"MİLLƏT AZADLIĞINI ÖZÜ QAZANMALIDIR"
Mesiha İyun 14, 2008 12:521945-46-cı illər Güney Azərbaycan Milli Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvərinin nəvəsi, Harvard universitetinin doktoru, Dubaydakı Amerika Universitetinin psixologiya müəllimi İbrahim Pişəvərinin "Turan" agentliyinə müsahibəsi
- İbrahim bəy, öncə özünüz barədə oxuculara məlumat verərdiniz?
- Əvvəlcə onu deyim ki, uzun müddət Ənzəlidə yaşasaq da, əslən Xalxallıyıq, bizimkilər sonradan Ənzəliyə gəliblər və atam burada gəmi kapitanı olub. Özüm isə aşağı-yuxarı 30 ildir ki, ABŞ-da yaşayıram, İran və Azərbaycan tarixilə bağlı bilgilərə bələdəm və hər iki Azərbaycanın ictimai həyatında yeri olan Dünya Azərbaycanlıları Konqresinin təsis konfransından Strasburqdakı 6-cı qurultayına qədər olan tədbirlərində iştirakçı olmuşam. Azərbaycanın tarixində çox şərəfli insanlar və liderlər var, həm də İranın dövlət olaraq yaranmasında azərbaycanlıların xüsusi rolu olub və düşüncəmə görə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani bu liderlər sırasında ilk yerləri tuturlar. 






