Mehran Bahari. İRANDA TÜRKLƏRİN YAŞADIĞI MƏNTƏQƏLƏRİN ÜMUMİ SİYAHISI
Mesiha İyun 29, 2008 5:18Adəti üzrə bir çox farslar, xüsusən məmurlar, siyasətçilər və qələmi ilə onlara xidmət edənlər fars dili üçün «milli», İranda yayılmış digər dillər üçünsə «məhəlli» sifətini işlədirlər. Əslində fars millətindən olan dövlət adamları və qanunvericilərin öz dillərini, hətta hər hansı başqa bir dili milli dil kimi (ünsiyyət dili kimi yox) müəyyənləşdirməyə haqqı olub-olmaması məsələsinin ölkədə ən geniş miqyasda müzakirəyə ehtiyacı olsa da, mən indilik İranda türk dilinin «məhəlli dil» olması iddiasını araşdırmaq niyyətindəyəm və mətləbi uzatmadan «İran türklərinin milli coğrafi lüğəti» kitabından bir hissəni aşağıda nəql edirəm. Bu kitabdan aydın olur ki, türk dili ölkənin cənub-şərqində, yəni Pakistanla sərhəddə yerləşən bir bölgədən savayı, İranın bütün ərazisində tarixi və təbii surətdə yayılmışdır. Ölkənin bütün ərazisinə yayılmış yeganə dil olan türk dilinin «məhəlli» adlandırılması əgər İranın etnik coğrafiyasından xəbərsizlikdən irəli gəlmirsə, onda hakim millətin ifrat şovinist meyllərinin təzahürüdür. Hər iki halda bu yanlış iddianın İran qanunlarında, o cümlədən, mövcud reallığın əksinə olaraq özbaşına surətdə fars dilini «milli», türkcəni isə «məhəlli» deyə təqdim edən Əsas Qanunda əksini tapması, şübhəsiz, böyük xətadır, ölkə və onun əhalisi üçün problem yaradan bir məsələdir.









