlbəttə, Abdulla Gülün Erəmnistana səfərindən sonra iki ölkə arasında diplomatik ilişkilərin qurulması da mümkündür), nisbətən aşağı və qeyri-rəsmi səviyyədə iqtisadi əlaqələr mövcuddur və bizim (Azərbaycanda və İranda) təsəvvür etdiyimizin əksinə olaraq, Türkiyə Ermənistanın iqtisadi həyatının davam etməsində böyük rola malikdir!!!
Ermənistan Gürcüstanda yaşayan çox kiçik erməni azlığı ondan ayrılmağa təhrik etdiyi üçün bu ölkə ilə o qədər də yaxşı münasibətlərə malik deyil.
Ermənistanla yüksək səviyyəli diplomatik və iqtisadi əlaqələr saxlayan yeganə qonşu dövlət İrandır. İran qazının Ermənistana dünyada ən aşağı qiymətlə verilməsi bu əlaqələrin hansı səviyyədə olduğunun göstəricisidir.
Ermənistanın yeganə işlək sərhəd-gömrük məntəqəsinin İranla sərhəddə (Meqri gömrüyü) olması və s. faktlar da bu iki ölkə arasında çox yaxşı münasibətlərin varlığını təsdiq edir. İrəvandakı İran səfirliyinin yerləşdiyi rayonda əsasən müvəqqəti, yaxud daimi olaraq Ermənistana köçmüş İran erməniləri yaşayırlar. Əslində təkcə İran erməniləri deyil, dünyanın digər ölkələrindəki, xüsusən Fransadakı ermənilər öz yardımları ilə Ermənistanın illik büdcəsinin böyük bir hissəsini (illik büdcənin 30-40 faizini) təmin edirlər. Belə ki, İrəvandakı ictimai iaşə və əyləncə obyektlərinin çoxu İran, Fransa və digər ölkələrin erməniləri tərəfindən qurulmuşdur! (Kaş bu milli təəssübkeşliyin bir faizi Azərbaycan diasporunda olaydı!)

Azərbaycan bir gözdür, Qarabağ da bəbəyi,
Yəni Azərbaycanın tam ortası, göbəyi,
Gözüməmi göz dikdi bu erməni köpəyi?!
Bu köpək sənin, dünya! Qapımızdan çək artıq!
Ya Qarabağ, ya ölüm – başqa yol yox artıq!

Mən zatən ermənini hallərindən tanıram,
Min doqquz yüz on səkkiz illərindən tanıram,
Qanıma batırdığı əllərindən tanıram,
Şərt oldu o əlləri kökündən qırmaq artıq,
Ya Qarabağ, ya ölüm – başqa yol yox artıq!


Qarabağın ermənilər tərəfindən tam işğalından 18 ildən də artıq vaxt keçməsi, Azərbaycanla Ermənistan arasında səmərəsiz danışıqlar, İran, Qazaxıstan kimi ölkələrin və Minsk qrupunun (ABŞ, Rusiya, Fransa) vasitəçiliyi ilə müxtəlif və nəticəsiz həll yollarının təklif edilməsi, Lissabonda Avropa Şurasına üzv olan 54 dövlətin (Ermənistan istisna olmaqla) Azərbaycanın ərazi bütövlüyünün lehinə səs verməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam çıxması barədə bir neçə qətnamə (822, 853, 884 saylı qətnamələr) çıxarması və s. fonunda Qarabağ münaqişəsinin nizamlanması zaman keçdikcə üzücü və Ermənistanın xeyrinə olan bir prosesə çevrilmişdir. Bu prosesin davam etməsi Ermənistanın Qarabağ və Azərbaycanın digər işğal olunmuş rayonları üzərində hökmranlığının təsbit edilməsi ilə nəticələnə bilər və doğrudan da, Qarabağ torpağının Vətənin qucağına qaytarılmasının yeganə yolu «ya Qarabağ, ya ölüm»dür!
Müharibədən 14 ildən də artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanın olduqca ağır və əlverişsiz iqtisadi durumunu, bu ölkənin sərhəd bölgələrindəki zəif və gücsüz ordusunu (misal üçün, Kəlbəcərin şimalındakı Qavamasar rayonunda Ermənistan-Azərbaycan sərhəd zolağında 10-dan da az əsgərin olduğu yalnız bir çox kiçik hərbi postun mövcudluğunu)… nəzərə aldıqda, Qarabağın və digər Azərbaycan rayonlarının təhvil verilməsində o zamankı Azərbaycan ordusu rəhbərlərinin (Surət Hüseynov, Ələkrəm Hümmətov və s. kimi xain şəxslərin) xəyanəti açıq-aşkar meydana çıxır.
Və son olaraq:
Ya Qarabağ, ya ölüm – başqa yol yox artıq!

Farscadan tərcümə: Məsiağa Məhəmmədi

Baxış sayı: 69
Açar sözlər:
Bookmark and Share

MİLLİ FƏALLARA TƏZYİQLƏR SƏNGİMİR

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP)
H E S A B A T I


Tehranda iftar mərasimində tutulmuş azərbaycanlı mədəni fəalların durumu

Noyabrın 8-də azərbaycanlı fəallardan dördü – nəşri dayandırılmış «Dilmac» dərgisinin baş redaktoru Əlirza Sərrafi, «Varlıq» jurnalının əməkdaşı, yazıçı Həsən Raşidi, «Yaşmaq» ədəbi dərgisinin baş yazarı Səid Məhəmmədi (Muğanlı) və mədəni fəal Mehdi Nəimi 50 milyon tümənlik ağır girov müqabilində Evin zindanından azad edilmişlər.
Bununla belə həmin azərbaycanlı hüquq fəalları «milli təhlükəsizlik əleyhinə toplaşma və əlbirlik» ittihamı ilə məhkəmə istintaqı altındadırlar.
Adı çəkilən şəxslər azadlığa çıxdıqdan sonra bildirmişlər ki, bütün həbs müddətində onlar etiraflarda bulunmaq üçün təzyiqlərə məruz qalmış və dindirmələr onlara elan edilən ittiham ətrafında aparılmamışdır.
Onlar demək olar ki, bütün həbs müddətini Evin zindanının Təhlükəsizlik Nazirliyi tərəfindən idarə edilən 209-cu korpusunda təkadamlıq kameralarda saxlanaraq, fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar. Həbsdə olduqları dövrdə onlara vəkil tutmağa icazə verilməmiş və onlar bir aydan da artıq müddətdə ailə üzvləri ilə görüşdən məhrum edilmişlər. 

adapp_emblem 


Bu şəxslər həbsdə saxlanmalarına və onlarla qanunsuz davranışa etiraz əlaməti olaraq, 11 gün ərzində aclıq aksiyası keçirmişlər. Ağır şərait nəticəsində onların sağlamlığı təhlükəyə düşmüşdür və hazırda onlar həkim nəzarəti altındadırlar.
Sentyabrın 10-da təhlükəsizlik məmurları Tehrandakı bir evdə iftar mərasiminə toplaşmış 19 azərbaycanlını – jurnalist, universitet müəllimi və şairi – həbs etdilər. Azərbaycanın tanınmış siyasi məhbuslarından Abbas Lisaninin həyat yoldaşı və uşaqları da onların arasında idi.
Onlardan bəziləri, o cümlədən, Abbas Lisaninin həyat yoldaşı Ruqəyyə Əlizadə və onun üç uşağı, Əkrəm Nəccari, Rübab ƏzimiFərhad Rzayi 9 saatdan sonra azad edildilər. Sentyabrın 14-də Yusif Huşyar, Şahbaz İbrahimzadəMəhəmməd Abbaspur azadlığa buraxıldılar. Oktyabrın əvvəllərində isə daha beş nəfər, cənablar Əkbər Azad, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Hüseyn HeydəriHəsən Rəhimi 50 milyon tümənlik (50000 $) girov müqabilində Tehrandakı Evin zindanının 209-cu korpusundan azad olundular. Onların hamısı azadlığa çıxdıqdan sonra bildirmişlər ki, həbs olunmalarının ardınca özlərinin əsas hüquqlarından məhrum edilmiş və demək olar ki, bütün həbs müddətində Evin zindanının 209-cu korpusundakı təkadamlıq kameralarda fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar.

Həbs olunmuş kimlikçi azərbaycanlı tələbələrin vəziyyəti

Nəhayət, oktyabrın 28-də Təbriz universitetinin yeddi və İsfahan universitetinin bir tələbəsi girov müqabilində müvəqqəti olaraq, Təbriz həbsxanasından azadlığa buraxıldılar.
İyunun 17-də Təbriz universitetinin qarşısında tutulmuş Səccad Radmehr, Aydın XaceiFəraz Zehtab avqustun 13-də həbs olunmuş Əmir Mərdani, avqustun 31-dən həbsdə saxlanan Məcid Makuyizadə və sentyabrın 30-da həbs edilmiş Ehsan Nəcəfi ilə birlikdə 500 milyon riyallıq girov müqabilində, həmçinin Təbriz universitetinin avqustun 20-də həbs olunmuş daha iki fəal tələbəsi Mənsur ƏminiyanMaqsud Əhdi 200 milyon riyallıq girovla Təbriz zindanından azad edilmişlər.
Bu azərbaycanlı tələbə hərəkatı fəallarının həbs olunmasının ardınca onların evlərində axtarış aparılmış və onlara məxsus kompüterlər, CD-lər, sənədlər və kitablar müsadirə edilmişdir. Sentyabrın 30-də həbs olunmuş Nəcəfi istisna edilməklə, qalanları üç ay müddətində məhkəməsiz və ittiham elan olunmadan Təbriz Təhlükəsizlik İdarəsinin kamerasında saxlanaraq, təzyiqlərə və sorğu-suala məruz qalmış, vəkil tutmaq və görüş hüququndan məhrum edilmişlər.
Bu tələbələrin ailə üzvlərinin söylədiyinə görə, «Təhlükəsizlik Nazirliyinin kamerasında saxlandıqları müddətdə onlara işgəncə verilmiş, rəsmi orqanlar onları 24 saatlıq dindirməyə, yuxusuzluğa, döyülməyə, alçaltma və təhqirə məruz qoymuşlar». Bu şəxslərə «milli təhlükəsizliyə xələl gətirmək üçün qanunsuz dəstələr və qruplarda üzvlük» və «dövlət quruluşu əleyhinə təbliğat» kimi ittihamlar irəli sürülmüşdür.
Həmin tələbələrin dostu, zabit Dariyuş Hatəminin azadlığa buraxılması da girov qoyulmasından sonrakı günlərə saxlanmışdır. O da iyunun 17-dən bəri müvəqqəti həbsdədir. Bu arada oktyabrın 6-da təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş Şəbüstər Azad universitetinin tələbəsi Səməd Mövlaqulu da 100 milyon riyallıq girov müqabilində azadlığa buraxılmışdır. Ona qarşı ölkə xaricindəki qruplarla internet əlaqəsi saxlamaq ittihamı irəli sürülmüşdür.

Əhli-həqq məzhəbindən olan məhbusların durumu

Əhli-həqq məzhəbindən olan və 5 ildən artıq bir müddətdə Urmiya zindanında məhkumluq çəkən məhbusların beş nəfəri – Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi, İbadulah Qasımzadə, Mehdi QasımzadəYunis Ağayan işlərinə baxılması zamanı hüquqi prosedurların pozulmasına, həbsxana məmurlarının alçaldıcı davranışına, onların məzhəbini təhqir etməsinə etiraz əlaməti olaraq, cari ilin sentyabr ayının 15-dən etibarən aclıq aksiyasına başlamış və bu zaman sözügedən zindanın təkadamlıq kameralarına köçürülmüşlər. Buna baxmayaraq, adı çəkilən şəxslər aclığı davam etdirirlər və əvvəlki 25 günlük aclıqdan sonra onların həzm orqanlarında yaranmış xəstəliklər, eləcə də Urmiya zindanının rütubətli və qeyri-gigiyenik təkadamlıq kameralarında saxlanma nəticəsində onların fiziki durumu təhlükəli həddə çatmışdır. Belə ki, onlar bir neçə dəfə qan qusmuşlar və yarıhuşsuz haldadırlar.

Azərbaycanlı mədəni fəal və siyasi məhbus Abbas Lisaninin vəziyyəti

Azərbaycanın tanınmış mədəni fəalı Abbas Lisani oktyabrın 29-da çərşənbə günü 30 aylıq məhkumluq müddətini başa vurduqdan sonra Yəzd həbsxanasından azadlığa çıxmışdır.
Azərbaycandakı 2006-cı ilin May etirazları ilə əlaqədar 18 ay Ərdəbil zindanında saxlanan Abbas Lisani dövlət quruluşu əleyhinə təbliğat ittihamı ilə doğma şəhərinin (Ərdəbilin) 112 kilometrliyində yerləşən Əhərdə 12 aylıq həbsdə olarkən, 2008-ci ilin fevral ayında qanunsuz şəkildə vətənindən 2000 kilometr məsafədə olan Yəzd mərkəzi həbsxanasına köçürülmüşdür.
Bu mədəni fəal zindanda bir neçə dəfə təhlükəsizilik və həbsxana məmurlarının ayrı-seçkilik səciyyəli davranışına etiraz olaraq, aclıq etmiş və ona heç vaxt məzuniyyət icazəsi verilməmişdir.
Oktyabrın 16-da Lisani Təhlükəsizlik Nazirliyinin Yəzd şöbəsinə köçürülmüş və 10 saat sorğu-suala tutulmuşdur. Ərdəbildən gəlmiş təhlükəsizlik məmurlarının da iştirak etdiyi həmin dindirmə zamanı ona zindandan azad olduqdan və Ərdəbilə qayıtdıqdan sonrakı planları barədə suallar verilmişdir.
Bundan öncə isə Ərdəbil prokuroru və Təhlükəsizlik İdarəsi Lisaninin ailəsinə təzyiq etmişdir ki, Lisani gərək Yəzd zindanından azad olduqdan sonra farsların yaşadığı bir şəhərə köçsün; onlar hədələmişlər ki, əks təqdirdə Ərdəbildə və Azərbaycanın digər şəhərlərində hər hansı hadisə olduqda, biz onu həbs edəcəyik.
Sentyabrın 10-da təhlükəsizlik məmurları Tehrandakı bir evdə iftar mərasiminə toplaşmış 19 azərbaycanlını – jurnalist, universitet müəllimi və şairi – həbs etmişdilər. Abbas Lisaninin həyat yoldaşı və uşaqları da onların arasında idi.

Həbs olunmuş digər Azərbaycan mədəni fəallarının durumu

Azərbaycan milli fəallarından Huşəng Nağızadə, Arif ÜlufiVəhid Bahadurinin zindandakı şəraiti tam yararsızdır. Onlar həbs ediləndən bəri narkomanlar, cinayətkarlar və dələduzlarla bir yerdə, özü də gigiyenik baxımdın əlverişsiz şəraitdə saxlanılırlar, onlara ailə üzvləri müntəzəm görüşmək imkanı da verilmir. Bu fəallar Urmiyada Beynəlxalq Ana Dili Günü tədbirlərində iştirak etdiklərinə görə tutulmuş və məhkum edilmişlər.
Ərdəbildə milli fəallardan Rəhim Hacızadə hələ də həbsdə saxlanmaqdadır. O, cari ilin sentyabr ayının 25-də Ərdəbil şəhər təhlükəsizlik quvvələri tərəfindən həbs edilmiş və üç gün Təhlükəsizlik İdarəsinin kamerasında saxlandıqdan sonra Ərdəbil mərkəzi həbsxanasının 7-ci korpusuna köçürülmüşdür. Ona qarşı quruluş əleyhinə təbliğat aparmaq və millətçiliyi yaymaq ittihamı irəli sürülmüşdür.
Mötəbər qaynaqlardan alınan bilgilərə görə, Urmiya mərkəzi həbsxanasındakı azərbaycanlı siyasi və vicdan məhbusları daim həbsxana rəhbərliyi və təhlükəsizlik qurumlarının müxtəlif təzyiqlərinə məruz qalır və yararsız şəraitdə saxlanılırlar.
Bu il avqustun 5-dən Urmiya həbsxanasında olan azərbaycanlı gənc şair və yazar İbrahim Rəşidi 5 aylıq məhkumluq müddətini başa vurduqdan sonra noyabrın 5-də çərşənbə günü azadlığa çıxmışdır. Rəşidi zindanda pis bir şəraitdə saxlanmış, ona hər hansı kitab və dərgi oxumaq qadağan edilmiş, həbsxana məmurları və təhlükəsizlik orqanları çeşidli təzyiqlər göstərmişlər.
Nəhayət, Azərbaycan milli fəallarından Əbdülhüccət Tarıverdiyan Təbrizdə «qanunsuz yığıncaqlarda iştirak yolu ilə ictimai asayişi pozmaq» ittihamına əsasən altı aylıq şərti həbs və 40 şallaq cəzasına məhkum edilmişdir. Əvvəllər məhkum olunmadığına görə, hakim bu hökmün icrasını 2 illiyə təxirə salmışdır. Tarıverdiyan 2008-ci il mayın 21-də Azərbaycandakı 2006-cı il May nümayişlərinin ikinci ildönümündə Təbrizdə tutulmuş və iki həftə müvəqqəti həbsdə saxlandıqdan sonra girov müqabilində azadlığa buraxılmışdı.

Baxış sayı: 35
Açar sözlər:
Bookmark and Share

ŞAHNAZ QULAMİ HƏBS EDİLİB

Yayılan xəbərlərə görə, noyabrın 9-da, bazar günü Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri, jurnalist və qadın hüquqları uğrunda mübariz Şahnaz xanım Qulami Təbrizin Qarağac məhəlləsindəki şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Şahnaz xanımın qardaşının verdiyi bilgiyə əsasən, rejim məmurları bazar günü gecə jurnalistin mənzilinə gəlmiş və evdə axtarışdan sonra onu naməlum istiqamətə aparmışlar. Axtarış zamanı Şahnaz xanıma məxsus kitablar və qeyd dəftərçələri müsadirə olunaraq götürülmüşdür. İndiyədək Şahnaz xanıma vəkili və ailəsi ilə əlaqə saxlamaq imkanı verilməmişdir.

shahnaz_qulami 


Qeyd edək ki, İran Qadın Jurnalistlər Birliyinin («Roza») uzvü olan Şahnaz Qulami bir müddət əvvəl «dövlət quruluşu əleyhinə təbliğat» ittihamı ilə Təbriz İnqilab məhkəməsi tərəfindən 6 ay şərti həbs cəzasına məhkum edilmişdi. 2007-ci ildə May qiyamının ildönümü tədbirlərində iştirak etdiyi üçün təqribən 1 ay müddətinə həbs olunmuşdu. Daha öncə, 1989-1994-cü illərdə isə o, siyasi fəaliyyətinə görə 5 il Təbriz həbsxanasında saxlanmışdı.
Onu da əlavə edim ki, Şahnaz Qulami son vaxtlar Qulamrza Əmaninin ölümü ilə bağlı yaydığı xəbərlərə, bu hadisəni araşdırmaq üçün ictimai komitənin təşkili ideyasını irəli sürdüyünə görə müxtəlif dairələrin, o cümlədən, özünü Azərbaycan mədəni fəalı kimi təqdim edən kəslərin hücum və tənqidlərinə məruz qalmışdı.

Baxış sayı: 33
Açar sözlər:
Bookmark and Share

ABBAS LİSANİDƏN BİR ŞEİR

Dağlar darıxıb, bitmədədir səbrü qərarı,
Getmişdi başından o keçən şanü vüqarı.

Yoxdur nə Koroğlu bağıra əldə qılıncı,
Dirçəldə yenə çənli olan belləri barı.

Qan ağlayır illərdi bu sultan Savalan da,
“Babək!” deyə səslir ətəyində qalaları.

Çıx lap qocaman dağlara, od yurduna bir bax,
Odlar köz olub, köz də gedir sönməyə sarı.

abbas_lisani3 


Qıratla Bozatdır dolanır çölləri ərsiz,
Harda dəlilər, yoxsa kəsilmişdi qatarı?!

Dövran elə dönmuş bu dumanlı çöl içində
Tərs axmadadır indi də çayları, suları.

İş böyləsə gözlər umacaqdır Savalandan,
Susmuşdu, nədən atmayır illərdi damarı?!

Ancaq Savalan bəllidi bunlarla yenilməz,
Axtarsa tapar, işlərin hər cürdür aşarı.

Od yağdıracaqdır yenə Əlvəndə, Səhəndə
Çırtlar, belədir qorğanın hər yerdə yanarı.

Hərdən oyanıb dağlar əgər səs-səsə versə,
Sağlamlaşacaq başdakı qanların atarı.

Yaz gəlmədə, daş bağrını güllər yaracaqdır,
“Leysan” yağacaq, yurduvu ancaq o suvarı!

Baxış sayı: 36
Açar sözlər:
Bookmark and Share

“Azərbaycan milli hərəkatı igid bir oğlunu və Azərbaycan tarixinin sonsuz üfüqlərində bir ulduzu itirdi”

Qulamrza Əmaninin və onun qardaşları Cəfər və Kərim Əmanilərin ölümü ilə əlaqədar ADAPP-ın başsağlığı


İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) adından mən, Qulamrza Əmaninin və onun iki qardaşı Cəfər və Kərim Əmanilərin 24 oktyabr 2008-ci il tarixində səhər çağı İran Azərbaycanında həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.
Əmani Azərbaycan milli fəallarının yeni nəslinə mənsub bənzərsiz bir fəal idi ki, çoxillik məhbusluğu dövründə inanılmaz çətinliklərə və işgəncələrə məruz qalmış, amma bütün bunlara baxmayaraq, öz fəaliyyətini davam etdirmişdi. Onun yorulmaz çalışmaları daha gənc nəsildən olan bir çoxlarını milli, mədəni və insani haqlar uğrunda dinc mübarizəyə ruhlandırmışdı.
Qulamrza Əmani 1996-cı ildə Təbriz Universitetinin mühəndislik fakültəsindən kənd təsərrüfatı sahəsində bakalavr dərəcəsi almışdı. Hökumət heç vaxt ona öz ixtisası üzrə işləmək imkanı verməmişdi, odur ki, o bütün vaxtını və səyini Azərbaycanlıların və İrandakı digər qeyri-fars azlıqların dil, mədəni və insani hüquqlarının müdafiəsinə sərf etmişdi. Öz fəliyyətinə görə o, dəfələrlə tutulmuş və 5 ildən də artıq bir müddətdə həbsxanada saxlanmışdı. Hörmətli bir fəal, ictimai natiq və yığıncaqların təşkilatçısı olaraq, o hər şeyə dözdü, amma heç vaxt təslim olmadı.

q_emani 


Əmaninin ölümü onun ailəsi, milləti və Azərbaycan fəalları üçün böyük bir itkidir. Biz, ADAPP-da və onun dışında olan Azərbaycanlı hüquq müdafiəçıləri, bu xəbərdən sarsıntı və kədər içindəyik. Azərbaycan milli hərəkatı igid bir oğlunu və Azərbaycan tarixinin sonsuz üfüqlərində bir ulduzu itirdi. Onun şücaəti, sədaqəti və arzuları daim qəlbimizdə yaşayacaq və bizim hamımızı demokratiya, söz azadlığı və insan haqları uğrunda çalışmalarımızı davam etdirməyə ruhlandıracaq.
O, aramızdan getsə də, onun nuru parlamaqda davam edəcək.

FAXTƏ ZAMANİ,
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sədri

26 oktyabr 2008-ci il

Baxış sayı: 47
Açar sözlər:
Bookmark and Share

OOOY QARDAŞIM, ŞƏHİD QARDAŞIM, OOOY...

SƏİD MUĞANLININ ŞƏHİD ƏMANİ ÜÇÜN DUSTAQDAN YOLLADIĞI YAZI

Hey bəylər, ağalar, bu Əmanidir! Eşqiniz qədər dustaq çəkdi və eşqiniz qədər öldü, şəhid oldu, şəhid olundu...

Terror şəlpəsi ilə bələmişlər səni indi və biz ölənə kimi türküz deyə, səni deyə ağlayırıq və mənim gözlərim dustaqda azadlığa ağlayır, sənə ağlayır.
Hanı sənlə çiyin-çiyinə yaşadığım o masmavi türk günlərimiz?!
Yaman ayırdılar bizi, qardaş... Mən dustaqdayam və sən terror şəlpəsinə bələnərək, ana torpaq qucağına qoyulursan bu gün... Qıynağımızda siçana bənzərləri boğduğumuz günlər hanı, qartal qardaşım?! Uçdun qartal qüruru ilə; mən uçdum, dağlar uçdu.

seid_emani 


İndi rahat ol, qardaş. Daha vətən uğrunda çırpınan o məzlum ürək susdu. Gövdəsi səngərə dönən Əmani qardaşım susdu. Amma yox... Sən daha artıq dirilirsən düşüncələrimizdə...

Biz vətən məcnunu, el aşiqi, sülh əsgəriyik,
Biz vətən naminə ölsək, dirilərdən diriyik.


Beş il çəkdiyin dustağın bir faizini çəkərək dərdlərini düşünürəm. Sən bu nəslə umud verdin. Dərdlərini köksündə basdırıb öyüdlərini beynimizə tapşırdın. Necə qan ağlamayım bu dərddən indi?! Necə yanmayım axı?! Yalnız özünə yaraşar başsağlığı. Sənə öz ölümünü başsağlığı verirəm, qardaş. Rahat yat, ömür boyu “can-can” dediyin ana torpağın qucağında. Partlayıram, amma yolunu itirməyəcəyəm.
Hey bəylər, ağalar, bu Əmanidir! Eşqiniz qədər dustaq çəkdi və eşqiniz qədər öldü, şəhid oldu, şəhid olundu. Şəhid Əmaninin diriliyini düşünməyənlər barı ölümünü düşünələr keşkə...

Canı ölkəm diləmiş, verməmək olmaz, ey dil,
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.
Edəməz tərk Əmani səri-kuyun dostun,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.


Qaynaq (ərəb əlifbasında):
http://www.imler.biz/Seid%20Muganli-yazilar-shehid%20qardashim.htm

Baxış sayı: 54
Açar sözlər:
Bookmark and Share

“Qulamrza Əmaninin qətlə yetirilməsi ilə Azərbaycan türklərini istiqlalçılıq, birlik və bütövlük yolundan çəkindirmək istəyənlər yanılırlar”

Dünya Azərbaycanlıları Konqresinin (DAK)
Qulamrza Əmaninin qətli ilə bağlı
B Ə Y A N A T I


Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Qulamrza Əmani dünən (24 oktyabr 2008) tarixində Azərbaycanın Güneyində – Təbrizdə iki qardaşı ilə birlikdə şübhəli şəkildə qətlə yetirilmişdir. Təbrizin girişində şəxsi avtomobilində İranın “Sepah Pasdaran”ına məxsus yük maşınının törətdiyi “qəza” nəticəsində qəddarcasına qətlə yetirilən Qulamrza Əmani İran İslam rejiminin növbəti qurbanlarından biridir. Hadisə yerində iki qardaşı həlak olmuş Qulamrza bəy ağır bədən xəsarəti ilə Təbrizdəki İmam xəstəxanasına aparılsa da, onu ölümdən xilas etmək mümkün olmamışdır.
Xatırladaq ki, Qulamrza Əmani 1973-cü ildə Azərbaycanın Güneyində anadan olmuşdur. Təbrizdə Kənd Təsərrufatı Universitetini bitirmiş, mühəndis ixtisasına yiyələnmişdi. Gənc yaşlarından milli problemlərə maraq göstərən Qulamrza bəy 1997-ci ildən Güney Azərbaycan Milli Hərəkatında fəal iştirak etməyə başlamışdı. O, milli fəaliyyətinə və siyasi baxışlarına görə dəfələrlə “Ettelaat” tərəfindən həbs edilmiş, ağır fiziki və ruhi işgəncələrə məruz qalmışdır.
Qulamrza Əmani beş ildən artıq həbs cəzası çəkmiş, lakin həbs və işgəncələr onun iradəsini sındıra bilməmiş, əksinə, millətinin haqlarını daha əzmkarlıqla qorumaqda davam etmişdir.

amani_lisani 


Son zamanlar İran təhlükəsizlik qüvvələri Qulamrza Əmanini dəfələrlə istintaqa cəlb etmiş və onu ölümlə hədələmişlər. Nəhayət, faşist xislətli İran molla rejimi Azərbaycanın seçilmiş övladlarından birini – Qulamrza Əmanini avtomobil qəzasında vəhşicəsinə qətlə yetirməklə aradan götürmüşdür.
Lakin Qulamrza Əmaninin qətlə yetirilməsi ilə Azərbaycan Türklərini istiqlalçılıq, birlik və bütövlük yolundan çəkindirmək istəyənlər yanılırlar. Onlar bu kimi addımlarla milli mübarizənin daha kəskin və radikal müstəviyə çıxmasına səbəb olduqlarını anlamirlar. Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan ölkənin hakimiyyətinin milli fəallara qarşı törətdiyi cinayətləri birmənalı şəkildə pisləyir, soydaşlarımıza qarşı vəhşi əməllərinə son qoymağa və beynəlxalq təşkilatları bu ölkədə insan haqlarının kobud şəkildə pozulmasının qarşısını almağa çağırır.
Ulu Tanrıdan başda Qulamrza Əmani və qardaşları olmaqla bütün şəhidlərimizə rəhmət, millətimizə səbr diləyirik.
Tanri Türkü Qorusun!

DAK həmsədrləri:
Məhəmmədrza Xeşti, prof. Paşa Qəlbinur,
DAK fəxri başqanı prof. Qulamrza Səbri Təbrizi
DAK İH uzvləri

25 oktyabr 2008

Baxış sayı: 38
Açar sözlər:
Bookmark and Share

Seyid Heydər Bayat. DARIXDIRICI ANLARIN ƏN QABARIQ FORMASI

İlk dönə Zənganda görüşdük. Qulamrza beş addım o yanlıq baxıb gülümsədi. Bilmirəm niyə bir-birimizə yaxınlaşıb görüşmədik. Yenə neçə saat sonra baxıb gülümsədi. Niyə yaxınlaşıb görüşmədik?
Tanımırdım onu. Quma qayıtdıqda sitələrə baxıb bildim o imiş, Əmani. Axı sitələrdəki şəkli saqqallı, orada isə...
Son görüşümüz Səttarxanda oldu. Salamlaşıb gülümsədik.
Sonra zəhər kimi acı xəbər...
Onu sevməmək olmazdı.
Neçə saatdır elə bu cür gicəllənirəm. Cumanın darıxdırıcı anlarının ən qabarıq formasını yaşayıram. Neçə vaxtdır yazmıram, yazıram – yayınlamayıram. Əmaniyə də susummu? Və susuram. Sonra Səid Muğanlıya fikirləşirəm. Bulud duyğulu Səid bu xəbəri eşidibmi? Eşitsə, nə edəcək? Bilirəm, o, Əmanini o qədər sevərdi ki?

Amani  


Xəbəri necə eşidəcək? Nə edəcək? Hətmən eşitsə, yazmağı gələcək. Kağızmı tapacaq?
Belə-belə sorğular rahatsız edir biləmi. Olsun, Muğanlı yaza bilməsə, mən onun yerinə bir cızma-qaralar yazaram.
Amma bilmirəm, bu nisgilli anlarda vadiyi-rəhmətdə kim bağıracaq onun yerinə?
Və kim “oooy, qardaş, oooy” oxuyacaq dəmirdaş aslan iyidimizin yasında? Xatırlayırmısız, Fərzanə öləndə axı “oooy, dədəm, oooy” oxudu Sərrafi.
Xəbəri Lisaniyə kim yetirəcək? Mətinpur Təbrizə gedə biləcəkmi?
* * *
Yol uzun
Yol uzunu çoxumuz ölürük
Sonucu kim görəcək?
Neçənci ağıya kimi yazmalıyıq?
Hansı ağıda bitəcək bu dəftər?
Kim kimin yerinə “oooy” deyəcək, kim kimə, kim kimin yerinə bir daha mətn yazacaq, yas saxlayacaq?
Haçan sönəcəklər bu ağı şamları?
Ah!
Cuma
Cumanın
Cumanın
Darıxdırıcı axşamları
Ağı şamları
Günəşin yaman anları.

Qaynaq (ərəb əlifbasında):

http://www.hbayat.azerblog.com/1387_08_03_Say=758.ay


Baxış sayı: 51
Açar sözlər:
Bookmark and Share

İsmayıl Cəmili. “EVİN”DƏ EVİNİN YİYƏSİ OLMAQ

“Evin” zindanındakı yazarlara

Özgür gözlərinin yaz yaşıllığın,
Görməzlər, bilməzlər, silə bilməzlər.
Özünün, sözünün bəllə ballığın
Kar-kor yaramazlar bilə bilməzlər.

Sən yazlı günlərə zoğ atan çiçək,
Müşfiqli, Səmədli, Oxtaylı budaq.
Sevgiylə yoğrulan sevdalı ürək,
Sav alan Səhəndin sözünə dayaq.

ismayil_cemili 


“Evin”də* evinin yiyəsi olmaq,
Ərənlik, igidlik, dayanış istər.
Elinin, yurdunun haqq səsi olmaq,
Dolğunluq, vurğunluq, oyanış istər.

Siz özgür sabahın qaranquşları,
Dustağa sığmayan parlaq ulduzlar.
Onlarsa, zülmətin qarındaşları,
Günəşin önündə əriyən buzlar.


Sonbahar 2008, Kaliforniya

_____
* Evin – Tehran şəhərindəki həbsxananın adı


Baxış sayı: 77
Açar sözlər:
Bookmark and Share

LÜTFƏN, İMZALAYIN!

Əziz soydaşlar!
Bilindiyi kimi, Güney Azərbaycanın milli ruhlu tanınmış ziyalıları bir aya yaxındır ki, Tehran rejimi tərəfindən həbs olunaraq, bədnam Evin zindanında saxlanmaqdadır. Bu addım İran rəhbərliyinin Güney Azərbaycan Milli Hərəkatını düşünən beyinlərdən, danışan dillərdən və yazan əllərdən məhrum etmək siyasətinin göstəricisidir.
Həmin zorakılığa etiraz əlaməti olaraq, Güneyli siyasi məhbusların, o cümlədən, Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı, Mehdi Nəimi, Həmid Arğış kimi yazıçı və şairlərin azadlığa buraxılması tələbilə imza toplanması kampaniyasına başlanmışdır. Bununla əlaqədar millətinin taleyinə biganə olmayan hər bir kəsi, ilk növbədə qələm adamlarını aşağıdakı keçid vasitəsilə sözügedən petisiyanı imzalamağa çağırırıq:

http://www.gopetition.co.uk/petitions/free-imprisoned-iranian-azerbaijani-writers-and-poets/sign.html

petisiya 


Yuxarıda adı çəkilmiş dəyərli ziyalılarımızın şəxsiyyəti, fəaliyyəti və həbsolunma şəraiti barədə daha geniş məlumatı aşağıdakı linkdən ala bilərsiniz:

http://mesih.azeriblog.com/2008/09/20/elirza-cavanbext-quluncu-onlar-oz-qelemlerini-isteyirler

Baxış sayı: 49
Açar sözlər:
Bookmark and Share

«ONUN YAZMAQDAN BAŞQA SİLAHI YOX İDİ»

SƏMƏD BEHRƏNGİNİN QARDAŞI ƏSƏD BEHRƏNGİ İLƏ MUSAHİBƏ

semed_behrengi- Cənab Behrəngi, Səmədin uşaq ədəbiyyatına üz tutmasının səbəbi nə idi?
- Səməd kənd məktəblərində dərs dediyindən, kənd uşaqlarının bədbəxtliklərini yaxından görürdü və bu ədalətsizliyin səbəbkarlarını tapıb üzə çıxarmaq istəyirdi. Bu yolda onun yazmaqdan başqa silahı yox idi və o ayıltmaq, anlatmaq işinə uşaqlardan başladı, uşaqlar üçün nağıllar yazdı. Bu üzdən onun nağılları uşaq dünyasının dərdləri və ağrıları ilə doludur, bunlar həmin yazıların təməlində durur. Səmədin hekayələri ilə böyüyən uşaqlar daha gələcəkdə ictimai təhqirlərlə barışmazlar. Necə ki, gördüyümüz kimi, həmin uşaqlar sonralar inqilabi hadisələrin və sosial ədalətsizliklə mübarizənin iştirakçısına çevrildilər. Səmədin bu yöndə fəaliyyətinin başqa bir səbəbi, görünür, uşaq ədəbiyyatı sahəsində boşluq hiss etməsi olmuşdur.


- Səmədin əsərlərində Maksim Qorki yaradıcılığı ilə bir yaxınlıq hiss olunur. Ümumiyyətlə, o hansı xarici və İran yazıçılarına diqqət yetirirdi?
- Səmədin əsərləri ilə Maksim Qorki yaradıcılığı arasında yaxınlığın olması çox təbii bir işdir, çünki onların hər ikisi eyni təbəqə üçün yazırdı, hər ikisi hakim sinfin iç üzünü açmaq istəyirdi. Səməd daha çox Qorki, Dostoyevski, Şoloxov, Tolstoy, Lermontov kimi rus yazıçılarının, o zamanlar dünyada çox populyar olan Sartr və Kamü kimi böyük yazarların əsərlərini oxuyardı. Həmçinin Steynbek və Heminqueyin əsərlərini istər orijinalda, istərsə də farscaya tərcümədə oxumuşdu. «Qəzəb salxımları» kitabının müəllifi Steynbek Vyetnamın işğalına haqq qazandırana və Vyetnam müqavimət hərəkatını pisləyənə qədər Səmədin sevimli yazıçısı idi, amma ondan sonra yox.
- İnqilabdan əvvəl və sonra Səmədin əsərlərinin nəşri barədə nə deyə bilərsiniz?
- Hələ sağlığında Səmədin kitablarını, o cümlədən, «Parça-parça», «Ulduz və qarğalar», «Danışan gəlincik» adlı əsərlərini ilk dəfə çap edən Təbrizdəki «İbn Sina» nəşriyyatı olmuşdur. Ölümündən sonra Təbrizdəki «Şəms» nəşriyyatı həm onun çap olunmuş kitablarını təkrar nəşr etdi, həm də çap olunmamış əsərlərini yayınladı. Ardınca Tehrandakı «Dünya» və «Ruzbehan» nəşriyyatları bu işi davam etdirdilər. Həmçinin Səmədin Behruz Dehqani ilə birlikdə topladığı iki cildlik «Azərbayan nağılları» kitabı inqilabdan qabaq «Nil» nəşriyyatında işıq üzü gördü. İnqilabdan sonra isə Təbrizdəki «Behrəngi» nəşriyyatı Səmədin əsərlərinin çapını öz üzərinə götürdü.
- Səmədin bəzi hekayələrinin əvvəli və sonu onların bir silisilə olduğunu göstərməkdədir. Bunu necə izah edərdiniz?
- Bu barədə bir şey deyə bilmərəm. Görünür, bu yazıçının üslubu ilə bağlı məsələdir.
- Səmədin səfərləri və müasiri olmuş yazıçılarla tanışlığı barədə nə danışa bilərsiniz?
- Səməd xaricə getməyib, İranda da çox az şəhərlərdə olub. Bəlkə də çox yaşasaydı, daha çox səfər edə biləcəkdi. Azərbaycan (Güney Azərbaycan – M.M.) yeganə bölgədir ki, Səməd onun hər yerini gəzib. Onun Azərbaycan kəndləri barədə yazdığı məqalələr bu səfərlərin nəticəsidir. Səməd müasiri olan və qələmi ilə öhdəlik daşıyan yazıçıların əksəriyyəti ilə tanış idi: Cəlal Ale-Əhməd, Qulamhüseyn Saidi, Əhməd Şamlu, Foruğ Fərruxzad və bir çox başqaları ilə.
- Uşaqlıq və yeniyetməlik çağlarında Səmədin mütaliəyə həvəsi necə idi və nəyi oxuyurdu?
- Uşaqlıqda Səmədlə mən pulsuzluqdan çox kitab ala bilmirdik. Amma dostlarımızdan və kitabları kirayə verən dükanlardan götürürdük. Əlimizə nə keçirdisə, oxuyurduq. O vaxtlar uşaqlar üçün ayrıca kitablar yox idi. Odur ki, biz məsələn, «Siçan və pişik» kitabını oxumaqdan xüsusi ləzzət alırdıq.
- Nə üçün Səməd ingilis ədəbiyyatı sahəsində təhsil almışdır?
- Məncə, bunun birinci səbəbi o idi ki, Səməd xarici dil öyrənməklə, farscaya tərcümə olunmamış kitabları oxumaq imkanı qazanmaq istəyirdi. İkinci səbəb kimi onu göstərə bilərəm ki, o vaxtlar Təbrizdəki ədəbiyyat fakültəsində bu ixtisas üzrə axşam təhsili vardı və daha rahat oxumaq mümkün idi.
- Nə üçün Səməd türkdilli yazıçıların əsərlərinin tərcüməsinə xüsusi diqqət yetirirdi?
- Bunun da iki səbəbi ola bilər. Birincisi, Səməd türk dilinin tanınmasına çox əhəmiyyət verirdi və türkdilli ölkələrdə hansı ədəbi proseslərin getdiyini göstərmək üçün orada yaranan əsərlərin tərcüməsinə çalışırdı. İkincisi, Səməd Türkiyə və Azərbaycan türkcəsini yaxşı bilirdi və onların zəngin ədəbiyyatı ilə tanış idi, odur ki, bu dillərdə yazılmış kitablardan asanlıqla faydalanmaq imkanına malikdi.
- Səmədin əsərlərinin son nəşrləri barədə nə deyə bilərsiniz?
- Əlbəttə, həm inqilabdan qabaq, həm də sonra Səmədin kitabları dönə-dönə nəşr olunub və bunları sadalamaq mümkün deyil. İndi isə Təbrizdəki «Behrəngi» nəşriyyatı «Səməd Behrənginin tam külliyatı»nın çapına başlayıb və artıq üç cild nəşr edib.
- «Balaca qara balıq» hekayəsinin uşaqlar üçün yazılmasına baxmayaraq, əhalinin müxtəlif təbəqələri arasında populyar olmasının səbəbi nədir?
- Düşünürəm ki, bunun səbəbini hekayənin cəlbediciliyində, onda işlənmiş sözlərdə, toxunulmuş mövzularda axtarmaq lazımdır. Bir də o vaxtadək «Balaca qara balıq» kimi alleqorik hekayə çap olunmamışdı. Bu kitab məhz o dönəmdə işıq üzü gördü ki, çoxları ölkəni keçmiş rejimin əlindən qurtarmaq üçün bir iş görmək istəyirdilər, amma qalmışdılar ki, hansı yolla getsinlər və hansı səmtə hərəkət etsinlər. Balaca qara balıq onların yolunu işıqlandırdı və onlar başa düşdülər ki, dənizə yol tapmalıdırlar. «Balaca qara balıq» hansı yolla getməyi də göstərirdi, buna görə də onlar yola düşdülər və «Balaca qara balığ»ın yolu başında bir sevda dolanan kəslərin yolu oldu. Məncə, bu kitabın təkcə uşaqlar tərəfindən deyil, böyüklər tərəfindən də sevilməsinin səbəbini müəyyən qədər izah edə bildim.

SÖHBƏTLƏŞDİ: HÜSEYN ABDULLAHİ

Farscadan tərcümə: Məsiağa Məhəmmədi

Qaynaq (fars dilində): http://habdollahi.blogfa.com/post-19.aspx

Baxış sayı: 89
Açar sözlər:
Bookmark and Share

İsmayıl Cəmili. YENƏ OXULLAR AÇILIR

Yenə oxullar açılır,
Yadlaşmağı öyrətməyə.
Yurdumuzun balaları,
Özgə dildə ağzın əyə.

Yenə başlır göz önundə,
Kimliyimiz talan olsun.
Füzulinin, Nəsiminin
Çiçək dolu bağı solsun.

Doğma, dadlı «yuxu»muzu
Yad istəyir «xab» eləsin.
Ayna bulaqların «su»yun
Bulandırıb «ab» eləsin.

mekteb 


«Bacı», «qardaş» unudulsun,
Əziz «ana»m «madər» olsun.
Heydərbaba qan ağlasın,
Şəhriyarın gözü dolsun.

Xəzan çağı bağlar kimi,
Varlığımız yarpaq tökür.
Öz dilimiz susdurulur,
Özgə dili qulaq sökür.

Yenə oxullar açılır,
Varlığımız dustaq ola.
Talan olan yurdumuzda,
Ana dilim yasaq ola.

Baxış sayı: 87
Açar sözlər:
Bookmark and Share

ONLAR ÖZ QƏLƏMLƏRİNİ İSTƏYİRLƏR

ƏLİRZA CAVANBƏXT QULUNCU,
ASMƏK-in sözçüsü

İran İslam Respublikasının məhkəmə və təhlükəsizlik orqanları illərdir ki, (Güney) Azərbaycanın yazıçı və şairlərini hədəfə götürüb. Söhbət onların kitablarının senzuraya və çək-çevirə məruz qalmasından getmir. Təhlükəsizlik Nazirliyinin xəbərdarlıq qurumuna vaxtaşırı çağırışlar, evdə axtarış, heç bir hökm təqdim etmədən həbs, vəkil olmadan və ailə üzvləri ilə görüşə icazə verilmədən təkadamlıq kamerada uzun müddət saxlama, fiziki və mənəvi işgəncələr onları peşman etmək məqsədi güdür. Sonuncu dəfə də onların özəl həyatlarına hücum etmişlər.
İran İslam Respublikasının təhlükəsizlik qüvvələri çərşənbə günü, şəhrivər ayının 20-də (sentyabrın 10-da) axşam tərəfi Tehranın Nəvvab küçəsində keçirilən bir iftar mərasiminə qəfil hücum çəkərək, heç bir order təqdim etmədən 19 nəfər azərbaycanlını həbs etmişlər ki, onlardan beşi (Güney) Azərbaycanın tanınmış şair, yazıçı və jurnalistləridir: Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı (Məhəmmədi) və Mehdi Nəimi Ərdəbili hal-hazırda Evin zindanının 209-cu bölümündə saxlanırlar. Bir həftə keçsə də, onlar öz ailələri ilə heç bir əlaqə (hətta telefonla da) saxlaya bilməmişlər. Şəhrivər ayının 25-də (sentyabrın 15-də) İnqilab məhkəməsinə müraciət edən Əlirza Sərrafinin həyat yoldaşı Vəcihə xanıma demişlər ki, əri Evində təkadamlıq kamerada saxlanmaqdadır. İnqilab məhkəməsinin müstəntiqi Mətin Rasix ona bildirmişdir ki, həyat yoldaşı müdafiəçi vəkilə malik ola bilməz.

mehbus_yazarlar


Onların hamısı, Əlirza Sərrafi istisna olmaqla, əvvəllər də Evin həbsxanasında təkadamlıq kamerada müvəqqəti olaraq saxlanmışlar. Əkbər Azad isə Təbriz və Əhər həbsxanalarında da dustaq olmuşdur.
Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad və Mehdi Nəimi Ərdəbili həm də Azərbaycan türk dili, folkloru, tarixi və ədəbiyyatı müəllimi kimi məşhurdurlar. Bu dəstənin ən gənc üzvü, şair və «Sav» dərgisinin redaktoru Mehdi Nəimi yaşadığı Tehran şəhərinin universitetlərindən əlavə, bir neçə digər universitetin, o cümlədən, Sənəndəcdəki Kürdüstan universitetinin azərbaycanlı tələbələrinin dəvətini qəbul edərək onlara dərs keçib. Mən 2001-ci ildə Tehranda əsgərlikdə olarkən, Həsən Raşidinin turk dilinin qrammatikasına, Əlirza Sərrafinin isə Azərbaycan şifahi xalq ədəbiyyatına dair dərslərinin tələbələr tərəfindən necə coşqu ilə qarşılandığını Tehrandakı Xacə Nəsir universitetində öz gözlərimlə görmüşəm. Həmin dərslər tələbələrin «Çağrı» mədəni araşdırma ocağı («Çağrıkam») tərəfindən təşkil olunurdu.
Əlirza Sərrafi, Həsən Raşidi və Əkbər Azad «Varlıq» jurnalı redaksiya heyətinin üzvü olaraq, dərginin nəşr olunduğu ilk illərdən onunla əməkdaşlıq etmişlər. «Varlıq» mədəniyyət dərgisi doktor Cavad Heyətin rəhbərliyi və baş yazarlığı ilə 1979-cu ildən Tehranda iki dildə (türkcə və farsca) müntəzəm surətdə nəşr olunur. Bu jurnal bütün türkdilli ölkələrdə tanınır və ərəb əlifbası ilə türk yazısının vahid qaydasının işlənib hazırlanmasında mühüm rol oynamışdır.
…Və Səid Muğanlı. O, bu yaxınlarda türk şeiri üzrə «Qızıl Alma» adlı İnternet festivalında birinci yer tutmuşdur. O, (Güney) Azərbaycanın milli ruhlu gənclərinin ən sevimli şairlərindən biridir. Onun poeziyasındakı musiqinin ritmi (səslər və anlamlar) kimlik tələb edən Azərbaycan gəncinin hiss və həyəcanlarının aynasıdır. Bu gənc Əhməd Kaya və Ozan Arifin nəğmələrini eyni vaxtda dinləyir, Atilla İlhanla Nazim Hikməti bir yerdə oxuyur. Necə şirin bir təzad! Muğanlı həmçinin «Yaşmaq» dərgisinin baş redaktorudur.
«Yaşmaq» ədəbi jurnalı, nəşri dayandırılmış aylıq «Dilmac» dərgisi, «Varlıq» jurnalı, «Firəngiz ilə qırmızı don», «Dilimizin sadə qrammatikası», «Türk dili və onun İranda keçmiş və indiki durumu», «Türklər və onların İranda tarixi, dili və kimliyinin araşdırılması», «İranlıların etnik müxtəlifliyi və milli kimliyi» kitabları onların işlətdiyi «günah»ın nümunələridir. Amma görəsən, cənab prokurorun məzmunu məhv etmək istədiyi dil və mədəniyyətdən ibarət olan «cinayət işi»ni oxumağa həvəsi olacaqmı? Mehdi Nəiminin də «cinayət sənədləri» hazırdır: tərtib etdiyi «Azərbaycan türkcəsinin qrammatikası» dərs vəsaitini şagirdləri saxlayıblar. Bu şagirdlər yeddi yaşlarını çoxdan arxada qoyublar, amma ilk dəfə olaraq ana dilində yazmağı öyrənirlər. Bəziləri həmin dərsliklə özlərinin yeddi-səkkiz yaşlı uşaqlarına da dərs keçirlər.
(Güney) Azərbaycanın qandallanmış qələmləri təkcə bunlar deyil. Həmid Arğış (Rüstəmi) dörd aydan çoxdur ki, Xoy zindanında əsirdir. «Qarlı Ərk» və «Və sənin hekayələrim» toplularının müəllifi Xoy İnqilab məhkəməsinin hökmünə əsasən, daha səkkiz ay da keçəndən sonra azadlığa çıxacaq. Amma bu ehtimal edilən azadlıqla da onun əsirliyi bitməyəcək. Çünki məhkəmə onun barəsində iki il müddətinə Bicara sürgün hökmü də çıxarıb və üstəlik, əsərlərinin nəşrinə üç illik qadağa qoyub. «Əsərlərin nəşrinə üç illik qadağa» onu göstərir ki, Arğışın hekayələr toplusu da «ağır cinayət sənədi» olub! O, 1385-ci il isfənd ayının 2-də (21 fevral 2007-ci il), Dünya Ana Dili Günündə, nümayişdə iştiraka cəhd ittihamı ilə saxlanılıb (həmin gün Xoy küçələrinə çoxlu polis qüvvələri yeridildiyindən və onlarla insan həbs edildiyindən, nümayiş baş tutmamışdı). Həmid Arğış istəyirdi ki, nümayişə qatılsın və məktəblərdə Azərbaycan dilində dərs keçilməsini tələb etsin. Ümidvaram ki, oxucularının ana dilində təhsil problemi olmayan yazıçılar Həmid Arğış kimilərini anlaya biləcəklər. Onlar öz oxucularının dil problemi ilə məşğul olmağa məcburdurlar. Məgər oxucu hər bir əsərin ikinci müəllifi deyilmi?!
Ey azad jurnalistlər, yazıçılar və şairlər!
Onlara kömək edin ki, öz qələmlərini geri alsınlar. Həmid Arğış illərdir ki, bir kitab çap etdirməyib. «Dilmac» aylardır ki, nəşr olunmur. Əgər Həsən Raşidi türk dili, yaxud Azərbaycan gənclərində kimlik böhranı barədə bir şey yazmaq istəsə, bunu necə edəcək? Bəs Əkbər Azad özünün, yaxud hər hansı başqa azərbaycanlının uşaqlığından daha bir hekayə yazmaq istəsə?! Ola bilər ki, Mehdi Nəimi türk dilinin ahəng qanununa dair daha anlaşıqlı misallar gətirməklə, öz dərsliyində dəyişikliklər etmək istəsin. Eləcə də Səid Muğanlı: oxucuları ondan Təbrizin «dolanbadolan» küçələrinin yeni təsvirlərini gözləyirlər…
Onların kitab və nəşrlərini az senzura etməyiblər, amma onlar sözlərinin qayçılanması əzabına dözərək, yazıb-yaratmağa davam ediblər. Onlar yazmağa qələm istəyirlər. Onlara kömək edin.
Ey yeddi il ana dilində danışdıqdan sonra başqa bir dildə oxumağın əzabını dadanlar! Siz onları daha yaxşı başa düşməlisiniz! Yaxud belə bir dərdi olmayanlar! Siz ki ən azı yeddi yaşda ana dilində oxuyub-yazmağın şirinliyini dadmısınız!..
Onlar öz qələmlərini istəyirlər, onlara kömək edin.

Farscadan tərcümə: Məsiağa Məhəmmədi

Baxış sayı: 136
Açar sözlər:
Bookmark and Share

Əsədullah Əmiri. AĞDAĞ KİMİ VÜQARLI

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Tehranda iftar məclisinə toplaşmış 20-yə yaxın azərbaycanlı islamçı rejim məmurlarının qəfil hücumu ilə həbs edilmişdir. Aralarında qadın və uşaqların da olduğu, necə deyərlər, ağzı oruclu dindaşları iftarını açmağa belə macal verməyib həbsə atmağın hansı islama uyğunluğunu İranın dini rəhbərlərinin və onların təəssübkeşlərinin vicdanına buraxaraq, qeyd edirik ki, sonradan tutlanlardan bir neçəsi azad olunsa da, Güney Azərbaycanın Əlrza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı kimi bir sıra dəyərli ziyalıları hələ də bədnam Evin zindanında saxlanmaqdadır. Onların arasında “Ulus” dərgisinin redaktoru Hüseyn Heydəri də vardır. Hüseyn bəyə həsr olunmuş və “Alma yolu” saytında yer almış aşağıdakı yazını ərəb əlifbasından latına çevirməyim ulus qeyrəti çəkən oğullarımızı daha yaxından tanımaq və tanıtmaq istəyindən doğdu. Zatən bu kiçik, amma dolğun yazı Hüseyn bəyin yolunda çarpışdığı ulusun taleyi və durumu haqqındadır. 

 huseyn_heyderi

Yazın bir günündə səninlə ilk tanışmamız...
Qaraqana düşünürkən, beynimdə bu adlar san gedir: Əli Kəmali, Əkbər xan Rəzzaqi, Qeybəli, Məsihullah Rzayi, Ramazan Baqi, Dərviş Behrəvan, ... və Hüseyn Heydəri.
Hüseynə düşünürkən, Ulusum gözüm önünə gəlir, “Ulus”umun sorumlusu olan Hüseyn Heydəri.
“Ulusum vay, ərdəmim vay, elim vay!”
Hüseyni görəndə sanki Əli Kəmalini gördüm: Tehran universitəsi, yüksək lisans, ... və əlbəttə, neçə ostana parçalanmış Qaraqan.


Qaraqan Həmədanın Rəzənində “dehistani-Xərəqan”, Savada “bəxşi-Xərəqan” və Qəzvində “Xərəqani-şərqi” və “Xərəqani-qərbi”yə bölünsə də, hələ dağları bir-birinə dayaq, çayları bir-birini coşduran və igidləri bir-birinə arxalıdır. Hələ müqəddəs İnciqara dağı Ağdağ, Qırağıdağ, Təkidağ və ...dağla birlikdə Qoşa günbəzləri qoruyur. Hələ İstisu Acıçayı qızdırır. Adlar dəyişdirilsələr də, hələ “Abgərm” – İstisu və “Rudşur” – Acıçaydır bizə.
Mən Qaraqanın parçalanmasına düşünəndə sən birləşməsinə, sən Qeybəliyə düşünəndə mən Tilim xana düşündüm və sən onların Avada deyişmələrinə. Ava gədiyindən Tilim xan gədiyinə yol saldıq, İnciqaranı aşıb Qırxbulaqdan söz açdıq və “Çeşmeəli”yə dönmüş Əli bulağından su içdik. Mövlamız Əliyə sığınaraq Çanaqçıdakı ələvilərə sayğımız olarkən, Misirqanda Əkbər xana fatihə oxuduq.
Həkimin beşinci qurultayında Mərəğəyə qonaq gəldin. Əhvalını sora bilmədim. Vaxtın azlığından məqalənlə Tilim xan və Qeybəlini deyişməyə sala bilmədin və mən üzüldüm. Sonra Kəmali məhzərində qərarlaşdıq, söz açdıq, söz verdik: Qaraqana düşünək, ulusa, elə, Azərbaycana düşünək.
Və indi...
Sən ordan çıx, mən burdan...

Qaynaq (ərəb əlifbasında): http://www.hbayat.azerblog.com/

Baxış sayı: 79
Açar sözlər:
Bookmark and Share

Kiyan Xiyav. SAĞÇI-SOLÇUDAN UZAQ

HEY VƏTƏN, HE…Y!
HEY GÖVDƏSI QINSIZ QILINCLAR ÖNÜNDƏ ÜRYAN VƏTƏN!...

Ax, bu böylə güllə olan yerdə
Bir mənim döşümdə gül açmazmı
sağçı-solçu hay-küyündən uzaq yerdə?!
Dostlarımın biri qaçqın,
biri köçkün,
biri didərgin, biri sürgün.
Bu gün hankı torpağı nəfəs çəkirəm mən?
Hankı yazı yağmalanan ağacları?
Əllərim öz tüfənginin lüləsindən asılı qalmış,
dillərim öz qılıncının ucundan.
Bıçağı öz dəstəsi də kəsərmiş, a…h!
Ağacı öz içindən də qurd yeyərmiş!

duz_yol 


Və siyasət meydanında
ideallar reallarmış sən demə,
və reallar – ideallar.
Və ağızlarla əllərin arasında
insan dərdi boyda bir uçurum varmış.
Keşkə bilə biləydim bir
hardan saracaq məni bu eybəcər heykəllər?

Tanrının gözündən iraq
saxta sözlər məçidləri sulayır.
Və küçələr
kirəclənmiş quduzların qıynağında oyuncaqdır.
Bəlkə də ölüm öz içimdəymiş, nə bilim?
bəlkə də zülüm öz içimdə,
böylə ki mən aldanmağa qoçaqlandım
və öz əlimlə doğrayırkən özümü
günhagün uğradım qara düşüncələrə sarı.
Amma hələ unutmamışam:
O gün çıraqlar yaşıl olmadan da
xiyavanın bu tayından o tayına keçə bildik.
Və naçar yabançı əllər
ürəyimizin başından kürəyimizə köçdülər.
Və hamımız bilirdik ki,
olamasaq, ölərik.

İndi ki mən
yaşantını ciblərimin yamağı tək yamayıram özümə,
ah, nədən bilə bilməyim gərək
bu kimin iynə-sapıdır?

Əslən bunlar
bu öz gördüyüm yuxuları mənə yozanlar
kimlərdilər?!
Artıq ölüm gəlmiş alayıma
və məni baltalayan
görəsən, öz xol-budağım deyilmi?

Hey Vətən, he…y!
Hey gövdəsi qınsız qılınclar önündə üryan Vətən!
Kütləmi hankı bahaya satdınmı?
Və yerli-dibli gedən
sonra qürbət axşamlarına sıxnaşan balalarına necə qıydın?
Bu gün daha
dinlə mənim əllərimin yoxsulluğa yönəlmiş dolaylarını!
Yoxsa hər gün çəkildiyin sağla solun ortasında,
yaram kimi dərin düşmüş dərələrə tulla məni!
Sonra üstümü dostlar xatirəsiylə doldur!
Məni öz qan-qadalarıma burax!
Öz içimdə və dışarımda olan yalnızlığıma!
Və quyla öz həsrət dağarcığımda!
Fəqət
köksümdən bir pəncərə aç
hərdən qəzetlərdə qopan
dostların tufan xatirəsinə!
O itkin axarlara
və torpaq
və insan qoxulu baxarlara!
Ax, ax!
Doğrudan da bu böylə mərmi olan yerdə
biri mənim qabırğamda qor olub çırtlamazmı
sağçı-solçu hay-küyündən uzaq yerdə?!

Baxış sayı: 78
Açar sözlər:
Bookmark and Share

Hadi Qaraçay. AÇIQ MƏKTUBA SAÇIQ MƏKTUB

Seymur Baycanın son yazısına və əvvəlki yazılarına qısa şərh 

Ölkəmizin polisi gör necə də biabırcasına kobudmuş. Deyirəm, bəlkə Mahmud Əhmədinejadın polisindən bizimkilərə əxlaq-etik öyrətmək üçün yardım istəyək?
Axı Güney Azərbaycan yazıçılarına orada ”Türke-Xər”(Eşşək Türk) deyilə bilər, ancaq “Ə” kəsinliklə deyilməz. Özü də görünən bu “Ə” elə-belə “Ə” deyil ha!! Uzanıb harayadək gedə bilən, alçaldıcı bir “Ə Ə Ə Ə Ə Ə” dir. Yox canım, belə alçadıcı sözlər nə oranın mətbuatında gedə bilər, nə də kiminsə ağzından eşitmək olar.
Dedim-dedi formasını yorucu gordüyüm üçün və sayın editor Zahir Əzəmətin təcrubəsini bəyəndiyim üçün dialoqda Seymura qarşı olanın səsini boğdum, dediklərini də burda gətirmədim. Sizsə mənim verdiyim cavablardan onun da hansı yuvanın quşu olduğunu biləcəksiniz…
Güney Azərbaycanlılar orada Seymur bəy demişkən, rahat yaşayırlar, daha doğrusu, Sabir Rüstəmxanlı qoyarsa, rahat yaşaya bilərlər…..!
İnanmırsız?..
Zəng vurun Əlirza Sərrafidən soruşun, Səid Muğanlıdan, Həsən Raşididən soruşun!  

hadi_qarachay 


Zindandadırlarmı?
Önəmli deyil, gözləyin, İran polisi onları salam-salavatla buraxanda soruşarsınız.
Necə olursa-olsun, Seymur özümüzünküdür, yalan danışmaz.
Seymur Baycan cənablarının yazılarına şərh qoymaq olmadığı üçün keçmiş yazılarına olan münasibətimi də elə burada, qıcaca və birlikdə bildirmək istədim. Ağzına-ağlına gələni yazıb da ”EDİTOR”un yaratdığı kölgədə özünü yelləyən bu ”AYDIN”lara, bu cəsarətli yazıçılara, ”ə” deyənin ağzını cırmaq lazımdı.
O kobud polisin yerinə də mən sizdən üzür diləyirəm, belə nazlı bir yazıçıya ”ə” deyənin ağzını ya allah əyər, ya da M.Əhmədinejadın polisi. Doğrusu, bunlar sadəcə Seymura yazıldı..
Vaxtını aldığım bütün oxucuların bağışlayacağını umuram.