Seyid Mircəlil. CAVİDAN OYANDI
Mesiha İyun 20, 2008 5:34Güney Azərbaycanda "Seyid" adı ilə məşhur olan şair Mircəlil 1959-cu ildə Muğan bölgəsində – Germidə doğulub. Uşaq ikən ailəsi ilə birgə Parsabada köçüb. "Qanlı Günəş" ("Babək" poeması) adlı ilk kitabı 2005-ci ildə işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Aşağıdakı şeir həmin poemadan bir parçadır.
Atların kişnəsi qovzandı yenə, düşdü savaşlar,
Nizə-xəncər savaşında kəsilib oynadı başlar,
Toqqaşır başlara daşlar,
Vurulur nizəyə başlar.
Nə qədər töksə də qan doymayacaqdır gözü aclar,
Qana dönsün belə taclar,
Yolunur zülm ilə saçlar.
Bağlayıb qol-qola düşmən aparır qızları bir-bir,
Dinənin, dinməyənin batmada ulduzları bir-bir,
Qızarır üzləri bir-bir,
Yumulur gözləri bir-bir,
Seçilir düzləri bir-bir.
Yaramazlar görüsən tez əkilir yüzləri bir-bir,
Titrəyir dizləri bir-bir,
Dəyişir sözləri bir-bir.





